ABŞ müsəlman dünyasını qarışdırır

 

İnsanların hüquq və məsuliyyətinin harmoniyasının, siyasi fikir plüralizminin, cəmiyyətin ayrı-ayrı qrupları arasındakı fərqli yanaşmaların ortaq təminatı olan demokratiya  eyni zamanda mürəkkəb, aktual, ciddi mübahisələrə səbəb olan və maraq doğuran dəyərlərdən biridir. Demokratiya bir çoxlarının nəzərində insan hüquq və azadlıqlarının reallaşdırılması kimi başa düşülürsə, bəzilərinin nəzərində bu, öz maraqlarının təminatı, başqalarının mənafelərinə tuşlanan universal təsir vasitəsidir.

Lakin dünyaya demokratiya dərsi keçməkdə iddialı olan bəzi dövlətlər və təşkilatlar demokratiyadan, əvvəldə qeyd etdiyimiz kimi, yalnız öz maraqlarını təmin etmək, başqalarının işinə qarışmaq, ayrı-ayrı dövlətlərə təsir göstərmək vasitəsi kimi istifadə edirlər. Demokratiya adı altında hazırlanan inqilab ssenarilərinin ərəb dövlətlərində hansı fəlakətli nəticələrə gətirib çıxardığı göz önündədir. Müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin beynəlxalq hüquqa zidd fəaliyyətləri, "ikili standartlar"dan çıxış etməsi bəşəri və demokratik idealların əsl mahiyyətinə kölgə salır.

Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ özlərini dünyada "demokratiyanın beşiyi", "demokratik idealların qoruyucusu" kimi təqdim edir, beynəlxalq münasibətlərdə demokratiya məsələlərinə xüsusi önəm verdiklərini iddia edirlər. Lakin Avropa imperializminin dünyanın bir çox xalqlarının başına açdığı oyunlar tarixdən yaxşı məlumdur. Orta əsrlərdən başlayaraq dünyanın bölüşdürülməsi və talanması siyasəti nəticəsində Afrika, Asiya və Amerika xalqlarına vurulan maddi və mənəvi yaraların yeri yəqin heç vaxt sağalmayacaqdır! Yüzminlərlə afrikalının, asiyalının soyqırımı və əsrlər boyu talanan maddi sərvətlər bugünkü Avropanın bəzi dövlətlərinin sürətli inkişafının səbəbləridir.

ABŞ-a gəldikdə, hazırda demokratiya carçısı olan bu dövlət yaranandan bəri yerli əhaliyə qarşı dəfələrlə soyqırımı törədib və nəticədə 3 milyondan çox hindu öldürülüb. XIX əsrə qədər ABŞ-a Afrikadan 12 milyondan çox kölə gətirilib. Düzdür, köləlik ABŞ-da rəsmən 1865-ci ildə qadağan edilib. Lakin irqi və dini, o cümlədən dini ayrı-seçkilik və dözümsüzlük bu ölkədə müasir dövrümüzdə də davam edir. Nyu Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir! Bu ölkədə 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda, ya da istintaq təcridxanasındadır!

İkinci dünya müharibəsi başa çatdığı ərəfədə, Yaponiyanın məğlubiyyətinin labüd olduğu bilinsə də, Xirosimaya və Naqasakiyə atom bombalarının atılmasının, Vyetnamda baş verənlərin, Koreyanın bölünməsinin və digər bu kimi tarixdə izi qalan qanlı proseslərin müəllifi də məhz ABŞ-dır. Yaponiyaya atılan atom bombaları nəticəsində 100 min nəfərə qədər mülki yapon vətəndaş öldürülmüş və yüzminlərlə insan şikəst olmuşdur.

Bu hadisələrin siyasi, milli və mənəvi fəsadları hələ də davam etməkdədir. Əlavə edək ki, Vyetnamda 1962-1971-ci illər arasında mülki insanlar qətlə yetirilib, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından (dəmir çəlləklərdəki zəhərli qazın etiketinin rənginə görə bu zəhərli qaza portağal qazı da deyilir) istifadə edərək 5 milyon vyetnamlı öldürülüb və şikəst qalıb. Koreya xalqı isə iki yerə bölünərək bir-birinə düşmən edilib.

Keçmiş SSRİ-nin dağılması ilə fövqəldövlət statusunu bir qədər artıran ABŞ bu gün dünyanın siyasi nizamının müəyyən edilməsində rol oynamaq üçün bütün siyasi və hərbi vasitələrdən yararlanır. Son illərin siyasi mənzərəsinin təhlili ABŞ-ın bu sahədə həyata keçirdiyi siyasətinin böyük fəsadlar yaratdığını üzə çıxarır. Bunun ən real təsdiqini isə son illərdə ərəb ölkələrində baş verən olaylar əyani surətdə təsdiq edir. Maraq doğuran məqam isə odur ki, özünü "demokratiya beşiyi" sayan ABŞ "ikili standartlar" səbəbindən bu istiqamətdə hələ də fəal siyasət yürüdür. Axı ABŞ-ın birbaşa müdaxiləsi ilə müxtəlif ölkələrdə, o cümlədən ərəb dünyasında yaşananların hansı dəhşətli nəticələrə gətirib çıxardığını okeanın o tayında da aydın sezirlər. Buna rəğmən, ABŞ qeyd olunan istiqamətdə müsəlman dünyasına qarşı düşmənçilik siyasətini davam etdirir. Ekspertlər isə bunu təsadüfi saymır və hesab edilir ki, əslində, ABŞ rəhbərliyi hələ də dünya imperiyası qurmaq niyyətindən əl çəkmədiyi üçün meydana belə bir dağıdıcı mənzərə çıxıb. Özü də ABŞ istəyinə çatmaq üçün beynəlxalq hüquq normalarını da yeri gələndə çox asanlıqla poza bilir. Hər halda, 2001-ci il sentyabr hadisələrindən sonra baş verənlər də bunun təsdiqi hesab edilə bilər. ABŞ-ın Əfqanıstana və İraqa bundan sonra edilən müdaxiləsi hələ də bu iki ölkəni böyük xaos mənbəyinə çevirib. Xüsusən, 2003-cü ildən İraq dövlətinin işğalı ABŞ-ın imperialist və işğalçı siyasətini bir daha çılpaqlığı ilə ortaya qoydu. 2003-cü ilin yazından bu ərəb dövləti qan çanağını xatırladır. Səddam Hüseynin vaxtında sabit dövlət olan İraqda xüsusən dini ədavət Qərb tərəfindən qızışdırıldı. Digər tərəfdən, ABŞ işğalına qarşı baş qaldıran müqavimət indiyədək yüz minlərlə İraq vətəndaşının həyatına son qoyub. İraqın ərazi bütövlüyü formal olaraq qalsa da, faktiki olaraq bu ölkə parçalanıb. ABŞ bu ölkədə istədiyini tapa bilmədi: yəni iddia olunan "kimyəvi silahlar" tapılmadı. Amma ABŞ əsl istəyinə çatdı. Bu istək isə İraq nefti idi!

Bir məsələni də qeyd edək ki, İraq və Əfqanıstanda keçirilən əməliyyatlarda ABŞ hərbçiləri yüksək dəqiqliyə malik olan silahlarla hərbi hədəfləri deyil, mülki insanları öldürüb. ABŞ əsgərləri İraq və Əfqanıstanda mülki insanların cəsədlərini təhqir edərək xatirə şəkilləri çəkdiriblər. Bütün bunlar nəticə etibarilə ABŞ-ın müsəlman dövlətlərinə, müsəlman əhaliyə düşmən münasibətinin göstəricisi olmaqla, məqsədinin sülh və demokratiya olmadığını aydın göstərir.

 Eləcə də Tunis, Misir, Liviya, Suriyada hələ də ABŞ-ın qurduğu məkrli oyunların acı nəticələri yaşanmaqdadır. Ümumiyyətlə, ərəb ölkələrində davam edən siyasi kataklizmlərin təkcə daxili səbəblərdən qaynaqlandığını düşünmək sadəlövhlük olardı. Həmin hadisələri şərh edən dünyanın aparıcı beyin mərkəzləri və tanınmış politoloqlar hesab edir ki, Tunis, Misir, Liviya və digər dövlətlərdə müşahidə olunan proseslər daha çox ABŞ-ın ərəb dünyasında sarsılmış mövqelərini bərpa etmək və möhkəmləndirmək cəhdinin təzahürüdür. Bunun nəticəsidir ki, qeyri-sabit dövrə qədəm qoyan ərəb ölkələrində hadisələrin indiki axarda cərəyan etməsinin arxasında ABŞ-ın durması barədə mütəmadi məlumatlar səslənir. Həmin məlumatlardan aydın olur ki, məhz ABŞ indi adları dünya mediasında gündəlik hallanan, qeyri-sabit vəziyyətin hökm sürdüyü ərəb ölkələrində müxtəlif qruplarla danışıqlara gedib. Həmin qruplara müxtəlif formada yardımlar göstərib. Lakin bundan son nəticədə əziyyət çəkən öz maraqları naminə müxtəlif oyunlar quran ABŞ yox, həmin ölkələrin xalqlarıdır.

Bu gün isə İraq və Suriya kimi dövlətlər ABŞ-ın bir vaxtlar yaratdığı "əl-Qaidə" avantürasının məntiqi davamı olan "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı terrorçu qruplaşmanın zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük problemlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də təhdidlər yaradır.

Hələ illər öncədən fəaliyyətə başlayan "İŞİD" terrorçu qruplaşması bu ilin yayında İraqın ikinci ən böyük şəhəri olan Mosulu, onun ardınca Tikrit və digər yaşayış məntəqələrini tutması isə bütün dünyanın diqqətini özünə çəkib. Lakin maraqlısı odur ki, ABŞ-ın 2003-cü ildə S.Hüseyn hakimiyyətini işğal yolu ilə devirməklə başlayan və milyardlarla dollara başa gələn "İraq demokratiyası" qara bayraqlı, xüsusi amansızlığı ilə hətta ən qəddar terror təşkilatlarını da təəccübləndirən başkəsənlər ordusu tərəfindən cəmi bir neçə günə darmadağın edildi. Bu isə ABŞ-ın İraqda indiyə qədər həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Çünki məhz ABŞ-ın siyasəti nəticəsində parçalanan İraq getdikcə zəifləyir. İndi Amerikanın özündə də etiraf etməyə başlayıblar ki, 2003-cü ildə Corc Buş administrasiyasının S.Hüseyni devirmək üçün bu ölkəyə hərbi müdaxilə qərarı böyük səhv idi. Çünki Səddamın devrilməsi İraqa demokratiya yox, terror və ölüm gətirdi. "Əl-Qaidə" terrorçularının hər gün qanlı kamikadze hücumları həyata keçirdiyi, hər gün onlarla, yüzlərlə insanın terror qurbanı olduğu ölkədə ABŞ-ın dəstəklədiyi hökumət heç cür sabitliyə nail ola bilmir. Baş verənlər, heç şübhəsiz ki, ABŞ-ın Yaxın Şərq siyasətinin iflasıdır. Birləşmiş Ştatlar administrasiyası Ukrayna böhranı qarşısında baş sındırdığı bir vaxtda ABŞ-ın "İraq demokratiyası" sürətlə məhv olur!

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, "İŞİD"in əsas ilhamvericisi də məhz ABŞ sayılır. Çünki bu qruplaşma Suriyada Bəşər Əsəd hakimiyyəti əleyhinə mübarizə apardığından ABŞ-dan da hərbi yardımlar alıb. Suriyada onlar döyüş təcrübəsi qazandılar və hətta müəyyən uğurlara da nail oldular. Lakin Bəşər Əsədi devirmək üçün qurulan planlar nəticə vermədiyindən bu dəfə İraqa doğru yönləndirildilər.

Görünən odur ki, ABŞ-ın müsəlman ölkələrinə qarşı düşmən siyasəti rəsmi Vaşinqtonun iddia etdiyi kimi onlara xoşbəxtlik deyil, bədbəxtlik gətirib. Elə Suriyada xaosun hökm sürməsinin əsas səbəbkarlarından biri məhz ABŞ-dır. Hazırda bu ölkədə Kobani şəhərində qanlı döyüşlər gedir. ABŞ-ın isə havadan atdığı silahlar əslində döyüşən tərəfləri qızışdırmaqdan başqa bir şey deyil. Həmin silahların "İSİD" döyüşçülərinin əlinə keçməsi deyilənlərin sübutudur.

ABŞ-ın Azərbaycana qarşı münasibətində də kifayət qədər ziddiyyətli məqamlar var. Azərbaycanla ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətləri qurulub. 1993-cü ildən etibarən bu münasibətlər yüksələn xətlə inkişaf edib və tədricən strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hazırda Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə kimi bütün dünya ictimaiyyətini düşündürən aktual məsələlər ətrafında uğurlu əməkdaşlıq telləri mövcuddur. ABŞ rəsmiləri dəfələrlə elan ediblər ki, Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşıdır.

Lakin reallıqda bəzən tamamilə başqa situasiya görünür. Bu xüsusən Azərbaycanda demokratik vəziyyətlə bağlı məsələlərdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda özünü göstərir. Öncə ondan başlayaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri ABŞ-dır. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəklədiyini bəyan edir. Lakin BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermədə neytral qalır. Gürcüstan və Ukrayna ilə bağlı müzakirələrdə isə əks mövqe nümayiş etdirir. Bu rəsmi Vaşinqtonun Azərbaycana münasibətdə öz siyasətində səmimi olmamasının aydın təzahürüdür. ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi yardımlar bu ölkənin elan etdiyi sülh prinsipləri ilə qətiyyən uzlaşmır. Digər tərəfdən, beynəlxalq terrorizmə qarşı müharibə elan edərkən özünün məhkum etdiyi erməni terrorçuları vaxtından əvvəl əfv etməsi onun "ikili standartlar"dan çıxış etməsinin bariz nümunəsidir.

ABŞ-ın münasibətlərdəki qeyri-səmimiliyi demokratiya, insan hüquq və azadlıqlarının qorunması kimi məsələrdə də özünü göstərir. Yazının əvvəlində ABŞ-da yerli xalqlara qarşı törədilən soyqırımından bəhs etdik. Lakin təcrübə göstərir ki, dünyaya "demokratiya dərsi" keçməkdə iddialı olan ABŞ-da indinin özündə də insan haqları kifayət qədər və kobud şəkildə pozulur, xüsusən qaradərili vətəndaşlara qarşı ciddi ayrı-seçkilik hökm sürür.

Məsələn, bu il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislər 18 yaşlı silahsız zənci Maykl Braunu qətlə yetiriblər. Bu hadisə Qərb demokratiyasının iç üzünü və konkret olaraq sözügedən ölkədə insan hüquqlarının təminatına məhəl qoyulmadığını göstərdi. Çünki M.Braun əllərini yuxarı qaldırsa da, polis buna məhəl qoymayıb və onu güllələyib. Bu hadisə bir tərəfdən insanın yaşamaq hüququnun əlindən alınması, digər tərəfdən ABŞ-da demokratik dəyərlərə olan sayğısızlığın və irqçiliyin baş alıb getməsinin bariz təzahürüdür.

Qətldən sonrakı hadisələr də ABŞ-da irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq, söz və məlumat azadlığı kimi fundamental hüquqlarının pozulduğunu açıq nümayiş etdirdi. Belə ki, Ferqyuson şəhərində bu hadisəyə haqlı olaraq etiraz edənlərin dağıdılması üçün milli qvardiya yeridilib, komendant saatı elan olunub, etirazçılara qarşı polis dəyənəyindən, gözyaşardıcı qazdan, su şırnağından, rezin güllələrdən və digər xüsusi vasitələrdən istifadə olunub.

Ferqyuson şəhərindəki hadisələr ABŞ-ın bu məsələlərdə də demokratik dəyərlərə sayğısızlığı baxımından iç üzünü ortaya qoydu. Belə ki, müxtəlif ölkələrdə jurnalist fəaliyyətinə yaradılan məhdudiyyətləri sərt tənqid edən ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkənin özündə media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır.  Çünki Ferqyusondakı hadisələri işıqlandıran, ABŞ hakimiyyət orqanlarını tənqid edən ictimai fəallar, jurnalistlər sərt təzyiqlərə, həbslərə məruz qalıblar.

Bütün bunlara rəğmən ABŞ-ın dəstəklədiyi bəzi təşkilatlar Azərbaycanla bağlı həqiqətə uyğun olmayan mənfi imic formalaşdırmağa cəhdlər edirlər. Ona görə ki, uzun illərdir Azərbaycanda özünün "5-ci kolonunu" formalaşdıran Qərb dairələri daha əvvəlki kimi ictimai rəylə manipulyasiya edə bilmir.  Ona görə ki, antimilli QHT şəbəkəsi, ayrı-ayrı "xüsusi statuslu" fərdlər qanunların tələblərinə riayət etməyə dəvət olunurlar! Ona görə ki, QHT adı altında erməni xüsusi xidmətləri ilə əməkdaşlıq edənlər, düşmənin sifarişlərini yerinə yetirənlər məsuliyyətə cəlb olunurlar! Lakin ən azından Ferqyuson şəhərində baş verən hadisələrdən sonra bütün dünya gördü ki, ABŞ-ın demokratiya adı altında digər ölkələrə olan münasibəti əslində öz maraqlarını təmin etməkdən, başqalarının işinə qarışmaqdan, sabit cəmiyyətləri qarışdırmaq niyyətindən başqa bir şey deyildir!

Hazırda müsəlman ölklərinin ictimai rəyində daha  ABŞ-a rəğbətlə yanaşılmır. Rəsmi Vaşinqtonun indiki siyasətini davam etdirməsi isə bu dövlətə olan inamı bütün dünyada tamamilə alt-üst edəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.1.