Milli Məclis bir neçə qanun layihəsinə dəyişiklik etdi

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilmişdi. Gündəlik təsdiq olunduqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayrıldığını bildirdi.

Müzakirələrdə ilk çıxış edən deputat Asəf Hacıyev dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarına məxsus daşınan malların gömrük rüsumlarından və vergilərdən azad olunmasını təklif etdi. Onun sözlərinə görə, həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün isə Gömrük Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Deputat bu dəyişikliyin vətəndaşlarımıza böyük kömək göstərəcəyini vurğuladı.

YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov isə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırlatdı və parlamentin muxtar respublika ilə bağlı hər hansısa bir müsbət qərar qəbul etməsini təklif etdi. İkinci Dünya müharibəsində Leninqrad (Sankt-Peterburq) şəhəri 4 il blokadada qalmasına görə "Qəhrəman şəhər" statusu aldı. Naxçıvan Muxtar Respublikasının isə 24 illik blokadada qalmasını və düşmənlə sərhəd olmasını nəzərə alaraq bu məsələyə bir daha diqqət yetirməyi vacib bildi.

Deputat Musa Qasımlı Milli Məclisin bütün beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentarilərinə,  dostluq qruplarına Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında məktub göndərməsini məqsədəuyğun saydı. M.Qasımlı xatırlatdı ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma soyqırımının 100 illiyini qeyd etməyə hazırlaşırlar: "Bizbundan istifadə edərək, öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".

Deputat Qənirə Paşayeva isə işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını və qəbul olunmasını təklif etdi. "Hesab edirəm ki, məhz bu qanun vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin, siyasətçilərin, dövlət adamlarının, həmçinin qondarma DQR-lə işbirliyi quran şirkətlərin qanunsuz əməllərinin qarşısını almaq olar. Deputatın sözlərinə görə, həmin qanunda bunun üçün sanksiya nəzərdə tutulmalıdır. Q.Paşayeva Avropa Parlamentində qondarma Dağlıq Qarabağ respublikası ilə dostluq qrupu yaradılmasının fonunda bu məsələnin aktuallıq kəsb etdiyini bildirdi.

 Deputat Fazil Mustafa da Avropa Parlamentində Dağlıq Qarabağ separatçı rejimi ilə dostluq qrupunun yaradılması məsələsinə toxundu. F.Mustafa belə qərarların qəbulunun qarşısının alınması istiqamətində həmkarlarının səylərini artırmasını zəruri saydı.

Deputatların çıxışına cavab olaraq spiker Oqtay Əsədov bildirdi ki, bu addım rəsmi səviyyədə atılmır: "İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Lakin rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Bu dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir məlumat yoxdur. Ona görə də rəsmi qərar olmadan münasibət bildirməməliyik".

Oqtay Əsədov onu da qeyd etdi ki, artıq dünyada ədalət prinsipi itib: "Hansı böyük qüvvə nə istəyirsə, onu da edir. Dağlıq Qarabağ məsələsindən oyuncaq kimi istfadə olunur. Ona görə də Dağlıq Qarabağ icmasını daha aktiv olmağa və fəaliyyətini  gücləndirməyə çağırıram".

Sonra sədr parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova AŞ PA-nın sessiyası barədə fikirlərini söyləmək üçün vaxt ayırdı. S.Seyidov öncə deputatların çıxışına münasibət bildirərək dedi ki, Avropa Parlamentinin tərkibində hansısa dostluq qrupunun yaradılması ermənilərin növbəti təxribatıdır: "Hamı bilməlidir ki, AP-nin siyasi partiyaları və oradakı komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz". S.Seyidov dedi ki, artıq AŞ PA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən erməni deputatların onunla işləməyəcəyini deməsi Ermənistanın necə işğalçı ölkə olmasını bir daha sübut edir. Əgər Ermənistan belə addım atacaqsa, işğalçı mahiyyətini ortaya qoyacaq. Avropa Parlamentinin deputatları əksər hallarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ona görə də ermənilər və Azərbaycanın əleyhinə olan qüvvələr Azərbaycanda insan haqları məsələsini qabartmağa çalışırlar. Azərbaycanda qaçqın və məcburi köçkünlər haqqında danışmamaq, bir-iki insanqruplar barədə danışmaq qəbuledilməzdir. Erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı belə təzyiq cəhdləri olur. Bu gün Azərbaycanın mövqeyi kifayət qədər güclüdür və belə cəhdlərin qarşısını almağa qadirik".

Deputatların çıxışlarından sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.

İlk olaraq "Hərbi qulluqçuların statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Sənədlə bağlı Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, bu dəyişiklik Miqrasiya Məcəlləsinin müddəalarına uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. Sənəd təsdiqləndikdən sonra Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq icra hakimiyyətindən rəsmi icazə almalı olacaqlar. Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahli birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Sənəd səsə qoyularaq qəbul edildi.

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında isə komitə sədri Səməd Seyidov məlumat verdi. Bildirdi ki, bu dəyişiklik konsulluq işinin daha səmərəli təşkili, vizaların verilməsi, uçotların aparılması işinə çox müsbət təsir göstərəcək.

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri dedi ki, hər iki sənədə dəyişiklik Miqrasiya Məcəlləsinin müddəalarına uyğunlaşdırmaq məqsədilə həyata keçirilir.

İclasda "Reklam haqqında" Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də eyni dəyişiklik edildi.

Sonra "Turizm haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Layihəyə əsasən, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşaya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeriya turizm yollayışı, yaxud sərnişin biletimehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə qanun layihəsi və "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də səsə qoyularaq qəbul olundu. "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında" və  "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında da Miqrasiya Məcəlləsinin müddəalarına uyğunlaşdırmaq məqsədilə dəyişikliklər müzakirəyə çıxarılaraq təsdiqləndi.

Günün ikinci yarısında gündəlikdəki məsələlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" və "Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihələrini təqdim etdi. Qeyd etdi ki, dəyişikliklər texniki xarakter daşıyır. Qanun layihələri səsə qoyularaq təsdiqləndi.

"İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Sədr müavini Valeh Ələsgərov danışdı. Bildirdi ki, qanunun 6.1-ci maddəsinin üçüncü cümləsində "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa sözləri "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə" sözləri ilə əvəz edilir. Bu qanun layihəsi qəbul edildi.

Milli Məclisin Sosal siyasət komitəsinin sədri Hadi Rəcəbli "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim etdi. Texniki düzəlişlər olunan bu qanun layihəsi də qəbul olundu.

İclasda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında və "Yol hərəkəti haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakiə olundu. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər texniki düzəlişlərdir. Digər layihəyə görə, sürücü idarə etdiyi avtomobilin hərəkətindən asılı olaraq elə məsafə saxlamalıdır ki, kəskin tormuzlama zamanı hər hansı bir qəzanın qarşısını ala bilsin.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan İqbal Ağazadə, Çingiz Qənizadə, Fuad Muradov, Ərəstun Cavadov, Siyavuş Novruzov və Məlahət İbrahimqızı yol hərəkəti qaydaları barədə fikirlərini bölüşdülər. Yekunda qanun layihəsi qəbul edildi.

Daha sonra "Notariat haqqında" qanuna və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi. "Notariat haqqında" qanuna təklif olunan dəyişikliyə görə, nəqliyyat vasitəsinin icarəyə verilməsinə  dair müqaviləni, yaxud etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu  və yaşadığı ünvanı, mobil telefon nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir.

Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklərə gəldikdə isə Əli Hüseynli bildirdi ki, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

Hər iki məsələ təsdiq olundu.

Milli Məclisin İqdisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Sosial sığorta haqqında" və "Həmkarlar ittifaqları haqqında" qanunlarda dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, dəyişikliklər sırf texniki xarakterlidir. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə "Ovçuluq haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Qeyd etdi ki, layihəyə əsasən, hüquqifiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Gündəlikdəki "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə danışan komitə sədri Əli Hüseynli dedi ki, layihəyə görə xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir. Qanun layihəsi qəbul olundu.

İclasın gedişində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında növbəti qanun layihəsi də qəbul edildi.

İclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirəyə çıxarıldı. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təklif olunan dəyişiklikləri cəmiyyəti düşündürən məsələlər  kimi qiymətləndirdi. Qeyd olundu ki, sənədə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Deputatlardan Fazil Mustafa, Elmira Axundova, Rafael Cəbrayılov və İqbal Ağazadə qanuna təklif olunan düzəlişləri yüksək qiymətləndirdilər və dəyişikliklərin gələcəkdə böyük ictimai təsirinin olacağını qeyd etdilər.

Milli Məclisin Sədr müavini Bahar Muradova da bu məsələyə münasibət bildirdi. Vurğuladı ki, dəyişikliklərin bizim həyatımıza gətirdiyi yenilik nikaha girənlərin sağlamlığı barədə bir-birini məlumatlandırmağın vacibliyini əks etdirir. Məsələnin bu şəkildə qoyulması maarifləndimə funksiyasına xidmət edəcək.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

İclasda son olaraq "Qrant haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi. Layihələrə əsasən, qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Həmçinin, müqavilə olmadanya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.

Məsələyə münasibət bildirən Bahar Muradova qeyd etdi ki, biz xaricdən gələn hər hansı naməlum maliyyəyə qapılar açacağıqsa, bu, sonradan təhlükəsizliyimizə təhdid olacaq. QHT-lərə ayrılan maliyyə mənbələrinin və onun nəyə xərcləndiyinin şəffaflığı təmin olunmalıdır.  Yerli maliyyə dəstəyini özünə əskiklik sayaraq, xarici havadarlardan qrantlar alan şəxslərin və QHT-lərin bu cür əməllərinin qarşısı alınmalıdır. Bununla kim razılaşmasa, gedib havadarlarının yanında fəaliyyət göstərsin.

Deputat Siyavuş Novruzov isə xaricdən gələn qrantların bir hissəsinin mənimsənildiyini dedi. Bunu ört-basdır etmək üçün isə cinayət əməllərinə əl atırlar.

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov bildirdi ki, dəyişikliklərin məqsədi bu sahədə qanunvericiliyi daha da təkmilləşdirmək, şəffaflığı artırmaqdır. Burada hər hansı siyasi çalar axtarmaq lazım deyil.

Bu məsələyə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da münasibət bildirərək dedi ki, xaricdən gələn hər bir maliyyənin mənbəyi, təyinatı və hara xərcləndiyi bilinməlidir.

Yekunda hər iki qanun layihəsi qəbul olundu. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S. 4.