Azərbaycan ilə İran bir çox sahələrdə ortaq dəyərləri paylaşır

 

Oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Movlaverdi AzərTAc-a müsahibəsində deyib ki, Azərbaycan ilə İran bir çox sahələrdə ortaq dəyərləri paylaşır.

Cəmiyyətdə bütün resurslarda ədalətli şəkildə bərabər hüququn təmin olunmasının önəmini qeyd edən Ş.Molaverdi bildirib ki, İranın siyasətinin əsas istiqamətlərindən biri də qadınların hüquqlarının bərpasıdır. Ali təhsil ocaqlarını bitirən qadınların gələcəkdə işlə təmin olunmaları istiqamətində ciddi işlərin görüldüyünü söyləyən vitse-prezident hər bir cəmiyyətdə qadınların rolunun artırılmasının vacibliyini qeyd edib.

Azərbaycan və İran xalqları arasındakı tarixi dostluq, qardaşlıq münasibətlərinin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni sahələrdə əməkdaşlığının inkişafına töhfə verdiyini deyən Ş.Molaverdi bu əlaqələrin son vaxtlar daha sürətlə inkişaf etdiyini vurğulayıb.

Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi və ənənəvi köklərə malik olduğunu diqqətə çatdıran İranın vitse-prezidenti vurğulayıb ki, qarşılıqlı səfərlər, keçirilən müxtəlif tədbirlər, görüşlər əlaqələrimizin genişlənməsinə xidmət edir.

 

Azərbaycan.-2014.- 21 oktyabr.- S.3.