Prezident İlham Əliyevin İsmayıllıya səfəri işgüzarlığı daha da artırıb

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti ilə həyata keçirilən abadlıq-quruculuq işləri İsmayıllı rayonunun simasını tamamilə yeniləşdirib. Rayonda inkişaf son dövrlər daha sürətlə gedir, iqtisadiyyat artır, mövcud imkanlardan səmərəli istifadə olunur. Görülən işlər insanların ürəyincə olduğuna görə əhvali-ruhiyyə də yüksəkdir.

Dövlətin, Prezident İlham Əliyevin  rayona diqqətini və qayğısını yüksək qiymətləndirən sakinlər işgüzarlığı və təşəbbüskarlığı artırmağa çalışırlar. Ötən illərin biganəliyindən, "tin söhbətləri" ilə vaxt öldürməkdən əsər-əlamət qalmayıb. İndi İsmayıllı gəncləri təhsildə, idmanda, ayrı-ayrı əmək sahələrində daha çox uğurlar qazanır,  yaşadıqları rayonun qabaqcıl bölgələr sırasında bərqərar olması üçün üzərlərinə düşən məsuliyyəti dərk edir, tapşırılan işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Rayonda vətənpərvərlik ruhu da yüksəkdir. Bu məsələdə İsmayıllı şəhərindəki Şəhidlər xiyabanının yenidən qurulması, vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edənlərin xatirəsinin əziz tutulması əhəmiyyətli rol oynayır. Bu ehtiram və diqqət gənclərin ordu sıralarına hazırlanmasına da müsbət təsir edir.

Ötən əsrin 41-45-ci illərində alman faşizminə qarşı müharibədə İsmayıllı rayonundan 6010 nəfər iştirak edib (8 nəfəri qadın olmaqla). Onlardan 4008 nəfərin "qara kağızı" gəlib. Müharibədən dönənlərin çoxu orden-medallarla qayıdıb. İstər Qarabağ, istərsə də alman faşizminə qarşı müharibələrin veteran və iştirakçıları, onların ailə üzvləri  lazım gələndə hər hansı çətinliklərinin həlli üçün böyük inamla rayon icra hakimiyyətinin qapısını döyürheç vaxt ümidsiz qayıtmırlar.

Rayondakı genişmiqyaslı tikinti-quruculuq işləri ilə yanaşı, insanların qəlbində, düşüncəsində də yenilənmə gedir. İsmayıllı sakinləri artıq özlərini geniş prospekt və küçələri, yaraşıqlı binaları, gözəl parkları, gündüz kimi axşamları,  gecələri də nura boyanan müasir bir bölgənin sakinləri kimi hiss edirlər.  

Keçən ay Prezident İlham Əliyevin İsmayıllıya səfəri, görülən işlərlə bağlı razılığı bu gözəl yurdun sakinlərinin qurub-yaratmaq əzmini daha da artırıb. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, körpələr evi-uşaq bağçasının, rayon mədəniyyət sarayının (əsaslı təmirdən sonra), Yeni Azərbaycan Partiyası İsmayıllı  rayon təşkilatının inzibati binasının açılışlarında iştirak edən, əsaslı yenidənqurmadan sonra rayon icra hakimiyyətinin inzibati binası ilə tanış olan dövlət başçısı tibb işçiləri və ictimaiyyətin nümayəndələri ilə görüşündə demişdir: "Xəstəxananın əsaslı təmirdən sonra açılışı rayon sakinləri üçün gözəl hadisədir. İndi burada bütün imkanlar var. Gözəl şərait, avadanlıq və tibbi xidmət də buna uyğun şəkildə yüksək səviyyədə olmalıdır. Çünki insanların sağlamlığı, əlbəttə ki, hər bir insan üçün, dövlətimiz üçün çox vacibdir. Yeni gənc nəsil yetişir. Onlar  da fiziki, mənəvi cəhətdən sağlam olmalıdırlar".

Rayonun sürətlə inkişaf etdiyini, infrastruktur layihələrinin, o cümlədən içməli su, kanalizasiya layihəsinin icra olunduğunu, İsmayıllının kənd yollarının tikintisi üçün vəsait ayrıldığını qeyd edən ölkə rəhbəri rayonun inkişafı ilə bağlı konkret proqramların olduğunu bildirmişdir: "Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.

Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam". 

1978-ci ildə tikilmiş İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. 2012-ci ilin avqustunda bu başlanıb və yüksək səviyyədə həyata keçirilib. Görülən yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.

Prezident İlham Əliyevin İsmayıllıya səfəri rayon sakinlərinin həyatında unudulmaz hadisəyə çevrilib. Rayonda olarkən söhbət etdiyimiz insanlar hələ də dövlət başçısı ilə görüşün ovqatı ilə yaşadıqlarını bildirdilər. Mərkəzi rayon xəstəxanasının baş həkimi, tibb elmləri namizədi, "Tərəqqi" medallı Aftandil Rəhimovun ürəyi lap dolu idi: "Xəstəxanamızın yenidənqurmadan sonra açılışında möhtərəm Prezidentin iştirak etməsi, bizə xeyir-dua verməsi rayonun hər bir tibb işçisi üçün böyük şərəfdir. Cənab Prezident çıxışında xüsusi vurğuladı ki, əhaliyə göstərilən tibb xidməti də yaradılan şəraitə uyğun şəkildə, yüksək səviyyədə olmalıdır. Bu bizim üçün böyük məsuliyyətdir, çalışacağıq ki, işimizin öhdəsindən layiqincə gələk. Artıq xəstəxanamızda hər cür şərait yaradılıb. Bütün müasir avadanlıqla təmin olunmuş yeni travmatoloji şöbə açılıb. Təzə flüroqrafiya aparatı gətirilib. Rəqəmsal, Yaponiya istehsalı olan rentgen, ultrasəs aparatları həqiqi hərbi xidmətə çağırılan gənclərin dəqiq müayinə olunmasında mühüm rol oynayacaq.

Rayonda 26 nəfər böyrək çatışmazlığı olan xəstə var. Həftədə 3 dəfə dializ olunmaq üçün onlardan 14-ü Qəbələyə, Şamaxıya və Bakı şəhərinə gedirdi. Artıq xəstəxanamızda 4 müasir dializ aparatı qurulub, bundan sonra xəstələrimiz uzun məsafə qət etmək zorunda qalmayacaqlar. Bir sözlə, xəstəxanamızda artıq hər cür şərait yaradılıb ki, əhaliyə yüksək tibb xidməti göstərə bilək. Buna görə kollektivimiz adından möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm".

İsmayıllının tanınmış ziyalılarından olan əmək veteranı Cümşüd Hacıyev: "İllər öncə bəlkə ağlımıza belə gətirə bilməzdik ki, İsmayıllı bu qədər dəyişib inkişaf edər, müasir bölgəyə çevrilə bilər. Bütün bunlar hamısı dövlətimizin və onun başçısı cənab İlham Əliyevin qayğısı və diqqəti sayəsində mümkün olmuşdur. Rayonumuzda tam sabitlikdir. Hər kəs öz işi ilə məşğuldur. Abadlıq, tikinti-quruculuq işləri kəndlərimizi də əhatə edir. Gənclik böyük qüvvədir. Vaxtilə ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğını indi Prezident İlham Əliyev davam etdirir. Rayonumuzdakı Olimpiya İdman Kompleksi də cənab Prezidentin gəncliyə, onun sağlam yetişməsinə qayğısının təzahürüdür".  

İsmayıllı Dövlət HumanitarTexnologiya Kollecinin müəllimi Tərlan Mursalov: "Möhtərəm Prezidentin rayonumuza gəlişini səbirsizliklə gözləyirdik. Cənab Prezidentin gəlişi bizdən ötrü həm də bir sınaq idi; tapşırdığı işlər rayonda necə yerinə yetirilib. Nigarançılığımız uzun çəkmədi, dövlət başçısının dilindən rayonda görülən işlərlə bağlı razılıq dolu xoş sözlər eşitmək hər birimizin ürəyini dağa döndərdi. İnanırıq ki, rayonumuz bundan sonra  da ona bəslənilən etimadı layiqincə doğruldacaq".

Nizami Əhmədov, rayon sakini: "Ölkə rəhbərinin rayona gəlişi, insanlarla birbaşa ünsiyyətdə olması, onları qayğılandıran məsələlərlə maraqlanması olduqca təqdirəlayiqdir. Belə görüşlər görülən işlərə, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə, ümumilikdə Azərbaycanın daha firavan gələcəyinə inamı artırır. Səfərdən sonra İsmayıllıda sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün müvafiq vəsaitin ayrılması ilə əlaqədar imzaladığı sərəncama görə də rayon sakinləri adından cənab Prezidentə minnətdarlığımızı bildiririk".

Sakinlərin dediklərindən bir daha əmin olursan ki, dövlət başçısının qayğısı insanların sosial rifah halını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi rahatlığını, qurub-yaratmaq əzmini daha da artırıb.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.7.