Musiqi elminə həsr olunmuş şərəfli ömür

 

Elm xadimləri

 

Oktyabr ayının 24-də Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının  professoru, əməkdar müəllim Solmaz Qasımovanın anadan olmasının 85 illiyidir.

Görkəmli musiqişünas-alim, musiqi mədəniyyətimizi uzun illər boyu tədqiq edən və bu yolda neçə-neçə davamçısını yetişdirən Solmaz Qasımova Azərbaycanın milli-mənəvi dəyərlərinin, musiqi ənənələrinin qorunub saxlanılması naminə 60 ildən artıq bir dövr ərzində yorulmadan yazıb-yaratmış, gərgin elmi axtarışların bəhrəsi olan əsərləri ilə musiqi sənətinin inkişafına dəyərli töhfələr vermişdir.

Solmaz Qasımova Azərbaycan musiqişünaslığında öz sözü, dəst-xətti olan bir alimdir. Onun dəyərli irsi musiqi elmi üçün böyük maraq kəsb edir. Azərbaycan musiqisinin inkişafı yollarına, bəstəkar yaradıcılığına həsr olunmuş araşdırmaları bu günyeni tədqiqatlara təkan verir.

Azərbaycan musiqişünaslıq məktəbinin yaradıcılarından olan Solmaz Qasımovanın sanballı tədqiqatları yüksək qiymətləndirilmiş və gələcək musiqişünas alimlərimizin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, dolğun elmipedaqoji fəaliyyəti ilə bir neçə musiqiçi nəsli yetişdirmişdir.

Tanınmış Azərbaycan musiqişünasları - Ramiz Zöhrabov, Rəna Məmmədova, Tariyel Məmmədov, Ülviyyə Əsgərova, Nailə Kərimova, Sevil Fərhadova, Səadət Seyidova, Şəhla Mahmudova, Şirin Məlikova, Aida Hüseynova, bəstəkarlardan - Aqşin Əlizadə, Sevda İbrahimova, Firəngiz Əlizadə, Fərəc Qarayev, Ramiz Mirişli, Polad Bülbüloğlu, Afaq Cəfərova, eləcə də Xuraman Qasımova, Samirə Haşımova, Nigar Əliyeva və bir çoxları Solmaz Qasımovanın tələbələri olmuşlar.

Solmaz Cəlal qızı Qasımova 1929-cu il oktyabr ayının 24-də Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Cəlal Qasımov riyaziyyatçı-alim, Azərbaycan Dövlət Universitetinin (indi BDU) hörmətli müəllimlərindən olmuşdur.

Orta məktəblə yanaşı, 2 saylı musiqi məktəbində oxuyan Solmaz 1942-ci ildə keçmiş  Teatr İnstitutunun binasında Üzeyir Hacıbəylinin "Cəngi" əsərini fortepianoda ifa etmişdir. Onu şəxsən dinləyən dahi bəstəkar qızın ifasından razı qaldığını söyləmiş və bu unudulmaz görüş Solmazın gələcək sənət yoluna böyük təsir göstərmişdir.

1949-cu ildə Musiqi Texnikumunu bitirən Solmaz Qasımova sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına təqdim edir. Onu da qeyd etmək lazımdır ki, Musiqi  Texnikumunun fortepiano şöbəsində oxuduğu illər ərzində Solmaz Qasımovanın bütün nəzəri fənlərin öyrənilməsində çalışqanlığı və qabiliyyəti müəllimlərinin nəzərindən yayınmırdı. Bunu konservatoriyanın qəbul komissiyasının üzvlərihiss etmişdi. Təsadüfi deyil ki,  həmin dövrdə bu təhsil ocağının rektoru olan Qara Qarayevin məsləhəti ilə o,  nəzəriyyə-bəstəkarlıq şöbəsinə daxil olur.

Konservatoriyadakı təhsil illəri Solmaz Qasımovanın həyatında əlamətdar hadisəyə çevrilir. İlk gündən yorulmadan çalışır, birincilər sırasında olmaq istəyir. Bu, bir o qədər də asan deyildi. Axı o öz tələbə yoldaşlarından fərqli olaraq, nəzəriyyə şöbəsini deyil, fortepiano fakültəsini bitirmişdi. Lakin gərgin zəhmət, işgüzarlıq və özünə qarşı böyük tələbkarlıq onu arzusuna çatdırır.

Qeyd edək ki, ötən əsrin 50-ci illərində Azərbaycan Dövlət Konservatoriyasında çox güclü professor-müəllim heyəti çalışırdı. Solmaz xanım ona dərs deyən müəllimlərini hörmət və minnətdarlıqla yad edir: B.İ.Zeydman (polifoniya, opera dramaturgiyası), E.Q.Muradova (harmoniya), D.X.Danilov (musiqi tarixi), S.Musabəyova (fortepiano), S.Hacıbəyov (orkestr yazısı), Q.Z.Burşteyn (partitura oxunuşu) və rus musiqişünası D.V.Jitomirski (rus musiqisinin tarixi).

1954-cü ildə S.Qasımova konservatoriyanı fərqlənmə diplomu ilə bitirir. Həmin gün diplom işini müvəffəqiyyətlə müdafiə edən Solmazın sevincinə daha bir sevinc qatılır. Buna səbəb bəstəkarlıq fakültəsi tələbələrinin buraxılış konsertində Qara Qarayevin ona yaxınlaşıb yüksək səviyyədə yazdığı buraxılış işinə görə təbrik etməsi və musiqi elminin gələcək inkişafı yollarında ona verdiyi xeyir-duası idi.

Həmin ildən təhsil aldığı ali məktəbdə Musiqi tarixi və nəzəriyyəsi kafedrasında pedaqoji fəaliyyətə başlayan Solmaz Qasımova müəllim, dosent, professor vəzifələrinə kimi yüksəlir. Eyni zamanda, müxtəlif illərdə o, musiqi məktəblərində, Asəf Zeynallı adına Musiqi Məktəbində, Teatr İnstitutunda dərs deyir.

Ali məktəbdə çalışdığı illərdə Solmaz Qasımova konservatoriyada tədris olunan nəzəri fənlərin demək olar ki, əksəriyyəti üzrə mühazirə, seminar və məşğələlər aparır: "Xarici ölkələrin musiqi tarixi", "SSRİ xalqlarının musiqi tarixi", "Musiqi tənqidinin tarixi və nəzəriyyəsi", "Sovet musiqisi tarixi" və s.

Sözügedən illərdə Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycan dilində dərs deyən müəllimlər demək olar ki, yox dərəcəsində idi (X.X.Ağayeva və G.İsmayılovadan başqa). Solmaz xanım xarici ölkələrin musiqi tarixi fənnini Azərbaycan dilində tədris edən ilk müəllim və bu fənnin ilk dərs vəsaitinin müəllifi olmuşdur.

60-cı illərdə konservatoriyada ilk dəfə tədris olunan "Azərbaycan musiqi tarixi" fənninin də ilk mühazirəçisi, proqramlarının müəllifi məhz Solmaz Qasımova idi. Onun hazırladığı tədris vəsaitləri bu gün də tələbə və müəllimlərin müraciət etdikləri mənbədir.

Solmaz xanım 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına daxil olur və 1969-cu ildə Moskva Konservatoriyasının professoru İ.Y.Rıjkinin rəhbərliyi ilə "Azərbaycan bəstəkarlarının opera yaradıcılığında müasir mövzu" adlı  namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Azərbaycan opera sənəti ilə bağlı problemlər, elmi axtarışlar musiqişünas  alimin daim diqqət mərkəzində olmuşdur. Onun elmi yaradıcılığında opera sənətinin tədqiqi ilə bağlı mövzular geniş yer tutur. Onların arasında "Azərbaycan bəstəkarlarının operalarının musiqi dilində xəlqilik cəhətləri", "Azərbaycan operaları", "Fikrət Əmirovun "Sevil" operasının musiqi dilinin xalq mənbələri", 1973-cü (I hissə) və 1986-cı (II hissə) illərdə nəşr olunmuş "Azərbaycan bəstəkarlarının opera yaradıcılığı" adlı kitabları Azərbaycan bəstəkarlarının müxtəlif illərdə yaratdıqları operaların janr xüsusiyyətlərinə, ümumiyyətlə, opera janrının Azərbaycanda təşəkkülü və inkişafının tədqiqinə həsr olunmuşdur. Müəllif hər bir əsərin dramaturgiyasını, bədii-intonasiya məzmununu, forma quruluşunu, orkestrharmonik dilini ətraflı surətdə təhlil edir. Bu baxımdan çox önəmli olan odur ki, tədqiq edilən operaların musiqi dili milli-xalq mənbəyi mövqeyindən təhlil olunmuşdur. Tədqiqatçının qarşısına qoyduğu məqsəd dünya opera musiqisinin Azərbaycan bəstəkarlarının yaradıcılığında milli mənbə, xalq musiqisinin səciyyəvi cizgiləri ilə üzvi bağlılığını aşkarlamaqdır. Beləliklə, müəllif opera musiqisinin lad-harmonik xüsusiyyətləri haqqında maraqlı nəticələr əldə etmişdir. Bu kitablarda Ü.Hacıbəylinin "Koroğlu", M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", C.Cahangirovun "Azad" operaları ətraflı təhlil olunmuşdur. Eyni zamanda, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının ənənələrini davam etdirən, muğam operasına yeni ahəng və yollar tapan bəstəkarların - C.Cahangirovun "Xanəndənin taleyi", Ş.Axundovanın "Gəlin qayası" operaları, eləcə də son dövrdə yaranmış müasir operaların təhlili verilmişdir.

Solmaz Qasımova Azərbaycan bəstəkarları və ifaçılarının həyat və yaradıcılığına həsr olunmuş bir çox monoqrafiyaların da müəllifidir. "Cahangir Cahangirov" (1964), "Süleyman Ələsgərov" (1974), "Azər Rzayev" (1981), "Tofiq Quliyev" (1995), "Ramiz Quliyev" (1998), "Fikrət Əmirov" (2004) monoqrafiyalarında hər bir bəstəkarın yaradıcılıq portreti, əsərlərinin bədii və üslub xüsusiyyətləri, milli incəsənətdə, musiqi mədəniyyətimizdə rolu, tarixi xidmətləri geniş işıqlandırılmışdır.

Solmaz xanımın operabalet janrına olan marağı Azərbaycan operabalet  sənətinin tarixinə həsr olunmuş "İz istorii azerbaydjanskoy operı i baleta (1908-1988)" adlı kitabda öz davamını tapmışdır. Burada müəllif milli musiqili səhnə janrlarının keçdiyi inkişaf yolunu işıqlandıraraq hər bir əsəri dəyərləndirmiş, tarixi təkamül prosesində yerini müəyyənləşdirmişdir.

Solmaz Qasımova çox sayda metodik tövsiyə, göstəriş, proqram və tapşırıqların da müəllifidir. Azərbaycan musiqisinin aktual məsələləri ilə bağlı tədqiqatlar, tədris-metodik ədəbiyyatla yanaşı, professor S.Qasımova respublikanın ən görkəmli musiqi publisistlərindən biridir. Onun "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi", "Vışka" qəzetlərində ölkənin musiqi həyatında baş verən mədəniyyət hadisələri, görkəmli sənətkarların yaradıcılığı, yubileyləri, yeni teatr tamaşalarına və konsertlərə həsr olunmuş yüzlərlə elmi-publisistik məqalə, oçerkləri çap olunmuşdur. Bunlardan Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası, Qara Qarayev, Fikrər Əmirov, Xəyyam Mirzəzadə, Ramiz Quliyevin yubileyləri, ListErkelin ənənələri,  Gürcüstan baleti, Kiyev operettası, Rodion Şedrinin konserti, "Yevgeni Onegin" operasının premyerası haqqında məqalələrini yada salmaq olar. Bu yazılarda mahir qələm ustasının hadisələri canlı şəkildə əks etdirmək qabiliyyəti ilə yanaşı, onun maraq dairəsinin geniş olduğu da özünü aydın büruzə verir.

 Solmaz Qasımovanın keçmiş sovetlər məkanının bir çox şəhərlərində keçirilən musiqi elminin müxtəlif problemlərinə həsr olunmuş elmi konfrans, simpozium və plenumlardakı məruzələri yüksək mədəniyyət, intellekt, aydın təfəkkür, dərin analitik mühakimə yürütmək qabiliyyətini nümayiş etdirmişdir. Daşkənddə keçirilən melodiya probleminə həsr olunmuş konfransda "Azərbaycan xalq musiqi melodiyasının bəzi xüsusiyyətləri", Bakıda B.V.Asafyevin 100 illiyinə həsr olunmuş konfransda "F.Əmirovun simfonik əsərlərinin kompozisiyadramaturji qanunauyğunluğunun bəzi xüsusiyyətləri", Kiyevdə keçirilən elmi konfransda "Xalq musiqisinin professional bəstəkarlıq yaradıcılığında dəyişkənliyi" mövzularında məruzələri dinləyicilərdə böyük maraq oyadırdı.

Solmaz xanım mütəmadi olaraq respublikadaonun hüdudlarından kənarda televiziya verilişlərində çıxış etmişdir. Moskva, Sankt-Peterburq, Donetsk, Kiyev, Daşkənd, Tbilisi, Voronej, Düşənbə, eləcə də Gəncə, Şuşa, Ağdam, Sumqayıt şəhərlərində Azərbaycanın görkəmli musiqiçiləri ilə qastrol konsertlərində iştirak etmiş, səslənəcək əsərlər, onların müəllifləri haqqında ətraflı və məzmunlu çıxışları ilə peşəkarlığını nümayiş etdirmişdir.

Solmaz xanım həm də şərəfli, qayğıkeş bir müəllim ömrü yaşamışdır. Məlumdur ki, müəllim peşəsi xüsusi qabiliyyət və istedad tələb edən bir sənətdir. Solmaz Qasımova məhz belə müəllimlərdəndir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarır.     

Özünə qarşı tələbkar, məsuliyyətli pedaqoq olan Solmaz xanımın musiqi tədrisi sahəsində də böyük xidmətləri var. O, Musiqi Akademiyası, orta ixtisasuşaq musiqi məktəbləri üçün dəyərli tədris vəsaitlərinin müəllifidir. Solmaz Qasımova musiqi ədəbiyyatı fənnindən  musiqi məktəbi şagirdləri üçün nəzərdə tutulmuş Azərbaycan dilində ilk dərsliyin müəllifidir. Müxtəlif illərdə onun "IV sinif üçün musiqi ədəbiyyatı" (R.Zöhrabovla birgə), "IV-VII siniflər üçün musiqi ədəbiyyatı" (1984, L.Mehmandarova, R.Zöhrabovla birgə), "V sinif üçün musiqi ədəbiyyatı" (R.Zöhrabov, T.Hüseynova ilə birgə), "Azərbaycan sovet musiqi ədəbiyyatı" (1986, N.Bağırovla birgə), "Azərbaycan musiqi tarixinin müntəxəbatı" (I hissə -1968, II hissə - 1985, müəlliflərdən biri), "Azərbaycan musiqi tarixi" (1992, rus dilində, müəlliflərdən biri), "Azərbaycan musiqi ədəbiyyatı" (2009, Azərbaycan və rus dillərində), "Xarici ölkələrin musiqi tarixi" (2011)  dərslikləri nəşr olunmuşdur

Professor Solmaz Qasımova 80-dən artıq diplom işinə və 12 namizədlik dissertasiyasına rəhbərlik etmişdir. Bu tədqiqatlarda elmin müxtəlif istiqamətlərində yeni fikirlər irəli sürülmüş, onlara düzgün qiymət verilmişdir. O, dəfələrlə Bakıda, Moskvada, Tbilisidə, Daşkənddə dissertasiya işlərinin müdafiəsində çox fəal opponent kimi çıxış etmişdir.

Zəngin yaradıcılıq yolu keçən Solmaz Qasımovanın elmi-pedaqoji fəaliyyəti gur çeşməni xatırladır. Bu çeşmədən çoxları su içib qol-budaq atıb və bu gün Azərbaycan musiqisinə, onun inkişafına xidmət edirlər.

S.Qasımova böyük ziyalı, sadə, xeyirxah və nəcib bir insandır. O, xeyirxahlığı, insanpərvərliyi, düzlüyü və sadəliyi ilə seçilən istedadlı alimdir.

Deyirlər, hər insan bir ömür yaşayır. Öz adına layiq, özünəməxsus ömür...

Solmaz xanımın dərin sevgi ehtiram bəslədiyi şəxsiyyət, dahi bəstəkar Qara Qarayev yazırdı: "Əgər insan ömrü - insanlığın, həyatın, xeyirxahlığın rifahı naminə gördüyü işlərə mütənasib uzanmış olsaydı, bu daha ədalətli olardı".

Bu gün həyatının müdrik çağını yaşayan Solmaz Qasımova ulu Tanrının ona bəxş etdiyi mənalı ömrünü məhz bu amallara həsr etmişdir. Onun insani keyfiyyətləri, təbiətindəki alicənablıq, təvazökarlıq çoxlarına nümunə ola bilər.

Hörmətli əziz Solmaz xanımı yubileyi münasibətilə təbrik edirik! Ona uzun ömür, cansağlığı bütün arzularının həyata keçməsini diləyirik.

 

Zemfira ABDULLAYEVA,      

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.10.