Zəngəzurun yaralı tarixi

 

Üzeyir bəy Hacıbəyli 17 oktyabr 1919-cu ildə qələmə aldığı "Ermənistan və Azərbaycan münasibəti" məqaləsində Zəngəzur faciələrinə gətirib çıxaran səbəblərdən danışaraq belə qeyd edirdi: "Qarabağ erməni cəmaətinin Azərbaycan torpağında yaşarkən təbii Azərbaycan hökumətinə və qanunlarına tabe olmaq lazımdır deyə, məqül və müvafiqi-məntiq qərarından sonra erməni üsyançıları, daşnak agentləri Zəngəzur tərəfə qaçıb orada fəsadlar törətmək və şeytanətlər icra etmək üçün müsaid bir zəmin tapdılar. Şübhəsiz, Ararat barmağilə idarə olunandaşnak rəhbərliyi ilə görən bu müfsid güruhun təqib etdiyi məqsəd ortaya "Zəngəzur məsələsi" çıxarmaq idi".

Üzeyir bəy ermənilərin bitib-tükənməyən "arzuları"nın davamı olan bu məsələyə "ermənilər tərəfindən ortaya çıxarılmış "Qarabağ məsələsi"nin mabədi" kimi baxır və qeyd edir ki, "Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir".

Üzeyir bəy "Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz" deyərkən bu regionun tarixən formalaşan iqtisadi-mədəni əlaqələrinin qırılmazlığını nəzərdə tuturdu: "Zəngəzurun vəziyyəti-sövqəlceyşiyəsi və köçərilərimiz üçün yaylaq olması bunu isbata kafidir. Bunu hər kəs biliryüz il bundan əqdəm Pənah xan dəxi bildirmiş ki, Qarabağ xanlığını təşkil edərkən Zəngəzuru dəxi o xanlığın mühüm bir hissəsi həsbilə yədi-idarəsinə almışdı".

Zəngəzura olan iddialarına haqq qazandırmaq üçün orda ermənilərin 80 faizdən çox olduğunu bildirənlərin "məntiq"i ilə ölçülsə idi, gərək Ermənistanın nəzarətində olan və yalnız  azərbaycanlıların yaşadıqları bütün ərazilər Azərbaycana veriləydi və o vaxtlar ermənilərin Naxçıvana iddialarının nəyə əsaslandığını anlamaq mümkün deyildi. Bir də elə həmin dövrdə dünyaya erməni haqlarından dəm vuranların 1918-ci ilin yazında və yayında Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dəhşət doğurur. Həmin vaxtlar Zəngəzur torpaqlarında əhali yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə məhv edilir və öldürülənlərin böyük əksəriyyəti də qadınlar, qocalaruşaqlar idi.  

Erməni hökumətinin tapşırığı ilə günahsız əhalinin qanını tökən və bununla "məşhur"laşan  Andronik hələ 1917-ci il dekabrın 19-da Erməni milli şurasının iclasında bildirirdi ki, "Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma yola düşərəm... türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz rəşadətli dəstəmlə gedərəm və məni heç kəs dayandıra bilməz".

O vaxtlar milli münaqişələrdən, insan tələfatlarından bəhs edəndə ümumi rəqəmlər açıqlansa da, N.Nərimanovun haqlı olaraq göstərdiyi kimi, hər dəfə ölənlərin 99 faizini yalnız müəyyən millətin (yəni azərbaycanlıların) nümayəndələri təşkil edirdi.

1918-ci ilin yayından başlayaraq Zəngəzurda baş verən qanlı hadisələr erməni cəlladların belə qeyri-insani əməllərdə nə qədər səriştəli olduqlarını bir daha dünyaya nümayiş etdrdii. Ermənilərin Göyçə mahalında törətdiyi cinayətlər Andronikin yaxın silahdaşı, mayor Vahramın "xatirələr"ində daha aydın görünür: "Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən sonra sağ qalanların hamısını yığıb quyulara doldurasan və üstündən ağır daşlar qoyasan ki, onlar bu dünyada qalmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq onların işini bitirdim" (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i imperialastiçeskaya voyna 1914-1918q. Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, ¹4 səh. 50).

"Azərbaycan" qəzetinin 1919-cu il 14 (1) yanvar tarixli sayında qeyd edildiyi kimi, məhz bu məqsədlə "...Ermənilər minlərlə müsəlmanı doğrayır, qanımız sel kimi dağlara, səhralara axıdılır, yüzlərlə kənd yerlə-yeksan edilir, ermənilərin ayaqları altında namusumuz tapdalanır. Hara baxırsansa, bax, hər yerdə müsəlman qaçqınlarıdır, hər yerdə qadınların, qızların ağlaşması eşidilir. Ermənilər bu torpaqları müsəlmanlardan təmizlədikdən sonra bizim xalqdan artıq burada bir izqalmayacaq..."

Andronikin quldur dəstələrinin hücumları nəticəsində Zəngəzurun  Azərbaycan kəndləri ağır vəziyyətdə idi. Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məlumatlarına görə, Andronik Azərbaycan hüdudlarına soxulduqdan sonra müsəlman əhalisinə ultimatum verərək onlardan erməni hökumətinə tabe olmağı, yaxud da qəza ərazisini tərk etməyi tələb etmişdir. Qəza müsəlmanları  bu göstərişə tabe olmadıqları üçün ermənilər belə bir qəddarlığa əl atmışdılar. Bu vəhşiliklər nəticəsində 1918-ci ilin yalnız yay və payızında Zəngəzurda 115 Azərbaycan kəndi məhv edilərək dağıdılmışdı. Tam olmayan məlumatlara görə, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, qəzada ölənlərin, yaralananların və şikəst olanların sayı 10068 nəfərə çatmışdır.

O dövrdə erməni xislətini gözəl bilən Üzeyir bəy Tiflisdə nəşr olunan erməni qəzeti "Slovo"nın Zəngəzurla bağlı Azərbaycan və Ermənistan arasında gedən diplomatik notalardan danışarkən erməni tərəfin daha "yumşaq" tonda danışdığını bildirməsini belə şərh edirdi: "Erməni notasının hüzur və etidalə riayətlə yazıldığını bizinkar etməyirik. Lakin bu "pişiyim-pişiyim" ilə bizim torpağımızın ən mühüm bir qitəsini əlimizdən almaq istəyənlərə acıq tutmamaq və hiddət etməmək qabildirmi? Əgər Azərbaycan Ermənistanın torpağından bir parçasını ən mülayim. ən şirin, hətta "mən ölüm və qurban olum" təbirləri istemalinə varıncaya qədər yumşaq bir dil ilə istəsə və bunda da israr etsə, Ermənistan böylə bir həqsiz tələbdən hiddət etməzmi? Bundan başqa, bir var ki dildir, bir var ki əməl. Zəngəzur haqqında mülayim dil ilə bizə nota verən Ermənistan, Zəngəzur müsəlmanlarının başına nasıl dürüşt zalimanə birəhmanə oyunlar gətirir... Qafqaz cümhuriyyətləri arasında "ixtilaflı məsələlər"də birinci qılınc çəkən, birinci olaraq qardaş qanı tökən erməni cümhuriyyəti oldu ki, sülh saziş təriqindən imtina edib gürcü üzərinə hücum etdi. Özgənin malına torpağına təmə edən yenə birinci Ermənistan oldu ki, Naxçıvan üzərinə hücum edib özgənin yerinə sahibləndi bugünkü eyni Ermənistandır ki, məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir. Azərbaycan öz torpaqlarını qorumaq üçün qılıc çəkməyə məcbur olacaqsa arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan deyil, bəlkə hər kəs hətta Qafqazla əlaqə peyda etmiş Avropa hökumətlərinin nümayəndələri iqrar edirlər."

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 21 oktyabr.- S.11.