Əfv sərəncamı məhkum həyatı yaşamış xarici ölkə vətəndaşlarının da sevincinə səbəb olmuşdur

 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunmuşdur. Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında əbədiləşən Dövlət Müstəqilliyi Günü  münasibətilə bütün dünya azərbaycanlılarında yaşanan bayram sevincinə dövlət başçısı səviyyəsində bir sevinc də qatılmışdır: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin oktyabrın 17-də Dövlət Müstəqilliyi Günü ərəfəsində "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı və bunun icrası ilə əlaqədar bayram günü səhər saatlarında neçə-neçə məhkumun azadlığa buraxılması insanların qəlbində ülvi hisslər yaşatmışdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasından, 3 saylı İstintaq Təcridxanasından, İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən, 2, 4, 6, 7, 9, 10, 17 saylı cəzaçəkmə müəssisələrindən və digər müəssisələrdən  80 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad edilib. Azadlığa buraxılanlar arasında üç nəfər qadın olub. Dünyəvi dövlətçilik ənənələrini özündə ehtiva edən bu humanist sərəncama əsasən beş nəfər xarici ölkə vətəndaşı da cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlığa buraxılmış şəxslər qrup halında Azərbaycan Respublikası Penitensiar Xidmətinin əməkdaşları ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Sərəncamın icrası ilə əlaqədar Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində tədbiri respublika Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov açaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əfv sərəncamını iştirakçıların diqqətinə çatdırdı və bildirdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sərəncamı humanizm və mərhəmət hissinin mücəssəməsidir. Sərəncamın Dövlət Müstəqilliyi Günü ərəfəsinə təsadüf etməsi nəinki azadlığa buraxılanların ailəsində, eləcə də minlərlə insanda xoş ovqat yaradır, onlara yüksək mənəvi dəyərlər aşılayır.  Natiq  çıxışının sonunda dedi: "Mən əminəm ki, azadlığa buraxılan hər bir şəxs bu humanist aktdan düzgün nəticə çıxaracaq, yenidən cinayət törətməyəcək, ən başlıcası isə Azərbaycan Prezidenti tərəfindən ona göstərilən etimadı doğruldacaq, ölkəmizin inkişafı, özünün və ailəsinin qayğısız yaşaması naminə var qüvvə ilə çalışacaqdır".

Sonra respublika Ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin üzvü Əhməd Abbasbəyli çıxış edərək Dövlət Müstəqilliyi Günü münasibətilə zala toplaşanları təbrik etdi, məhkumluq həyatı yaşayanlara  qanunqaydalara hörmətlə yanaşmağı məsləhət gördü, dövlətin onlara göstərdiyi qayğı və diqqətdən söhbət açdı. Bildirdi ki, müəssisənin daxili qanun və qaydalarına riayət edən, özünə, davranışına və ətrafındakılara hörmət qoyan hər bir məhbus nümunəvi davranışı ilə növbəti əfv sərəncamları ilə vaxtından əvvəl azadlığa buraxılmasına zəmin yarada bilər.

Toplantının sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 9 dekabr tarixli hökm ilə məhkum edilmiş Adıgözəlov Aqşin Xankişi oğluna  Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 24 noyabr tarixli hökmü ilə məhkum edilmiş Nəsirullayev İlqar Həsənqulu oğluna təntənəli surətdə azad olunmaları barədə müvafiq sənədlər təqdim edildi.

10 saylı cəzaçəkmə müəssisəsindən isə 10 nəfər azadlığa buraxılırdı. Müəssisə başdan-başa bayram libasına bürünmüşdü.

Zalda Azərbaycanın dövlət himni səsləndirildi. Az sonra azadlığa buraxılanlar və onları yola salmağa yığılmış məhbuslar qarşısında cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov çıxış edərək bildirdi ki, ölkə rəhbərinin  cinayət törətmiş insanları əfv etməsi onun humanizmindən irəli gəlir. Buna görə sizlər   daha məsuliyyətli olmalı, azadlığa buraxıldıqdan sonra ölkədə həyatın bütün sahələrində gedən böyük quruculuq, abadlıq və iqtisadi inkişafa səbəb olan faydalı işlərə qoşulmalısınız.

Sonra Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxilixarici siyasəti nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində böyük işlər görülür. Son illər həyatın bütün sahələrində geniş islahatlar aparılıb, ədliyyə sistemində də beynəlxalq normalara uyğun yeniliklər edilib. Ölkəmizdə sayca 57-ci olan bu əfv sərəncamı neçə-neçə ailəyə sevinc gətirib. Dövlət Müstəqilliyi Günündə bu sevinci bir daha yaşadıq.

Daha sonra respublika Ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin üzvləri Dövlət Müstəqilliyi Günü və əfvə düşən məhkumları azadlığa buraxılmaları münasibətilə təbrik edərək onlara cəmiyyətdə faydalı işlə məşğul olmağı, xüsusilə ölkəmizin şəhər, rayon və kəndlərində gedən quruculuq işlərində, habelə vətənə, dövlətə və xalqa xeyirli işlərdə fəal olmalarını tövsiyə etdilər.

Sonra  Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 30 aprel tarixli hökmü ilə məhkum edilmiş 1980-ci ildə anadan olmuş Məmmədov Etibar Arif oğluna,  Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 11 mart tarixli hökmü ilə məhkum edilmiş 1990-cı ildə anadan olmuş Məcidov Ülfət Cənnət oğluna, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2011-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmiş 1979-cu ildə anadan olmuş Balakişiyev Elşən Faik oğluna, Gəncə Hərbi Məhkəməsinin 2012-ci il 6 iyul tarixli hökmü ilə 1989-cu ildə anadan olmuş Muradi Muxtar Akif oğluna, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 20 aprel tarixli hökmü ilə məhkum edilmiş 1966-cı ildə anadan olmuş Qasımov Həmdulla Mügərrib oğluna, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 iyul tarixli hökmü ilə məhkum edilmiş 1978-cı ildə anadan olmuş Vəliyev Vüqar Kamil oğluna, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 10 sentyabr tarixli hökmü ilə məhkum edilmiş 1994-cü ildə anadan olmuş Cahangirov Cahangir Elgün oğluna, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 11 iyun tarixli hökmü ilə məhkum edilmiş 1980-ci ildə anadan olmuş Həsənov Samir Sabir oğluna, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 20 noyabr tarixli hökmü ilə məhkum edilmiş 1982-ci ildə anadan olmuş Əzimov Azər Zakir oğluna, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 9 fevral tarixli hökmü ilə məhkum edilmiş 1985-ci ildə anadan olmuş Pakistan Respublikasının vətəndaşı Zada Amir Sher oğluna zalda əyləşənlərin alqış sədaları altında cəzalarının qalan hissəsini çəkməkdən azad olunmaları barədə müvafiq sənədlər təqdim edildi.

Azadlığa buraxılanlardan Vüqar Vəliyev və Muxtar Muradi öz adlarından və azadlığa buraxılan digər yoldaşlarının adından çıxış edərək onları doğmalarına qovuşduran ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər və bir daha belə səhvlərə yol verməyəcəklərinə söz verdilər.

 

Rəhman SALMANLI

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.4.