Azərbaycanın Baş naziri Bakıda keçirilən beynəlxalq konfransın nümayəndələri ilə görüşüb

 

Oktyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti-Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın nümayəndələri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Əfqanıstanın nəqliyyat nazirlərinin, habelə Ukrayna, Belarus, Litva, Xorvatiya, Qazaxıstan və digər ölkələrin müvafiq qurumlarının rəhbərlərinin iştirak etdikləri görüşdə Baş nazir Artur Rasizadə son illər respublikamızın əldə etdiyi iqtisadi uğurlardan danışaraq, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir çox ölkələrin iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayıb.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin ümumən regionun geosiyasi xəritəsində oynadığı mühüm rola toxunan Baş nazir qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Artur Rasizadə Ermənistanın təcavüzkar niyyətlərinin regional əməkdaşlıq və birgə layihələrin icrası üçün maneə olduğunu nəzərə çatdıraraq, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.

Görüşdə çıxış edən qonaqlar regional əməkdaşlığın inkişafı və nəqliyyat infrastrukturunun yeniləşməsi baxımından Bakı konfransının xüsusi əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəstəklədiklərini, bu layihənin Avrasiya məkanında sərnişin və yük axınının sürətli və təhlükəsiz hərəkətini təmin edəcəyini, dəmir yolu şəbəkələri ilə səmərəli inteqrasiya üçün əhəmiyyətli olacağını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S.5.