Albaniya enerji layihələrini
Azərbaycanla
birgə həyata
keçirmək niyyətindədir
Oktyabrın
20-də Milli Məclisin Sədri Oqtay Əsədov Albaniya
parlamentinin sədri İlir Metanın başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşüb. Görüşdə Azərbaycan-Albaniya
əlaqələri və qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində müzakirələr
aparılıb.
Milli
Məclisin Sədri Oqtay Əsədov Albaniya ilə parlamentlərarası
əlaqələrin sürətlə inkişaf etdiyini
vurğulayıb. Bildirib ki, hər iki ölkə parlamentində
dostluq qrupları fəaliyət göstərir. Əlaqələri
daha da möhkəmləndirmək üçün bu
qrupların qarşılıqlı səfərlərini
artırmaq lazımdır.
Azərbaycan-Albaniya
əlaqələrinin dərin kökləri olduğunu deyən
Oqtay Əsədov xalqlarımızın bir-biri ilə qədimdən
əlaqə qurduğunu vurğulayıb. “Şahdəniz 2”
layihəsinin imzalanması ərəfəsində Albaniya
prezidentinin Azərbaycana səfərini xatırladan Sədr
ölkələrarası əlaqələrin
inkişafında dövlət başçılarının
qarşılıqlı səfərlərinin önəminə
diqqət çəkib. Bildirib ki, Azərbaycan hökuməti
Albaniya ilə əlaqələrin hərtərəfli
inkişafında maraqlıdır. Sədrin sözlərinə
görə, Azərbaycan və Albaniya hər zaman beynəlxalq
təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.
Oqtay
Əsədov icra olunan irimiqyaslı TAP və TANAP layihələrinin
əhəmiyyətindən danışıb. Onun fikrincə,
layihələrin icrası tamamilə başa
çatdırıldıqdan sonra ölkələrin iqtisadi əlaqələri
də yüksələcək.
Milli
Məclisin Sədri turizm sektorunun inkişaf etdirilməsi
üçün Albaniyada böyük imkanların olduğunu
qeyd edib və bu istiqamətdə birgə fəaliyyətin
qurulmasının vacibliyindən söz açıb. Sonra Azərbaycanın
sürətli inkişafından danışan Oqtay Əsədov
ölkəmizin Avropanın enerji təhlükəsizliyində
böyük rol oynadığını bildirib.
Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verib. Vurğulayıb ki, bu məsələdə Albaniya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bununla belə, qeyd olunub ki, Xocalı soyqırımını tanıma ilə bağlı dünyanın bir çox ölkələri və Amerika Birləşmiş Ştatlarının bir neçə ştatı kimi, Albaniya parlamenti də qərar qəbul edərsə, Azərbaycan dövləti üçün faydalı olar.
Albaniya parlamentinin sədri İlir Meta da ölkəsinin Azərbaycanla bütün sahələrdə yüksək səviyyədə əlaqələrinin olduğunu söyləyib. Bildirib ki, TAP və TANAP kimi iri enerji layihələri həm Albaniya, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır. İ.Meta qeyd edib ki, hazırda Albaniyanı bütünlüklə qazlaşdırmaq üçün baş plan hazırlanır və bunu Azərbaycanla birgə gerçəkləşdirmək niyyətindədirlər. Çünki Azərbaycan şirkətləri bu sahədə geniş təcrübəyə malikdirlər.
Daha sonra turizm, kənd təsərrüfatı və təhsil sahələrində də əməkdaşlığın vacibliyi qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Albaniya parlamentinin sədri münaqişənin sülh yolu həllinin tərəfdarı olduqlarını bildirib.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 21 oktyabr.- S.2.