İlmələrin əfsanəsi

 

İrəvan xalçaları Azərbaycanın maddi-mədəni irsinin yadigarıdır

 

Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi əsas xalça qruplarında təsnif və tədqiq olunan Azərbaycan xalçaları aid olduğu bölgələrin coğrafi, etnik, mədəni müxtəlifliyini əks etdirir.

Ümumilikdə Azərbaycan xalçaçılığının keçdiyi dörd əsas inkişaf mərhələsi İrəvan qrupuna da şamil edilir. İlk mərhələ xalça sənətinin ibtidai dövrüdür. Qərbi Azərbaycanda dəvə, qoyun yunundan, pambıqdan toxunan bəzəksiz, saya palazlar və cecimlər bu mərhələyə aid edilir. Milli xalçaçılıq sənətimiz həm texniki, həm də bədii cəhətdən nisbətən təkmilləşdiyi ikinci mərhələdə sadə keçirtmə, dolama texnikası ilə yundan, pambıqdan, bəzən də ipəkdən toxunan kilimlər meydana gəlir. İrəvan kilimləri üzərində romb, üçbucaq və trapesşəkilli naxışlar, ornamentlər öz əksini tapır. Burada "gəzməli kilim" adlandırılan mürəkkəb dekorativ quruluşlu nümunələrə də rast gəlinir. Üçüncü dövr vərni (ipək və yun), şəddə (yun, ipək, pambıq), zili (yun, pambıq, ipək), ladı (yun və pambıq) kimi xovsuz xalça məmulatlarının yaranması ilə xarakterizə olunur. Mürəkkəb dolama üsulu ilə toxunan İrəvan şəddələri və vərniləri əsasən maldarlıqla məşğul olan əhalinin məişətində geniş istifadə edilirdi.  Vərnilərin əsas naxışları şahmat damaları qaydası ilə stilizə edilmiş iri ölçülü əjdaha təsvirlərindən ibarət olurdu. Palazcecim texnikası əsasında toxunan şəddələr də müvafiq şəkildə sadə və mürəkkəb olmaqla iki qrupa bölünürdü. Qərbi Azərbaycan zililərinin bəzilərinin yerliyi palaz texnikası-sadə keçirtmə üsulu, bir qismi isə mürəkkəb dolama üsulu ilə naxışlanmışdır. Xalçaçıq sənətinin bu mərhələsi eyni zamanda xovsuz məişət əşyalarının yaranması ilə də yadda qalır. Həm forma, həm də məzmunca dəyişmə prosesi nəticəsində tarixən Qərbi Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsi olmuş məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü, sicim, çatı və s. kimi məişət əşyaları yaradır.

Düyünləmə - yəni əvvəllər "dolama ilmə", sonralar isə "qüllabi ilmə" texnikası əsasında xovlu xalçaların toxunması xalça sənətinin dördüncü dövrünü əhatə edir.  İrəvan qrupu xalçalarının istər texniki, istərsə də bədii baxımdan inkişaf etdiyi bu mərhələdə daha mürəkkəb kompozisiyalar yaranmağa başlayır.  İrəvan xalçaları Azərbaycanın digər xalça qrupları ilə bir sıra oxşar və fərqli xüsusiyyətlərə malikdir. Bölgənin zəngin təbiəti - florafauna ehtiyatları xalçaların rəng-kompozisiya həllinə bilavasitə təsir göstərmişdir. Xalçaların naxış-kompozisiya seçimində yerli əhalinin təsəvvürləri, mifik görüşləri, inancları mühüm yer tutmuşdur. Mifoloji quşlar, heyvanlar, həmçinin dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər İrəvan qrupu xalçalarının bədii həlli üçün səciyyəvi olmuşdur. Coğrafi baxımdan Şərqi Anadolu, Naxçıvan, Qazax-Borçalı, Qarabağ və Təbrizlə yaxınlığı Qərbi Azərbaycan xalçalarının sadalanan bu bölgələrdə toxunan xalça nümunələri ilə oxşarlığını şərtləndirən əsas amillərdəndir.

İrəvan qrupu xalçalarının texniki və bədii təhlili tarixən bu bölgədə yaşayan azərbaycanlıların adət-ənənələrinin, məişətinin, mədəniyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada XVIII əsrin II yarısı-XX əsrin əvvəllərinə aid İrəvan qrupu - Qərbi Azərbaycan xalçalarının ayrı-ayrı mahallar üzrə öyrənilməsi daha məqsədəuyğundur.

Ağbaba, Şörəyel ərazisində toxunmuş xalçaxalça məmulatları, özünəməxsus toxunma texnologiyası və bu ərazinin təbiətindən irəli gələn çalarları ilə birgə, kompozisiya quruluşuna görə Qazax-Borçalı xalça qrupu nümunələrinə yaxındır. Belə xalçalar ağır çəkisi, hündür xovu, yumşaqparlaq yunu ilə seçilir. Bu xalçalarda təbii üsulla alınmış qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri, mavi rənglərdən ibarət kolorit həlli öz uyarlığıyla göz oxşayır.

Ağbaba və Şörəyel mahallarında, əsasən, kilim, palaz texnikası ilə toxunan xalçalar üstünlük təşkil edirdi. Bu mahalların xalçaları üçün "damğa", "qoşa damğa", "dilikli damğa" və "qarmaqlı" motivlər səciyyəvi olmuşdur.

Loru və Pəmbək mahallarında toxunmuş xalçalar dağlıq və dağətəyi ərazi kimi bu bölgədə yetişən meyvələrin, bitkilərin sayəsində əldə edilən rənglərlə özünəməxsus çalarlar qazanmışdır. Naxışları bədii sənətkarlığın mürəkkəb nümunəsi hesab olunan bu xalçaları Qazax-Borçalı qrupunun nümunələrindən ayrı təsəvvür etmək mümkün deyil. Zaman keçdikcə bu təsvirlər fərqli tərzlərdə təcəssüm olunmağa başlamış, sənət tarixinin ayrılmaz bir hissəsinə çevrilmiş, keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi sabit bədii üsluba yiyələnmişdir.

Loru və Pəmbəkdə qara yunlu, cins qoyunların bəslənməsi burada iplərin fərqli rəng çalarlarını yaratmışdır. Keçi yunundan faydalanan yerli əhali ondan müxtəlif xalça məmulatlarının toxunmasında da istifadə etmişdir. Bu ərazidə ən çox rast gəlinən xalça növlərindən biri kimi "Namazlığ"ı xüsusi qeyd etmək lazımdır. Mürəkkəb və sadə kompozisiyalı xalçalar əhalinin dini dünyagörüşü, islami inancından rişələnərək toxunmuşdur. Əsas xalçaçılıq məntəqələri kimi Allahverdi, Böyük Ayrım, Yuxarı Axtala, Pədik, Mosul, Aşağı kilsə, Mollaqışlaq, Hollavar, Heydərli, Voronsovka, Qara qala, Qızıl daş, Cücə kənd, Sarıyal, Soyuqbulaq, Barana bölgəsinin Yuxarı körpülü, Ləmbəli, Ləlvər, Hamamlı bölgəsinin Qursalı, Qızılörən, Saral, Cəlaloğlu bölgəsinin Çubuqlu, Gərgər kimi kəndlərini göstərmək olar. Xüsusilə də Qursalıda əhalinin böyük əksəriyyəti xalçaxalça məmulatlarının toxunması ilə intensiv şəkildə məşğul olmuşdur. Loru, Pəmbək mahallarının mineral ehtiyatlarla zəngin olması boyaqçılığın inkişafına imkan yaratmışdır. Loru, Pəmbək mahallarında toxunan palaz və kilimlər rəng düzümü və naxış tərtibatına görə Ağbaba mahalında toxunan kilimpalazlarla oxşardır. Bu mahalda "qoşa damğa", "tək damğa" və rombşəkilli elementlər kilimpalazlarda çox geniş yayılmışdı. Burada toxunan kilimpalazlar rənginə, naxışlarına görə Bakı, Şirvan palazlarına bənzəyir.

Şəmşəddin bölgəsində toxunan xalçalar da bədii kompozisiya quruluşuna görə Qazax-Borçalı qrupunun üslubuna yaxındır.

Şəmşəddinin əsas yaşayış məntəqələrindən biri Tovuzqala ərazisi idi. Vaxtilə Qazax-Şəmşəddin sultanlığının tərkibində olmuş bu bölgənin Vəligah, Qulalı, Qırğı, Haqqın, Tərsəçay, Armudu, Karvansaray rayonunun kilsə, Göyərçin, Polad, Salah, Haqqıxlı kəndləri öz xalçaları ilə məşhur idi. Ağstafa çayı Karvansara rayonunun iqtisadi həyatında və kənd təsərrüfatında mühüm rol oynayırdı. Bu ərazinin xalçaları əlvan rəngləri və naxışlarının incəliyi ilə seçilirdi. Bölgədə toxunan xalçalarda və məfrəşlərdə, xurcunlarda, palazlarda, çullarda totem izlərinə, mifoloji obrazlarda müxtəlif tayfalara məxsus damğalara rast gəlmək olar. Böyükkiçik ölçülü göllərlə, medalyonlarla yanaşı, bu xalçalarda "qoşabuynuz", "dördünsür", "S" şəkilli, qarmaqlı, həndəsi (üçbucaqlı, dördbucaqlı), "gözqaytarıcı", "qayçıbalıq", "qazayağı", "dilikli" və digər motivlər işlədilirdi.

Göyçə mahalında yaşayan azərbaycanlıların toxuduqları xalçalar kompozisiya quruluşuna görə Qarabağ, Gəncə xalça qrupuna yaxındır. Göyçə gölü ətrafında yerləşən bu mahalın əhalisi Qarabağla sıx mədəni-iqtisadi əlaqədə olmuşdur. Bu yaxınlıq məişətdə, folklorda özünü daha qabarıq büruzə vermişdir.

Bu ərazidə qoyunçuluq təsərrüfatının geniş yayılması xalçaçılığın inkişafına münbit şərait yaratmışdır. Qara, boz, çal, qumral rəngli yunun bolluğuboyaq xassəli zəngin bitki örtüyü, eyni zamanda, min illərdən bəri naxışları yaddaşında yaşadan, onu xüsusi məhəbbətlə, incəliklə xalçaya köçürən toxucular Göyçə xalçalarına bənzərsizlik bəxş etmişdir. Göyçə sənətkarları toxuduqları xalça, kilim, məfrəş, çul və digər xalça məmulatlarına onları əhatə edən mənzərəni, yaşıl çəmənləri, tər çiçəkləri və eyni zamanda, nəsildən-nəslə ötürülən türk tayfalarının damğalarını köçürmüşlər.

Bu xalçalarda bədii ənənələr əsrlərdən bəri formalaşmış şəkildə təcəssüm olunur. Bəzən bir-birinə aid rənglər bir xalçanın üzərində şux ahənglə toplanır, göz oxşayan palitra yaradır. Sınıq, bəzən də əyri xətlərlə işlənən göllərin, irili-xırdalı elementlərin zənginliyi bu xalça məhsullarını məişət üçün daha da gözəgəlimli edir. Ənənəvi mücərrəd həndəsi işarələrin xalçada özünə yer etməsi Azərbaycanın əksər xalça qrupları üçün xarakterik olduğu kimi, Göyçə xalçalarında da nəzərə çarpır. Göyçənin cecimi, ladı, zilisi, heybəsi, yəhər üstüsü, ləmiqabağı, xaralı məşhurlaşaraq dünyanın bir çox kolleksiyalarında layiqli yer tutmuşdur. Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur və böyük kəndlərində xalçaçılıq sənəti inkişaf etmişdir.

Aşağı Qaranlıq bölgəsinin Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türklərinin ərsəyə  gətirdikləri rəngarəng xalça nümunələri bu günümüzədək gəlib çatmışdır.

Kəvər xalçalarında həm Qarabağ, həm də Qazax-Borçalı qrupunun elementlərinə rast gəlinir. Qazax-Borçalı qrupuna aid "Göycəli" kompozisiyası məhz bu ərazidə yerləşən Göycəli kəndində toxunmuşdur. Sonralar bu kəndin əhalisinin bir hissəsi Ağstafa rayonuna köçmüş, məskunlaşdıqları ərazini də "Kəvər" adlandırmışlar. Kəvərin Ağqala, Ağzıbir, Əyrivəng, Əfəndi, Muğan kəndləri çeşidli xalçalar, kilimlər, palazlar, çullar, məfrəşlər, xurcunlar, heybələr istehsalı ilə məşğul olmuşdur.

Göyçə xalçalarında böyük ölçülü göllər, medalyonlar üstünlük təşkil edir. Bu xalçalarda simvollaşdırılmış dəvə, eləcə də digər heyvan, quş təsvirlərinə tez-tez rast gəlinir. Göyçə xalçalarını toxuyarkən "çərxi-fələk" motivindən həm əsas, həm də doldurucu element kimi istifadə etmişlər. Doldurucu elementlərdən romb, "buta", "ulduz", qarmaqlı, "Z" şəkilli, "X" şəkilli, yarpaq, gül-çiçək, kiçik ölçülü ağac təsvirləri çox işlədilmişdir. Bu mahalın xalçalarının ana haşiyəsi üçün səciyyəvi olan "zülfələm" motivləri Qərbi Azərbaycanın digər mahallarında toxunan xalçalarda da tətbiq edilmişdir.

Gərnibasar və Vedibasar mahallarında toxunan xalçaların rəng-kompozisiya baxımından oxşarlığını, eləcə də ərazilərinin coğrafi yaxınlığını nəzərə alaraq onları bir qrupda birləşdirmək olar.

Naxış kompozisiyasına görə bu xalçalar Qazax-Borçalı xalça qrupu ilə eynilik təşkil edir. Vedi bölgəsinin Kotanlı, Avşar, Türk gölü, Ağaslı, Arazdəyən, Bayburt, Böyük Vedi, Qaralar, Dəvəli, Yengicə, Kolanlı, Taytan, Şidli, Şirazlı, Şıxlar və digər kəndləri iri xalçaçılıq məntəqələri olmuşdur.

Gərnibasar mahalının Arpavar, Baş nalı, Yamancalı, Muğamlı, Sabunçu kəndlərində "Namazlıq"lar, kilimlər, məfrəşlər, çullar üstünlük təşkil etmişdir.

Gərnibasar-Vedibasar mahallarında toxunan xalçalarda göllərin mərkəzində "çərxi-fələk", "qoşaquyrum" ("qoşabuynuz"), "S" şəkilli, "X" formalı, "qarmaqlı", rombvari, kənarları pilləli klassik elementlər və müxtəlif ölçülü həndəsi fiqurlars. motivlər olurdu.

İrəvana yaxınlığı Zəngibasar bölgəsinin mədəni mühitinin formalaşmasına öz təsirini göstərmişdir. Bölgənin Arbat, Aşağı Necilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrdə toxunan xalçalar incəliyi, zərifliyi ilə seçilirdi. Vaxtilə bölgənin əksər kəndləri süni şəkildə ləğv edilmiş, əhalisi zorla köçürülmüşdür, lakin orada toxunan xalçalar bu torpağın yaddaşını qoruyub saxlamışdır. Əldə olan sənət nümunələri hələ ötən əsrin ortalarından ləğv olunmuş böyük bir mədəniyyətdən xəbər verir. Bu mahalın Üçkilsə bölgəsində də xalça toxumaq ənənəsi mövcud olmuşdur.

Sərdarabad mahalının İrəvan xanlığının tarixi ilə xüsusi bağlılığı və tarixi əhəmiyyəti qeyd olunmalıdır. Sərdarabad şəhərinin özü, Kərimarx, Qatırabad, Xeyirbəyli, Şahverdi kimi kəndlər azərbaycanlıların məskunlaşdığı ərazi olmuşburada fərqli çeşidli kilimlər, palazlar, xurcunlar toxunmuşdur.

Kompozisiya quruluşuna görə bu ərazidə toxunan xalçaların Qazax-Borçalı və Təbriz xalça məktəbi ilə yaxınlığı hiss olunur. Zəngibasar və Sərdarabad mahallarının, coğrafi mövqeyinə görə Cənubi Azərbaycanla yaxınlığı, həmçinin burada yaşayan əhalinin Təbriz, Xoy, Maku kimi şəhərlərlə ticari, mədəni əlaqələri Güney Azərbaycan mədəniyyətinin izlərini əvəzsiz sənət nümunələri yaratmış toxucuların yaddaşına həkk etmişdir. Təbriz xalçaçılıq məktəbinə xas olan cəhətlərdən biri qapalı kompozisiya quruluşuna malik olması, romb, kvadrat, ulduzya qızılgülşəkilli on iki, yaxud on altı guşəli turunc xalçaların hər iki tərəfində təkrarlanan gülün dörddə bir hissəsi qədər ləçək, kətəbə, qübbə kimi əsas elementlər və mürəkkəb formalı motivlərdir.

Qırxbulaq və Əştərək ərazisində toxunan xalçaların oxşar cəhətləri əsasında onları bir qrupda birləşdirmək olar. Qırxbulaq mahalında Ellər bölgəsinin Avdallar, Göykilsə, Cadqıran qədim yaşayış məntəqəsi Civriş, Ellər qəsəbəsi, Ərzni qəsəbəsi, Kənəkir, Nurnus, Əştərək bölgəsinin Ucan, Fətrici, Pərpi, Kötəkli kəndləri xalçaçılıq məntəqələri olmuşdur.

Qırxbulaq, Əştərək xalçaları kompozisiya quruluşuna görə Qazax-Borçalı xalça məktəbinə yaxındır. Qırxbulaq-Əştərək mahallarında toxunmuş xalçalarda gül-çiçək, ağac, ulduz, "romb", "buta", "S"vari elementlərdən, dördbucaqlılardan və s. geniş istifadə edilmişdir.

Aparan, Dərəçiçək və Talın mahallarının da xalçaları kompozisiya quruluşu və elementlərinə görə Qazax-Borçalı xalçaçılıq məktəbini təmsil edən xalçalara yaxındır.

Talında bölgəsinin Aynalı, Quldərviş, Aşnaq, Mehriban, İrind, Sultanabad kimi xalçaçılıq məntəqələrində toxunmuş xalçaların gözəlliyinin, parlaqlığının səbəbi onun zərif və parıltılı elastik yundan alınan iplərdən toxunmasıdır. İrəvan şəhərindən 59 km. şimal-qərbdə yerləşən Aparan Qazax çayının sahilindədir.

Bu bölgənin Babakişi, Kirəşli, Düzkənd və digər kəndlərində müxtəlif çeşidli xalçalar, məfrəş, xurcun, heyvə, çuls. məişət əşyaları toxunmuşdur. Aparan şəhərində isə xalçaçılıq sənəti tədricən unudulmuş, yalnız bəzi evlərdə saxlanılmışdır.

Dərəçiçək mahalına aid olan Axtı bölgəsinin xalçaları olduqca məşhur idi. Hələ qədimdən Alapars, Qorçulu, Bığlı, Qaraqala, Qarnıyarıq, Ozanlar, Ulaşıq kəndləri xalçaçılıq ənənəsi ilə məşhur olmuşdur. Ümumiyyətlə, hər üç mahalın xalçaçılıq ənənəsi göstərir ki, bu ərazidə uzuntüklü qara, qonur qoyunların, keçilərin saxlanılması toxunma texnologiyasına da təsir etmişdir. Aparan-Dərəçiçək-Talında toxunan xalçalarda əsas elementlərlə yanaşı, "sallama", "qoşabuynuz", "daraq","şamdan", "S" şəkilli, "ulduz", "dördünsür" və s. motivlər də geniş tətbiq edilmişdir.

Zəngəzur bölgəsi şərqdən Qarabağ, qərbdən Naxçıvan, cənubdan Arazla əhatələnmişdir. Bölgədə ən qədim dövrlərdən etibarən bitki, heyvanmineral mənşəli boyaqçılıq təşəkkül tapmışdır. Peşəkar boyaqçıların çoxəsrlik təcrübəsi zəminində təşəkkül tapmış ənənəvi boyama texnologiyası toxuculara bir çox rəng çalarlarından istifadə etməklə, onları bir-biri ilə uzlaşdırmaqla misilsiz ahəngdarlığa nail olmağa imkan yaratmışdır.

Zəngəzur mahalının xalçaçılıq ənənəsi daha çox Qarabağ xalça qrupunun ənənələrinə yaxındır. Buna səbəb Zəngəzurun tarixən Qarabağ xanlığı və burada yaşayan əhali ilə mədəni, iqtisadi əlaqələri və yaxınlığı idi. Odur ki, Naxçıvan, Cənubi Azərbaycan və Qarabağla həmsərhəd olan Zəngəzur folklorunda, tətbiqi sənətində adıçəkilən bölgələrin təsiri duyulur. Zəngəzur kilimləri nəfis tərtibatı ilə göz oxşayır. Bu mahalda "qoşabuynuz", "qarmaqlı", "S"vari, dörd, altı, səkkiz, on iki ləçəkli güllər, spiralşəkilli, ox, "məşəl", "şamdan","damğa" kimi motivlər çox yayılmışdır.

Avropanın bir çox tarixi mənbələrində "Zaqafqaziyanın İsveçrəsi" adlandırılan Dərələyəz mahalını Azərbaycanın xalçaçılıq sənətinin beşiklərindən biri hesab etmək olar.

Dərələyəz mahalı Təbrizlə İrəvanı Qarabağa bağlayan yolun üzərində yerləşirdi. Bölgənin Almalı, Bülbülölən, Qabaxlı, Qara-qaya, Qovuşuq, Ələyəz, Əmağu, Kədikvəng, Gülüdüzü, Sallı, Hors, Çivə kəndlərində xalçaçılıq geniş yayılmışdır. Soylan bölgəsini də Axta, Zeytə, Kabut, Kotanlı, Köçbəy, Gomur, İtqıran, Her-her kimi kəndlərdə tarixi çox qədimlərdən başlayan müxtəlif sənət növləri inkişaf etmişdir. Dərələyəzdə toxunan xalçalar kompozisiya quruluşuna görə həm Qarabağ, həm də Qazax-Borçalı xalça qrupunun nümunələrinə yaxındır. Xalçaçılar əsasən qaraqonur qoyun yunundan hazırlanmış iplərdən istifadə etmişlər. Mahalın xalçalarında "əjdaha", "Z" şəkilli, "damğa", "stilləşmiş quş", "çərxi-fələk", "bulud", "qırxbuynuz", "sərmə", "S"vari, "qoşabuynuz", "məşəl", "buta" və s. kimi motivlərə rast gəlirik.

İrəvan xanlığının mərkəzi, onun mədəni və siyasi paytaxtı İrəvan şəhəri olmuşdur. Bu qədim oğuz-türk yurdunun tarixini, mədəniyyətini tədqiq etmək üçün vaxtilə bu torpaqlarda olmuş, buranın gözəlliyini, əhalisinin məişətini təsvir etmiş səyyahların qeydləri xüsusilə əhəmiyyətlidir. Fransız J.B.Taverniye (1655), J.Şarden (1673), Dübua de Monpere (1833), ingilis C.Moriyer (1813), Ker Perter (1817), P.Kameron, M.Vaqner İrəvanın gözəlliyini təsvir etmişlər. İrəvanda toxunan xalçalarda da böyük ölçülü göllər (medalyonlar) əsas elementlər kimi işlədilmişdir.

İrəvan qrupu Azərbaycan xalçalarının tarixi-etnoqrafik, sənətkarlıq baxımından təhlili bir daha onların ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edir.

 

Vidadi MURADOV,

"Azər-İlmə"nin rəhbəri, əməkdar incəsənət xadimi, professor

 

Azərbaycan. - 2014.- 22 oktyabr.- S. 10.