Akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi:hökmdarın

 və döyüşçünün portreti” kitabının ilk təqdimatı

 

Oktyabrın 21-də Bakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideolojidiplomatik irsinə milli tarix elmimizdə ən bitkinsistemli baxışın məhsuludur.

Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni baxış ortaya qoyulub. Müəllif kitabda Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə baş verən hadisələrə obyektiv münasibət bildirib. Akademik R.Mehdiyev bu kitabı yazarkən həm Azərbaycanda, həm də xarici ölkələrdə səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb. Eyni zamanda, kitabda ilk dəfə olaraq, dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib.

Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə dərin təşəkkürünü bildirib.

Təqdimat mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov çıxış edərək demişdir ki, akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı Azərbaycan tarixşünaslığında və şərqşünaslığında mövzuya dair mükəmməl və ən bitkin baxışdır, desək yanılmarıq. Kitabda aydın şəkildə görürük ki, Ramiz Mehdiyev özündən əvvəl bu mövzuya müraciət etmiş şərqşünasların, mütəxəssislərin fikirlərini elmi süzgəcdən keçirərək çox maraqlı və dəyərli nəticələrə gəlib. Akademik özündən əvvəlki tədqiqatçıların fikirlərinin bəziləri ilə razılaşır, bəzilərini isə qətiyyətlə qəbul etmir. Ancaq bir məsələni xüsusi vurğulamaq lazımdır ki, akademik Ramiz Mehdiyevin baxışı bir dövlət xadiminin baxışıdır. Doğrudur, alimlərin, tədqiqatçıların bu barədə fikirləri də qiymətlidir, onlar bizim əvəzsiz mənbələrimizdir və Azərbaycan tarixi üçün onların xidmətlərini heç kim dana bilməz. Lakin indiyədək Şah İsmayıl Səfəvi mövzusunda yetkin, siyasi cəhətdən kamil hazırlanmış bir baxışın olmadığını da etiraf etmək lazımdır. Akademik Ramiz Mehdiyevin yeni fundamental kitabı bu boşluğun aradan qaldırılması istiqamətində mühüm bir addımdır.

Kitabın hələlik birinci hissəsi çap olunsa da, yaxın vaxtlarda onun ikinci hissəsinin nəşri də nəzərdə tutulub. Bu kitabda tamam fərqli bir baxış ortaya qoyulub. Akademik Ramiz Mehdiyev bu əsərində bir çox gənc tədqiqatçıların fikirlərinə münasibət bildirib, nümunə göstərib. Bu da çox maraqlıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, professor Sahibə QafarovaBSU-nun kafedra müdiri, professor Məmməd Əliyev çıxışlarında kitabın elmi əhəmiyyətindən danışaraq əsəri tariximizi təhrif edənlərə tutarlı cavab kimi qiymətləndiriblər.

Diqqətə çatdırılıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.

Bildirilib ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Hakimiyyətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə mübarizə aparan Şah İsmayıl Xətainin xidmətləri milli tariximizin müxtəlif dönəmlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır.

Müəllif əsəri iki hissəyə bölüb. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemidini siyasəti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılıb, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanıb.

Kitabın ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilib.

Vətən tarixinə konseptual yanaşma, Səfəvilər dövrü haqqında millidünya tarixşünaslığında mövcud ədəbiyyatın təhlili, geniş erudisiya, zəngin elmi biliklər və dövlət idarəetmə təcrübəsi, ən başlıcası isə dərin azərbaycançılıq ruhu müəllifə tariximizin bu dönüş mərhələsi haqqında son dərəcə məntiqi, dəqiq və inandırıcı nəticələrə gəlməyə imkan verir.

Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin tarixi əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək və dərinləşəcək.

Natiqlər kitabın başqa dillərə də tərcümə olunmasının vacibliyini söyləyiblər.

Tədbirdə çıxışlar ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mərasimə yekun vuran BSU-nun rektoru qeyd edib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislərin – tarixçilərin və şərqşünasların, habelə geniş oxucu kütləsinin marağına səbəb olacaq.

 

 

Azərbaycan.-2014.- 22 oktyabr.-  S.3.