Naxçıvanda Heydər Əliyev adına tam

 orta məktəbin 10 illik yubileyi qeyd edilir

 

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Özəl Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev adına tam orta məktəb: uğurlar və perspektivlər” mövzusunda konfrans keçirildi.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 21 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək tədbirin mahiyyətini diqqətə çatdırıb.

Nazir bildirdi ki, bəşəriyyətin çoxəsrlik təcrübəsi elmə, təhsilə yüksək qiymət verən dövlət başçılarının öz ölkələrinin sürətli inkişafını təmin etdiyini sübuta yetirib. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, təhsil işçilərinə yüksək diqqətlə yanaşıb, Azərbaycan təhsilinin inkişafı və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə bir çox mühüm layihələr həyata keçirib. Bu uzaqgörən siyasət hazırda Prezident başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı prioritet sahə kimi önə çəkilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının həyatında hərəkətverici qüvvəyə çevrilmiş quruculuq missiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi dövlət siyasətinin ana xəttini təşkil edir”, - deyən Piri Nağıyev əlavə etdi ki, bu tikinti-quruculuq işlərinin önündə pedaqoji işçilərin fəaliyyəti üçün yüksək şəraitin yaradılmasına xidmət edən təhsil quruculuğu dayanır. Muxtar respublika rəhbərinin fədakar əməyi sayəsində Naxçıvanın ən ucqar dağ kəndlərini də əhatə edən 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binasının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olundu ki, həmin məktəblərdən biri də 2004-cü il sentyabrın 2-də Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan və Ümummilli Liderin adını daşıyan nümunəvi tam orta məktəbdir. Hər cür maddi-texniki baza ilə təchiz olunmuş məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Açılış mərasimində təhsil və tədrisin təşkili ilə bağlı məktəbin pedaqoji kollektivi qarşısında mühüm vəzifələr qoyulub. Ötən müddətdə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri istiqamətində geniş tədbirlər həyata keçirilib və nəticədə məktəb Ulu Öndərin adına layiq yol keçərək respublikamızın qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri dedi ki, Ümummilli Liderin adını daşıyan tam orta məktəbin pedaqoji kollektivinə həmişə yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsində 2007-2008-ci tədris ilinin yekunlarına uyğun olaraq təhsil ocağı “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və 10 min manat pulla mükafatlandırılıb. Eyni zamanda, təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi Səkinə Abdullayevaİlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi kimi 5 min manat pul mükafatı alıb. Məktəbin müəllimlərindən 4 nəfəri Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2-si Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi fəxri adlarına layiq görülüb, 4 nəfər isə medallarla mükafatlandırılıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözlərini xatırlatdı və bildirdi ki, bu sözlər Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivinin devizinə çevrilib. Ali Məclisin Sədri deyib: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.

Bildirildi ki, təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, ulu öndər Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Hər il keçirilən müsabiqələrdə məktəb yeni uğurlara imza atır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin bir nəfər şagirdi birinci yerin sahibi olub.

Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev ölkəmizdə həyata keçirilən təhsil islahatlarından ətraflı söhbət açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Muxtar respublikada təhsilin bütün sahələrini gündəlik diqqətdə saxlayan Ali Məclisin Sədri gənc nəslin keyfiyyətli təhsillə əhatə olunması sahəsindəki çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirərək deyib: “O ölkələr inkişaf edir ki, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur”.

İsmayıl Əliyev Heydər Əliyev adına tam orta məktəb ilə Naxçıvan Özəl Universiteti arasındakı əməkdaşlıqdan da söhbət açaraq dedi ki, universitet tələbələrinin bütün pedaqoji təcrübələrinin planlaşdırılması bu məktəblə birlikdə aparılır. “Universitetimizlə olan əlaqələrin nəticəsidir ki, hər il bu məktəbdən universitetimizə qəbul olunan tələbələrin sayı artmaqdadır”, - deyən rektor əlavə etdi ki, hazırda ali təhsil ocağının idarəetmə, xarici dillər, pedaqojiiqtisad fakültələrində bu məktəbdən məzun olan 15 tələbə təhsil alır. Eyni zamanda, universitetin məzunlarından olan 6 nəfəri hazırda bu məktəbdə müəllim kimi fəaliyyətlərini davam etdirirlər.

Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Gülşən Fətullayeva qeyd etdi ki, göstərilən diqqət və qayğının nəticəsində 10 il ərzində təhsil ocağını bitirən 362 məzundan 300-ü ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunlardan 39 nəfəri 2013-2014-cü tədris ilində məktəbi bitirənlərdir. Bu günədək ali məktəblərə qəbul olunan məzunlardan 68 nəfəri imtahanlarda daha yüksək nəticələrə nail olaraq 500-700 intervalında bal toplayıblar ki, onların da 14 nəfəri 2014-cü ilin məzunlarıdır. 10 il ərzində məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 12 nəfər fərqlənmə attestatına, 3 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb. Ötən dövr ərzində məktəbin məzunlarından 11 nəfəri xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olub. Məktəbdə hərbi təhsil sahəsinə maraq xeyli artıb. Bu günədək şagirdlərdən 31 nəfəri Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq kursant adını qazanıb.

Gülşən Fətullayeva məktəbin pedaqoji kollektivinin Ulu Öndərin adını daşıyan bu təhsil ocağında çalışmağın nə demək olduğunu yaxşı bildiyini xüsusi vurğuladı. Bildirdi ki, məktəbin müəllim və şagird kollektivləri bundan sonra da respublika səviyyəli uğurlar qazanmaq üçün daim inamla çalışacaqlar.

 

Azərbaycan.-2014.- 23 oktyabr.- S.3.