Elm və təhsilimizin möhtəşəm məbədi

 

Bakı Dövlət Universiteti-95

 

Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir.

 

İlham ƏLİYEV

 

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Bakı Dövlət Universitetini yaratmaqla tarixi bir imza atdı. Azərbaycan xalqının həyatında mühüm rol oynayan Bakı Dövlət Universiteti özünün şərəfli 95 illiyinə hazırlaşır. Universitet haqqında indiyədək çox yazılıb, çox deyilib. Mən də bu 75 yaşımda deyilənlərə qoşulmaq fikrindəyəm. Ona görə  ki, universitet bir çoxları kimi mənim də həyatımda önəmli rol oynayıb. Rayondan gəlmiş atasız yeniyetmə gənci öz isti qoynuna alıb oxutduran, həyata vəsiqə verən universitet haqqında xoş söz deməyə mənim də haqqım var. Ömrümün 40 ildən çoxunu bu ali təhsil ocağının auditoriyalarında keçirmişəm. Keşməkeşli, narahat  dünyamızda heç kəs bilmir ki, sabah onu nə gözləyir, o cümlədən məni də. Odur ki, mənim üçün doğma olan, özümə ikinci ailə bildiyim universitet haqqında az da olsa ürək sözümü demək qərarına gəldim. Mirzə Cəlil demişkən, "sözdən böyük yadigar yoxdur".

Müsəlman Şərqində ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu ilin sentyabrında Azərbaycan parlamenti Bakı Dövlət Universitetinin təsis olunması haqqında sənəd qəbul etdi. Həmin il noyabrın 15-də universitetdə ilk dərslər başlandı. Yeni təhsil ocağında 4 fakültə - Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri vardı.

Universitetin ilk rektoru V.İ.Razumovski parlamentdə çıxış edərək bu tarixi hadisəni çox yüksək qiymətləndirdi: "Mən çox şadam ki, darülfünunun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum. Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisə - darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki parlamentin, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri gördüyümə də hədsiz xoşbəxtəm".

O vaxtkı qəzetlər universitetin yaranmasına həsr olunmuş yazılar dərc edir, onun türk gəncləri üçün təsis olunmasını dönə-dönə vurğulayırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti 1919-cu il 17 noyabr tarixli sayında yazırdı ki, darülfün türk hökuməti tərəfindən türk gəncləri üçün açılmışdır. Elə buradaca qeyd edim ki, hazırda BDU-da dünyanın 20-ə yaxın ölkəsindən xeyli tələbə təhsil alır.

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin möhtəşəm məbədi olan Bakı Dövlət Universiteti 95 ildir ki, respublikanın bütün sahələrinə yüksək ixtisaslı kadrlar hazırlayır. Universitetin rektoru, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyindəki çıxışında bu barədə demişdir: "XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır".

Bu gün respublika alimlərinin əksəriyyətinin cəmləşdiyi Bakı Dövlət Universitetinin sükanı etibarlı əldədir. Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi çox haqlı olaraq qeyd edir ki, akademik Abel Məhərrəmov respublika elmi və təhsili üçün uğurlu tapıntıdır, elmin, təhsilin işgüzar təşkilatçısıdır. İndi gör-götür dünyasıdır. Dünyada elm və təhsil sahəsində baş verən yenilikləri öyrənərək, onu öz işində tətbiq etməsi onun gördüyü işin keyfiyyətini xeyli yüksəldir.

Bu son on ildə Bakı Dövlət Universiteti xeyli dəyişib. Böyük yüksəliş dövrü keçmiş təhsilimizin flaqmanının səsi-sorağı dünyanın tanınmış universitetlərindən gəlir. Qonaqlı-qaralı olan BDU bir sıra  beynəlxalq konfransların, forumların, seminarların təşkilində Azərbaycan elmini çox ləyaqətlə təmsil edir. Görkəmli adamlar BDU-nun qonağı olarkən onun dünya təhsil sisteminə inteqrasiyasını, bir sözlə, yüksəlişini çox dəyərləndirirlər.

UNESCO-nun Baş direktoru K.Matsuura BDU-da olarkən demişdir: "Mən ikinci dəfədir ki, BDU-nun qonagı oluram... İkinci gəlişim zamanı qısa vaxt keçsə də, universitetdəki böyük dəyişikliklərin şahidi oldum".

Hazırda respublikanın aparıcı təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində 20 minə yaxın tələbə təhsil alır. 3 minə yaxın professor-müəllim heyəti onların təlim-tərbiyəsi ilə məşğuldur, 30-dan çox elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Nanomateriallar, nanotexnologiyalar, ümumiyyətlə, nanoelm dünyada XXI əsrin strateji istiqaməti kimi müəyyənləşdirildiyindən universitetdə Nanoaraşdırma Mərkəzi yaradılmışdır.

Deyirlər ki, uğurun yol yoldaşı nizam-intizamdır. Universitetdə qazanılan hər bir uğur həm də nizam-intizamın sayəsində əldə olunur. BDU-nun professor-müəllim  kollektivi ölkəni inkişaf etdirib irəli aparacaq gənclərin elmi və təhsili ilə yanaşı, onların Azərbaycanın layiqli, intizamlı, vətənini sevən  vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin "oğul yadigarı" Bakı Dövlət Universiteti bu gün də respublikamızda elmin inkişafına öz töhfəsini verir, təhsilin dünya standartlarına uyğun təşkil olunmasında başlıca rol oynayır. Elm və təhsildə qazanılan hər bir uğurda çoxminli universitet kollektivinin əməyi xüsusilə qeyd edilməlidir.

Mən 1969-cu ildən indiyədək yüksək səviyyədə keçirilən yubileylərin iştirakçısıyam. Söz yox ki, doğma universitetin 95 illiyi də adına layiq səviyyədə keçiriləcək. Dünəninə işıq saçan Bakı Dövlət Universitetinin bu gün qalxdığı hər pillə sabahkı həyatımızın təməli, yolgöstərənidir.  

* * *

2014-cü il həm də Jurnalistika fakültəsinin yaranmasının 45 illiyidir. Jurnalistika elə bir ictimai institutdur ki, müasir şəraitdə onsuz keçinmək olmaz. Heç də təsadüfi deyil ki, cəmiyyətə təsir gücünə görə onu "4-cü hakimiyyət" adlandırırlar.

Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi yaranmamışdan hələ çox əvvəl, dəqiq desək, 1928-ci ildə jurnalistika kafedrası mövcud olmuşdur. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi açıldı. Yeni yaranan partiya - sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının ilk müdiri, tarix elmləri namizədi, dosent Həsən Şahgəldiyev idi. "Yeni yol", "Nuxa fəhləsi" qəzetlərinin redaktoru olmuş təcrübəli qəzet işçisi H.Şahgəldiyev 1952-ci ilə kimi bu vəzifədə çalışdı.

H.Şahgəldiyevlə bağlı 1958-ci ildə olmuş bir hadisəni yada salmaq yerinə düşər. Həmin ildə H.Şahgəldiyevin rəhbərliyi altında "Oçerki istorii Kompartii Azerbaydjana" kitabı nəşr olundu. Kitabın nəşri Moskvanı razı salmadı, onu millətçilikdə suçladı. Kitabın müzakirəsində Moskvadan gələn nümayəndə öz narazılığını gizlətmədi. Yığıncaqda iştirak edən Şıxəli Qurbanov Şirməmməd Hüseynovdan  (o vaxt onun 34 yaşı vardı) xahiş etdi ki, çıxış edib fikrini bildirsin. Ş.Hüseynov da çıxış edərək, Moskvadan gələn nümayəndənin narazılığının səbəbini qorxmadan, çəkinmədən yığıncaq iştirakçılarına çatdırdı. Sən demə, kitabda Nəriman Nərimanovun adı 220, Şaumyanın adı isə on dəfə az çəkilmişdi. Moskvanı da narahat edən bu imiş.

Jurnalistika şöbəsində Nəsir İmanquliyev, Nüsrət Bağırov, Qılman Musayev (İlkin), Cümşüd Əzimov, İsrafil Nəzərov kimi jurnalistlər dərs deyirdi. Fəxrlə deyə bilərik ki, elm aləmində tanınan Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev və bir çox digər görkəmli şəxslər gələcək jurnalistlərin müəllimləri idilər.

1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılışı olmuşdur. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuat tariximizin yorulmaz tədqiqatçısı, bizim hamımızın müəllimi, Prezident təqaüdçüsü, H.Zərdabi və Y.Məmmədəliyev mükafatları laureatı, "ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən və bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalist" (Bəxtiyar Vahabzadə) Şirməmməd Hüseynov şöbənin ilk məzunlarındandır.

Böyük Vətən müharibəsindən sonrakı illərdə jurnalist təhsilinə dövlət tərəfindən diqqət artırıldı. 50-ci illərin sonunda əyani şöbə ilə yanaşı, qiyabi şöbənin Azərbaycan və rus bölmələri açıldı. Rus bölməsi uzun illər fəaliyyət göstərmiş, 90-cı illərin əvvəllərində məlum hadisələrlə bağlı fəaliyyətini dayandırmışdır. Sonralar rus bölməsi fəaliyyətini bərpa etdi.

1969-cu il jurnalist təhsili tarixində əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə çevrildi. O vaxtdan nə az, nə çox, düz 45 il keçir. Fakültənin ilk dekanı, yazıçı-publisist, professor Nurəddin Babayev olmuşdur. Bilik və təcrübəsini tələbələrə həvəslə öyrədən N.Babayev Azərbaycanda bədii oçerkin inkişafına həsr olunmuş "Mübariz janr", "Oçerk sənətkarlığı", "Elə yaz ki..." kimi kitabların müəllifidir. Jurnalist etikasından mühazirələr oxuyan N.Babayev tələbələrə aşılayırdı ki, jurnalist etikası bütün etikaların ən mütərəqqisi, ən insanpərvəri, ən zərif etikasıdır. Gərək elə yazasan ki, qüsurlar, əyintilər sənin yazında hamarlanıb düzəlməsin, həyat həqiqətləri təhrif edilib saxtalaşdırılmasın.

1971-ci ilə kimi fakültədə bir kafedra - Partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi (sonralar Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi adlanıb) kafedrası fəaliyyət göstərirdi. 1973-cü ilədək ona professor Nurəddin Babayev, həmin ildən 2003-cü ilədək Azərbaycanda jurnalistika elminin inkişafında böyük xidmətləri olmuş, jurnalistikaya dair kitabların müəllifi, şair, publisist, professor Famil Mehdi başçılıq etmişdir.

Keçən əsrin 70-80-ci illərində fakültə əməkdaşları jurnalistikanın əsas janrlarının tədqiqinə, onun nəzəri əsaslarının yaranması və inkişafı, televiziya və radio jurnalistikasının əsasları, tərcümə problemlərinə, mətbuat tariximizin öyrənilməmiş sahələrinə həsr olunmuş 21 kitab yazmış və elmi məcmuələrdə 300-ə yaxın məqalə dərc etdirmişlər.

Respublikamız müstəqillik əldə etdikdən sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Əslində, Azərbaycanda yeni jurnalistikaya keçid müstəqillikdən sonra daha geniş vüsət aldı. Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərmişdir. İlk özəl qəzetlər, ilk kommersiya televiziya kanalları meydana gəlmişdir. Cəmiyyətdəki dəyişikliklər mətbuatda öz əksini tapırdı. Bir sözlə, müstəqillik kütləvi informasiya vasitələrini inkişaf yoluna çıxardı. Belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən jurnalist kadrları hazırlamaq müəllimlərin daha məsuliyyətli olmasını ön plana çəkirdi.

Bugünkü jurnalistika fakültəsinin tələbələri iyirmi il bundan əvvəlki tələbələr deyil. İndi onların dünyagörüşü və hadisələrə münasibəti dəyişib. Bunu nəzərə alan müəllimlər sovet dövrü Kiril əlifbası ilə buraxılmış kitablardan imtina edərək yeni ədəbiyyatlara üstünlük verirlər. Onu da bildirim ki, fakültə əməkdaşlarının media problemlərinə həsr olunmuş dərslik, dərs vəsaitləri mövcud boşluqları aradan qaldırmaq baxımından gərəklidir. Professorlar Şirməmməd Hüseynovun "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr" (2007), "Müstəqilliyin çətin yolu... reallıqlar, düşüncələr" (2009), Cahangir Məmmədlinin "Müasir jurnalistika" (2003), "Jurnalistikanın müasir inkişaf meyilləri" (2006), "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" (2012), Şamil Vəliyevin "Füyuzat ədəbi məktəbi" (2009), Nəsir Əhmədlinin "Jurnalistin nitq mədəniyyəti"

(2013), Alxan Bayramoğlunun "Sabir mətbuatda" (2006), "Azərbaycan jurnalistika məktəbləri" (2014), Yalçın Əlizadə və Qulu Məhərrəmlinin "Azərbaycan efiri: tarix və müasirlik" (2006), Qulu Məhərrəmlinin "Jurnalistikanın əsasları" (2012), Həmid Vəliyevin "İnformasiya agentlikləri" (2004), M.Mahmudovun "Ədəbi redaktə" (2008), dosentlər Aynur Bəşirli, Aynur Kərimova, Dilarə Vəkilovanın "Xəbərçilik" (2007), Sima Rəhimovanın "Jurnalist etikası" (2007), Sabir Məmmədovun "Beynəlxalq jurnalistika dünya media sistemində" (2013), İlham Mazanlının "KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi" (2014), bu sətirlərin müəllifinin "Dünya jurnalistika tarixi" (2010), "Jurnalistkanın əsasları" (2011), "Jurnalistika" I və II cild (2012, 2013), dosent Vüqar Əliyevin "Media imperiyası" (2012) kitabları jurnalistika sahəsində aparılan tədqiqatların nəticəsidir.

Jurnalist peşəsi çətin, xüsusi səy tələb edən məsuliyyətli peşədir. Bu gün jurnalistlərin səsi dünyanın hər yerindən gəlir. Onlar həyatın qaynar nöqtələrində olarkən onun ağırlıqlarını öz çiyinlərində daşımalı olurlar.

Ümummilli lider Heydər Əliyev cəmiyyətin həyatında jurnalistikanın rolunu yüksək qiymətləndirməklə yanaşı, onun çətin, məsuliyyətli peşə olduğunu qeyd etmişdir: "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, operativ qiymətləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir". Jurnalistikaya verilən  bu yüksək qiymət kütləvi informasiya vasitələri üçün kadr hazırlayan fakültə kollektivindən daha məsuliyyətli olmağı tələb edir.

Bu günə kimi fakültənin əyani və qiyabi şöbələrində təhsil Azərbaycan və rus dillərində aparılıb. Bu ildən əyani şöbədə ingilis dilində də tədrisə başlanmışdır. Fakültədə 400-ə yaxın tələbə təhsil alır. Onların arasında qardaş Türkiyə vətəndaşları da var.

2006-2007-ci tədris ilindən təhsil Bolonya bəyannaməsinin müddəaları əsasında həyata keçirilir. Təhsil iki pilləlidir: bakalavr və magistratura. Bakalavr pilləsini bitirənlərə "Jurnalist" ixtisası diplomu verilir. Magistrantlar 5 ixtisas üzrə hazırlanır: Publisist-jurnalist; jurnalistikanın nəzəriyyəsi; radio-televiziya jurnalistikası; mətbuat tarixi və beynəlxalq jurnalistika.

Fakültədə fəaliyyət göstərən tədris televiziya və radio studiyası, "Jurnalist" elmi araşdırma və qəzet laboratoriyaları, kompüter mərkəzi, Amerika səfirliyinin, multimedia mərkəzinin, həmçinin universitet rektorunun maliyyə dəstəyi ilə yaradılmış internet TV studiyası jurnalist tələbələrin ixtiyarına verilmişdir. Bu ildən fakültədə "Mənim imzam" layihəsi start götürüb. Tələbələr üçün nəzərdə tutulmuş layihədə onlar öz yaradıcılıqlarını nümayiş etdirəcək, yüksək yer tutanlar mükafatlandırılacaq.

"525-ci qəzet" və "Şərq" qəzeti fakültə tələbələrinin təcrübə bazasıdır.  Hər iki qəzet ayda bir dəfə qoşa səhifələrini tələbələrin hazırladığı "Jurnalist" qəzetinin ixtiyarına verir.

Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 4 kafedra fəaliyyət göstərir. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (müdir, professor C.Məmmədli), mətbuat tarixi (müdir, professor Ş.Vəliyev), televiziya və radio jurnalistikası (müdir, dosent A.Kərimova), beynəlxalq jurnalistika (müdir, professor H.Vəliyev).

Müxtəlif illərdə Jurnalistika fakültəsinə professor N.Babayev (1969-1970), professor Ş.Hüseynov (1970-1976), dosent S.Əliyev (1976-1979), professor T.Rüstəmov (1979-1988), dosent N.Zeynalov (1989), dosent A.Rüstəmov (1989-1999), professor Y.Əlizadə (1999-2012) rəhbərlik etmişlər. 2012-ci ilin may ayından fakültənin dekanı Ş.Vəliyevdir. Hazırda fakültə kollektivi jurnalist kadrların hazırlığına xüsusi diqqət yetirir, tədrisin keyfiyyətinin yüksəldilməsi qayğısına qalır.

Azərbaycan Prezidentinin xeyir-duası ilə builki tələbə qəbulu müsabiqə yolu ilə aparıldı. Qəbul olanların üstün cəhəti odur ki, fakültəyə yalnız jurnalist peşəsini seçənlər daxil olub. Onlar beynəlxalq standartlara uyğunlaşdırılmış tədris planı əsasında dərs keçirlər. Müasir tələblərə cavab verən yeni fənlər burada öz əksini tapıb.

Son illər fakültənin elmi tərkibində əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdi. Əvvəllər fakültədə yalnız iki professor vardısa, indi onların sayı 7-dir. 4 nəfər müəllim müdafiə şurasının üzvüdür.

Fakültədə kafedraların elmi-tədqiqat işlərinin yüksək səviyyədə aparılmasına xüsusi diqqət yetirilir. Hazırda müəllimlər jurnalistika və kommunikasiya nəzəriyyələrini, mətbuat tarixinin öyrənilməmiş səhifələrini, XXI əsrdə teleradionun inkişaf meyillərini, beynəlxalq jurnalistikanın aktual problemlərini araşdırır.

Sevindirici haldır ki, müəllimlərdən Ş.Hüseynov, Ş.Vəliyev, C.Məmmədli, N.Əhmədli və N.Yaqublu jurnalistikaya dair apardıqları tədqiqtlara görə Ali Media mükafatı ilə təltif ediliblər. Fakültənin iki müəllimi - Ş.Hüseynov və C.Məmmədli Prezident təqaüdünə layiq görülüb.

Respublikanın kütləvi informasiya vasitələrində çalışanların bir çoxu fakültənin yetirmələridir. Dövlətçilik prinsiplərinə sadiq, milli maraqların təəssübkeşi olan Bəxtiyar Sadıqov, Aslan Aslanov, Rəşad Məcid və başqaları fakültənin baş ucalığıdır.

Qarabağ müharibəsinin vurduğu yaralar fakültəmizdən də yan keçmədi. Müharibə bölgəsində şəhid olmuş iki məzunumuz - Alı Mustafayev və Kazımağa Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Kafedraların əməkdaşları bir sıra xarici ölkələrin jurnalistika fakültə və şöbələri ilə əlaqə saxlayır. Fransanın Lil jurnalistika məktəbi ilə yanaşı, Moskva, Kiyev, Lvov, Daşkənd, Astana, Tbilisi universitetləri ilə əlaqələr qurulmuşdur.

Kütləvi informasiya vasitələri üçün kadrların hazırlanmasında xidmətləri olmuş müəllimlər - Nurəddin Babayev, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov, Seyfulla Əliyev, Ceyran Əbdürrəhimova, Nəriman Zeynalov, Əliş Nəbili və digərləri universitetin 95, jurnalistika fakültəsinin 45 illiyində bir daha böyük ehtiramla yad edilir.

Fakültənin professor-müəllim kollektivi həmişə şərəfli tarixə malik milli mətbuatımızın beşiyi başında dayanmış demokratik ruhlu qələm sahiblərinin  ənənələrinə sadiqliyi ilə seçilmiş və indi də bu ənənələri gələcək jurnalistlərə aşılayır.

 

Akif RÜSTƏMOV,

BDU-nun dosenti

Azərbaycan.-2014.- 23 oktyabr.- S.6.