Səlim Müslümov Avropa Şurasının seminarında çıxış edib

 

Oktyabrın 17-də İtaliyanın Turin şəhərində Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı tərəfindən Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə əlaqədar seminar keçirilib.

Avropa ölkələrinin ayrı-ayrı hökumət qurumlarının, QHT-lərinin iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi adından çıxış edib.

Nazirlikdən AzərTAc-a verilən məlumata görə, S. Müslümov son illərin iqtisadi və maliyyə böhranı şəraitində sosial hüquqlar sisteminin təmin edilməsinin Avropa məkanında xeyli aktuallaşdığını, həyata keçirilən iqtisadi strategiyalarda sosial birliyin vacib elementlərinin diqqətdə saxlanılmasının daha çox önəm kəsb etdiyini vurğulayıb. Nazir böhranın təsirlərindən qorunmaq üçün iqtisadi baxımdan zəruri sayılaraq aparılan iqtisadi islahatların bir sıra hallarda ölkələrdə sosial rifah meyarlarına zidd olduğunu, nəticədə işsizlik, yoxsulluqsosial təcrid kimi problemlərin kəskinləşməsinə, əhali arasında yoxsullaşma meyllərinə şərait yaratdığını qeyd edib. Onun sözlərinə görə, böhrandan xilas yolu kimi aparılan hər bir islahat iqtisadi baxımdan zəruri sayıldığı kimi, sosial hüquqların təmin olunması baxımından da məqbul olmalı və yoxsullaşma meyllərinin artmasına şərait yaratmamalıdır.

Avropa Şurasının Nazirlər Komitəsi üçün sosial hüquqların qorunması və təşviqinin sosial məsələlərin həllində əsas elementlərdən biri olduğunu qeyd edən S. Müslümov bildirib ki, qurumun bu sahədə fəaliyyəti kollektiv şikayətlər sistemini nəzərdə tutan Dəyişdirilmiş Avropa Sosial Xartiyası və Protokolunun icrasına, o cümlədən Avropa Sosial Təminat Məcəlləsi və onun Protokoluna əsaslanır. Bu hüquqi sənədlər üzv dövlətlərdə sosial hüquqların müdafiəsi sahəsində çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması üçün mühüm alətlərdəndir. Ona görə də Nazirlər Komitəsi həmin sənədləri hələ da ratifikasiya etməmiş üzv dövlətləri buna dəvət edir.

S. Müslümov seminarda müzakirələrin əsasən Avropa Sosial Xartiyasının yoxsulluqsosial təcridolunmadan müdafiə hüququnu təmin edən 30-cu maddəsinə yönələcəyini qeyd edib. O bildirib ki, bu maddə yoxsulluqinsan ləyaqətini alçaldan sosial təcridolunma vəziyyəti ilə bağlı üzv dövlətlərin vahid yanaşmasını ifadə edir və belə hallardan müdafiə üçün ilk məcburi insan hüquqları təminatını nəzərdə tutur. Həmin maddədə yoxsulluqsosial təcridolunma ilə mübarizədə “hərtərəfli və koordinasiyalı yanaşma”nın qəbul edilməsi tələb olunur. Bu isə məşğulluq, mənzil, təhsil, sosialtibbi yardımla bağlı kəmiyyət və keyfiyyət tədbirlərini nəzərdə tutur.

S. Müslümov seminarda aparılacaq müzakirələrin bütün üzv dövlətlərdə sosial rifah məsələlərinin həlli üçün faydalı olacağına əminliyini bildirib.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S.7.