Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyü müddətində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərdi

 

Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir.

Müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Respublikamızın 24 oktyabr 2011-ci tarixdə BMT Təhlükəsizlik Şurasına iki illiyə (2012-2013) qeyri-daimi üzv seçilməsi də bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda, müstəqil xarici siyasət yürütdüyünü bir daha təsdiqləmişdir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaratdı.

Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzvü kimi mühüm addımlar atmışdır. 2012-ci ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında bu quruma sədrlik etdi. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Azərbaycanın BMT TŞ-yə ilkin sədrliyi müddətində şura tərəfindən 3 qətnamə qəbul edilib. Bunlar Sudan və Cənubi Sudan arasında hərbi qarşıdurma, Cənubi Sudanda BMT Təhlükəsizlik qüvvələrinin mandatının artırılması və Qvineya-Bisauda hərbi çevrilişlə bağlı olub. Eyni zamanda, Azərbaycanın şuraya sədrliyi müddətində mətbuat üçün 7 bəyanat qəbul edilib, 13 açıq və 16 qapalı iclas keçirilib. 2012-ci il mayın 18-24-də TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri Qərbi Afrikaya səfər ediblər, mayın 26-27-də İstanbulda "Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar" adlı tədbir keçirilib. Oktyabrda Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrlik etdi. Bu dövrdə BMT TŞ-nin gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi. Azərbaycanın BMT TŞ-də sədrliyinin başa çatması ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunur ki, BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobalregional proseslərə toxunuldu və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi. İclasda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edildi və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səsləndi. Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ-nin sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanaraq onun gücləndirilməsinin vacibliyi qeyd edildi. Bəyanatda, həmçinin münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulandı.

Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir 3-9 oktyabr tarixlərində BMT TŞ-nin missiyasının Afrikaya səfəri olub. Məqsəd Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaqmüvafiq səviyyələrdə görüşlər keçirmək idi. Eyni zamanda, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi məqsədi daşıyan bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo, Ruanda, UqandaEfiopiyada olublar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutub. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılıb və yekunda birgə kommunike qəbul edilib. Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nin qeyri-rəsmi görüşünü də təşkil edib.

Azərbaycanın TŞ-də sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.

BMT TŞ-nin sədrinin missiyası BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı idi, Liviyanın paytaxtı Tripoli şəhərində oktyabrın 2-də Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsindəki Afrika İttifaqı və BMT-nin Birgə Əməliyyatı, BMT-nin Mali və Konqodakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilər ilə əlaqədar altı bəyanatı qəbul edilib. Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT-nin Katibliyi, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT TŞ-də sədrliyin başa çatması münasibətilə rəsmi tədbir keçirib.

BMT TŞ-yə sədrliyin ikinci dəfə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi idi.  Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.

Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordanişğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.8.