Ekoloji təmiz və müasir texnologiyalar tətbiq edilir

 

Akim Bədəlov: "Hazırda ölkəmizin alternativ və bərpa olunan enerji mənbələri üzrə potensialı təxminən yüz min meqavatlarla hesablanır..."

 

"Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz yataqları olduğu təqdirdə nə üçün biz bu işə o qədər böyük maraq göstəririk?! Mən hesab edirəm, məhz o ölkələr ki, təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü, qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik. Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli şəkildə görülsün. Təbii ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə edək. Bu məqsədlə bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə Dövlət Agentliyi yaradılıbdır." Bu fikirlər Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səslənib.

Respublikamızın energetika sektorundakı inkişaf meyilləri birmənalı şəkildə iqtisadiyyatın digər sahələrinə də əhəmiyyətli təsirini göstərir. O cümlədən bu gün alternativ və bərpa olunan enerji mənbələri üzrə olan real vəziyyət, ölkəmizdə bu sahənin yeni olmasına baxmayaraq az müddət ərzində nəzərəçarpacaq uğurlara imza atılması əsasən energetika sektorundan dövlət büdcəsinə daxil olan vəsaitlər hesabına mümkünləşir.

Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin istifadə zərurəti və ondan nə dərəcədə yararlanmalı olmağımız haqda fikirlərini bölüşən Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dedi: - Nəzərə almaq lazımdır ki, biz bu planetdə vahid bir ölkə deyilik və beynəlxalq aləmdə bizi əhatə edən şəbəkələr, qurumlar var.  Təsadüfi deyil ki, hazırda dünyanın bir çox ölkələrində, ələlxüsus da inkişafda olan Avropa ölkələrində, Amerikada bu sahəyə xüsusi diqqət yetirilir. 2007-ci ildə Avropa İttifaqı tərəfindən proqramlaşdırılmış fəaliyyətlər çərçivəsində müvafiq sahənin prioritetləri müəyyənləşdirilib. Bizim ölkə də alternativ və bərpa olunan enerji mənbələri üzrə bir sıra öhdəliklər götürüb. Üzərimizə düşən vəzifələrin həllinə yüksək səviyyədə nail olmaq üçün istənilən ölkə üçün xarakterik olan bir sıra amillərin olması vacibdir. Bu amillər arasında ən mühüm yerlərdən biri altenativ enerji mənbələri potensialının olmasıdır. Bu baxımdan ölkəmiz böyük potensiala malikdir. Xüsusi olaraq günəş, külək (Xəzər dənizi akvatoriyası, xüsusən Abşeron yarımadası), kiçik dağ çayları, o cümlədən böyük imkanlara malik olan kənd təsərrüfatı, aqrar sektor üzrə heyvandarlıq komplekslərinin yaradılması, bioresurslarla zənginliyimiz onlardan enerji alınması imkanlarını daha da artırır. Ona görə də bərpa olunanalternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

 Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, küləyin illik orta sürəti Azərbaycanın Xəzəryanı ərazisində 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr hündürlükdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Külək enerjisini elektrik enerjisinə çevirmək üçün külək energetik qurğularından (KEQ) istifadə olunur. Bu qurğular müxtəlif - kiçik (0,1 - 30 kVt (kiloVatt)), ortaböyük gücə (0,33-5 MVt) malikdirlər. Təyinatına görə onlar müvafiq olaraq fərdi və şəbəkə qurğularına bölünürlər. Kiçik gücə malik olan KEQ-lər əsasən fərdi elektrik tələbatçılarını (fərdi və bağ evlərini, kiçik fermer təsərrüfatlarını, müxtəlif məişət xidməti obyektlərini və s.) elektrik enerjisi ilə təchiz etmək üçün istifadə olunur. Ortaböyük gücə malik olan KEQ-lər isə yüksək gərginlikli elektrik sisteminə qoşularaq, onun dayanıqlı və fasiləsiz işləməsinə şərait yaradır.

Azərbaycanın iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrikistilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Ölkəmizdə  günəşli saatların miqdarı il ərzində 2400-3200 saatil ərzində 1 kvadratmetr Yer səthinə düşən günəş enerjisinin miqdarı  1500-2000 kVt-saatdır. Artıq "AzGüntex" zavodunda  günəş modulları istehsal olunmağa başlanıb. Yaxın gələcəkdə LED lampaları xətləri də fəaliyyət göstərəcək. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-ya qədər olan və 60 fotoelementlə təchiz edilən  panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. Bərpa olunan enerjinin tətbiqi zamanı istifadə olunan əsas çeviricilərdən  biri də LED lampalarıdır.  Yeni nəsil işıqlandırma sistemi olangeniş yayılan bu LED lampalar enerjiyə qənaəti və uzun müddət ərzində istismar olunması ilə fərqlənir. Müəssisənin tam işə düşməsindən sonra burada il ərzində 240 min günəş paneli və 12 milyon LED lampası istehsal olunacaq.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səyyar laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriya alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək üçün yaradılıb. Laboratoriya ən müasirxüsusi avadanlıq, həmçinin avtonom enerji mənbəyi ilə təchiz olunub. Respublikanın müxtəlif yerlərinə aparılan laboratoriyanın köməyi ilə həmin ərazidə günəş, su, külək elektrik stansiyasının quraşdırılmasının səmərəliliyi yoxlanılır.

Akim Bədəlov eyni zamanda bildirdi ki, enerji potensialının olması heçbu sahənin inkişafının tam şəkildə təminatı demək deyil.  Bunun üçün ölkənin böyük maliyyə imkanlarına malik olması vacib şərtdir. Xoşbəxtlikdən bu baxımdan da bəxtimiz gətirib. Ölkəmiz ulu öndər Heydər Əliyevin uzaqgörən, gələcəyə hesablanmış uğurlu neft strategiyası nəticəsində böyük layihələrin icrasına nail olub. Paralel olaraq qeyri-neft sektorunda da sürətli irəliləyişlər müşahidə edilməkdədir.  Bunun da nəticəsində ölkəmizin geniş maliyyə imkanları formalaşıb. Mövcud imkanlar eyni zamanda alternativ enerji üzrə inkişafda olan ölkələrlə paralel inkişafı təmin etməyə zəmin yaradır.

Qeyd olunan sahənin müasir tələblər səviyyəsinə uyğunlaşdırılması, işlək mexanizmin yaradılması baxımından bu sahəni idarə edən peşəkar mütəxəssislərin olması da vacib şərtlərdəndir. Başlıca səbəb isə müvafiq sahənin elmlə, texnologiyalarla əlaqəliliyidir ki, bu da böyük elmi-texniki bazanın olması zərurətini ortaya çıxarır. Agentlik sədrinin sözlərinə görə, bu istiqamətdə də əsas hədəflərə çatılıb. Ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən təməlini qoyduğu akademik təhsil sistemləri, bir çox elm-texnika yönümlü institutların, laboratoriyaların yaradılması bizim inkişafımızı, elmi-texniki bazamızı formalaşdırıb. Hazırda ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən də təhsilə yetirilən diqqət öz müsbət təsirini göstərməkdədir. Artıq istər neft,  istərsə də qeyri-neft sektoru üzrə yüksək səviyyəli, dünya standartlarına cavab verən kadr potensialımız formalaşmaqdadır. Qeyd olunan amil özlüyündə ayrı-ayrı sahələrin dünya bazarı üçün rəqabətqabiliyyətli məhsul istehsalına nail olmasına kömək edir, Azərbaycanın təkcə region ölkələrindən deyil, eyni zamanda postsovet məkanında olan dövlətlərdən fərqlənməsinə təsirini göstərir. Hətta bir sıra Avropa ölkələrindən ciddi şəkildə fərqlənirik.  Müvafiq  amillər isə ölkəmizdə alternativ energetikanın inkişafına təsirsiz ötüşmür. Lakin bizim dövlətimizdə qeyd olunan məsələlərə daha böyük bir dəstək var ki, bu hətta bir çox inkişaf etmiş ölkələrdə də yoxdur. Bu, siyasi iradə, cənab İlham Əliyevin bu sahəyə daimi diqqəti, prioritet istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət yetirməsi, energetika sektorunda diversifikasiyanın tətbiq olunmasıdır.

Ümumilikdə respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsini, onun zəruri olmasını şərtləndirən bir sıra amillər mövcuddur. Bunlardan ekoloji cəhətdən təmiz elektrik enerjisinin əldə edilməsi,  enerji alınmasının diversifikasiyası, neft-qaz resurslarına qənaət edilməsi, ixracatın artırılması və sair məsələlər qeyd oluna bilər. Paralel olaraq dünyada qlobal istiləşmə prosesləri,  neftqazdan asılılığın azaldılması və sair məsələlər ortaya çıxır.

Yaxın tarixə nəzər yetirmiş olsaq görərik ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamda hansı işlərin icraya qəbul edilməsi nəzərdən keçirilərkən həm yerli, həm də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri öz həllini tapıb. Araşdırmalar zamanı məlum oldu ki, əvvəlki illərdə ölkənin alternativ enerji mənbələri üzrə mövcud potensialı tədqiq edilərkən müəyyən mübahisəli məqamlar ortaya çıxıb. Lakin agentliyin mütəxəssislərinin araşdırmalarından da göründüyü kimi, hazırda ölkəmizin alternativ və bərpa olunan enerji mənbələri üzrə potensialı təxminən yüz min meqavatlarla hesablanır. Agentliyin hədəfi bütün alternativ enerji mənbələrindən enerji almaqla, eyni zamanda  kənd təsərrüfatı və sənaye tullantılarından istifadə olunmaqla yanaşı, bu məqsədlə yeni kənd təsərrüfatı və sənaye sahələrinin yaradılmasıdır.

Ölkəmizdə olan binaların hər birinin üzərlərində günəş panelləri yerləşdirilməklə istər istilik, istərsə də elektrik enerjisinin alınması olduqca əlverişlidir. Təsəvvür edin ki, təxminən ölkə üzrə 1 milyon sosialya ictimai əhəmiyyətli binanın üzərində belə panellər quraşdırılmaqla hər birindən 10 kilovat elektrik enerjisinin alınması ümumilikdə təxminən 1000 meqavat elektrik enerjisinin əldə olunması deməkdir. Bu da bir ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət olunmasına şərait yarada bilər.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan olunub. Bu sərəncamın icrası ilə əlaqədar görülən tədbirlərdən bəhs edərkən agentliyin fəaliyyətləri də nəzərdən keçirilməlidir.

 Cari ilin ortalarında Suraxanı Günəş Elektrik Stansiyasının birinci mərhələsinin istismara buraxıldığını bildirən A.Bədəlov artıq bu güc mərkəzinin "Bakıelektrikşəbəkə"nin şəbəkəsinə qoşularaq istifadəyə verildiyini dedi. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovat təşkil edir. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovat-saatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları da xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

Hazırda Qaradağ və Suraxanı rayonlarında hər birinin gücü 2,8 MVt olan Günəş Elektrik Stansiyası tikilir. Bundan əlavə Şəki rayonu ərazisindəki Kiş çayı üzərində BMT İnkişaf Proqramının dəstəyi ilə kiçik su elektrik stansiyasının (KSES) icra işləri aparılır.  Artıq bu KSES-in şəbəkəyə qoşulma işləri həll olunmaqdadır.

Hazırda istər agentlik, istərsə də onun tərkibində olan "Azalternativenerji" MMC çox ciddi və əhəmiyyətli bir layihə üzərində aparır. Bu Samux aqroenerji yaşayış kompleksi layihəsidir ki, onun da demək olar dünyada analoqu yoxdur. Xüsusi ayrılmış ərazidə hibrid elektrik stansiyası (günəş, külək, geotermal, biokütlə) yaradılacaq. Burada maraqlı məqamlardan biri ilk dəfə olaraq biokütlənin əldə olunması üçün böyük kənd təsərrüfatı sənaye kompleksinin yaradılmasıdır. Həmçinin orada çalışacaq insanlar üçün yaşayış kompleksi inşa edilir.

Layihənin əhəmiyyətini artıran əsas amillərdən biri ondan ibarətdir ki, burada təxminən 79 meqavata yaxın enerji istehsalına nail olunması proqnozlaşdırılır. Onun da təxminən 30 meqavata qədəri elektrik, qalan hissəsi isə istilik enerjisi olacaq. Bu məqsədlə Samux rayonunda heyvandarlıq kompleksiistixanalar tikilməsi nəzərdə tutulur. Son nəticə etibarı ilə əldə olunan biokütlə elektrikistilik enerjisinə çevriləcək. Biokütləyə üstünlük verilməsinin əsas səbəbi isə hava şəraitindən asılı olaraq günəş və ya küləkli havalarla bağlı problem yarandıqda asanlıqla bu mənbədən enerjinin alınması mümkünlüyüdür. Beləliklə də rayonun elektrik enerjisi təminatı alternativ enerji mənbələri hesabına təmin oluna bilər.

Qobustan poliqonuQobustan Hibrid Elektrik Stansiyasının açılışında iştirak edən dövlət başçısı İlham Əliyev agentliyin qarşısına bu sahənin gərəkli, ekoloji cəhətdən təmiz və insanların dayanıqlı elektrik enerjisi ilə təchiz olunması baxımından  belə bir məsələ qoymuşdu ki, bu sahənin əhəmiyyəti diqqətdə saxlanılmalıdır. Dövlət başçısı demişdir: "Agentliyin işi artıq göz qabağındadır. Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək."

 Qeyd olunduğu kimi, müvafiq layihə ilk dəfə Qobustanda, növbəti dəfə  sənaye tipli olmaqla  Samux rayonunda icra ediləcək. Sırf Azərbaycan mütəxəssislərinin müəlliflik hüququ əsasında həyata keçirilməkdə olan bu layihəyə artıq dünyanın inkişaf etmiş ölkələrinin mütəxəssisləri və elmi-tədqiqat institutları maraq göstərirlər. Argentina, Qazaxıstan, İran, Rusiya və digər ölkələrdən analoji layihənin tətbiqi ilə bağlı təkliflər gəlməkdədir. Hətta bu yaxınlarda Ukrayna ilə danışıqlar aparılıb.

Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində struktur vahidləri üzrə ümumilikdə 5 milyon kilovat-saat elektrik enerjisinin istehsalına nail olunub və şəbəkəyə təhvil verilib. İlin sonuna kimi isə iki özəl şirkətin birgə səyi nəticəsində reallaşdırılan 50 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə veriləcək.

"Alternativ energetika sahəsində fəaliyyət göstərən qurum və fərdlər beynəlxalq təcrübədən daim yararlanmalıdırlar" - deyən A.Bədəlov bunun da başlıca səbəbinin müvafiq sahənin daim inkişafda olması və yeni texnologiyalardan istifadə edilməsi amili ilə bağladı. Onun fikrincə, prosesləri izləmədən elm tutumu olan belə bir mütərəqqi sahənin inkişafı qeyri-mümkündür. Agentlik həyata keçirdiyi layihələrdə əsasən Almaniya təcrübəsindən bəhrələnsə də, digər şirkətlərlə əlaqəni də istisna etmir.

Alternativ enerji mənbələrinə keçilməsi, bu sahədə görülən işlərin yüksək inkişaf tempi ölkəmizin neft-qaz sektoru üzrə böyük qənaətə nail olunmasına stimul verir. Bildiyimiz kimi, Azərbaycan artıq təbii qaz ixracını həyata keçirir və hazırda icra edilməkdə olan TANAP və TAP kimi böyük layihələr çərçivəsində gələcəkdə nə qədər çox təbii qaz ixrac olunsa, imkanlar da bir o qədər artar. Bu baxımdan alternativ enerji mənbələrinin rolu xüsusi qeyd edilməlidir. Hər 1000 meqavat elektrik enerjisinin əldə olunması üçün təxminən 1 milyard kubmetr təbii qaz sərf olunmasını nəzərə alsaq, o zaman dövlət büdcəsi üçün nə qədər böyük qənaət yaranması aydınlaşar. Eyni zamanda bu mənbələrin evlərin, sosial obyektlərin üzərində qurulması da məsafə yaxınlığı baxımından enerji itkisinin qarşısını almış olur. Belə ki klassik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi elektrik verilişi xətləri vasitəsilə bəzən yüz, hətta min kilometrlərlə məsafəyə ötürülür ki, bu da əlavə məsrəflərin yaranmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır" - kəlamını xatırladan A.Bədəlov sonda  "Energetiklər günü" münasibətilə bu sahəni canlandıran, evləri, ailələri nura qərq edən şərəfli peşə sahiblərini - energetikləri təbrik etdi və fəaliyyətlərində uğurlar arzuladı. Öz kollektivlərinə də artıq öz yerini tapan alternativ enerji mənbələri üzrə agentliyin, "Azalternativenerji" MMC-nin fəaliyyətində böyük zirvələr fəth etmələrini dilədi.

 

Əli SƏLİMOV,

Azərbaycan.-2014.- 19 oktyabr.- S.12.