Sazla poeziyanı qovuşduran şair

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçirildi. Elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Hüseyn Ariflə bağlı videoçarx göstərildi, şairin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açıldı, şeirləri səsləndirildi, sözlərinə bəstələnmiş mahnılar ifa olundu.

Xatırladıldı ki, 1924-cü il iyunun 15-də Qazax rayonunda anadan olan Hüseyn Hüseynzadə Bakı Pedaqoji Məktəbində, ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alsa da, sonradan Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii ədəbiyyat redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi müxtəlif vəzifələrdə  çalışıb.

Oğlu Arifi çox erkən - gənc yaşlarından itirən şair onun adını özünə ləqəb seçərək, bütün yaradıcılığı boyu Hüseyn Arif  kimi tanınıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ölkə başçısının sərəncamı ilə təntənəli yubiley tədbirləri keçirilən şairin zəngin bədii-poetik irsinin milli ədəbiyyata dəyərli töhfələr verdiyindən söz açdılar. Bildirildi ki, xalq şairi Hüseyn Arifin yaradıcılığı janr etibarilə rəngarəng, mövzuca zəngindir: ədəbi irsinin bir hissəsini həzin, lirik şeirlər təşkil edir. 40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin dolğun poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşıb.

Səsləndirilən fikirlərdə o da vurğulandı ki, Azərbaycan poeziyasına ölməz əsərlər bəxş edən Hüseyn Arif yaradıcılığa 1941-1945-ci illər müharibəsi dövründə başlayıb, xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və milli ədəbiyyatımıza qiymətli töhfələr verib. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

25-dən artıq kitabın (seçilmiş əsərləri ilə birlikdə) müəllifi olan şairin librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundzadə adına OperaBalet Teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə "Dağ kəndi" poemasına görə "Qızıl Oraq" mükafatına layiq görülən Hüseyn Arifin əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən  şair öz vəsiyyətinə görə doğulduğu kənddə dəfn olunub.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.11.