Tacikistan Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

Son illər Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri Tacikistandır. Uzun illər sovetlərin tərkibində olmalarına, xüsusən, coğrafi yaxınlığı, mədəni və mənəvi tellərlə bir-birinə bağlılıqlarına baxmayaraq, müstəqillik illərində Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafı lazımi səviyyədə olmayıb. Lakin 2007-ci və 2012-ci  illərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yeni səhifəsini açdı. 

Həmin vaxtlarda  aparılan müzakirələr, imzalanan sazişlər göstərdi ki, iki ölkə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan və tacik xalqlarının münasibətlərinin tarixində mühüm mərhələ kimi qiymətləndirilən  həmin səfərlər zamanı dövlət başçıları xüsusilə qeyd etmişdilər ki, əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək üçün imzalanan sənədlər isə münasibətlərin inkişaf etdirilməsi üçün hüquqi bazanı daha da gücləndirmişdi.

Bunun nəticəsi olaraq Azərbaycanla Tacikistanın qarşılıqlı əlaqələri dinamik inkişaf edib, iki ölkə arasında dostluq və tərəfdaşlıq daha da güclənib. Bu dövrdə iki ölkə beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq edib, bütün məsələlərə eyni mövqedən yanaşıblar. 2011-ci ildə  BMT Təhlükəsizlik Şurasının üzvlüyünə keçirilən seçkilərdə Tacikistan Azərbaycanın namizədliyini birmənalı şəkildə dəstəkləməklə ölkəmizin yaxın dostu və tərəfdaşı olduğunu bir daha  nümayiş etdirdi.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri isə çoxəsrlik dostluq telləri və ümumi mədəni dəyərlərlə, qədim ənənələrə malik mehriban münasibətlərlə bir-birinə bağlı olan iki dövlətin, tacik və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin inkişafında daha bir addımdır. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bu mənim Tacikistana ikinci rəsmi səfərimdir. Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu fakt özlüyündə bizim münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. Çünki bizim aramızda çox fəal siyasi dialoq var. Biz müxtəlif beynəlxalq tədbirlər - sammitlər, konfranslar çərçivəsində də müntəzəm görüşürük, regional təhlükəsizlik, dünya siyasəti və ikitərəfli münasibətlərimizlə bağlı aktual məsələlərə dair müntəzəm fikir mübadiləsi aparmaq imkanımız var... Bu gün biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini müzakirə etdik. Siyasi münasibətlərimizin çox fəal olması bütün başqa sahələrdə də əlaqələrin fəal inkişafını nəzərdə tutur. Biz bir sıra beynəlxalq təşkilatlarda birgə iştirak edirbir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edib, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən ölkəmizin namizədliyini dəstəklədiyinə görə Tacikistan Prezidentinə bir daha şəxsən təşəkkürümü bildirmək istərdim. Bu dəstək çox vacib idibiz iki il ərzində bu yüksək beynəlxalq orqanda həm özümüzü, həm də bütün dostlarımızı, tərəfdaşlarımızı təmsil etdik".

Prezidentlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlərində bir çox məsələlər ətrafında danışıqlar aparıldı. Bu görüşlərdə konkret iqtisadi əməkdaşlıq layihələri də müzakirə edildiiqtisadi əlaqələrin fəallaşdırılmasına dair yeni təşəbbüsləri və təklifləri qısa müddətdə hazırlamaq üçün nümayəndə heyətlərinin üzvlərinə tapşırıqlar verildi.

Səfər çərçivəsində ən yaddaqalan hadisələrdən biri də Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri doktoru diplomunun təntənəli təqdim edilməsi oldu. Dövlətimizin başçısı bununla bağlı dedi: "Bu, mənim üçün böyük şərəfdir və bunu təkcə mənim xidmətlərimə deyil, həm də ölkəmizə - Azərbaycana hörmət əlaməti hesab edirəm. Yenidən qardaş Tacikistan torpağında olmağıma şadam. Bu, sizin ölkənizə mənim ikinci rəsmi səfərimdir. Dostum, qardaşım Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir. Ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib. Biz görkəmli əcdadlarımızla fəxr edirik. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə, diqqətlə yanaşılmasını biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu gün mənə böyük əcdadımızın qədim kitablarını nümayiş etdirdilər və mən bu imkandan istifadə etdim. İndi təsdiqləmək istəyirəm ki, Tacikistan Milli Universitetinin nümayəndə heyətini Azərbaycana, məhz Gəncə şəhərinə - böyük Nizaminin vətəninə gəlməyə, onun yaşadığı, yaratdığı və öz ölməz əsərlərini qələmə aldığı yerlərdə olmağa dəvət edirəm... Lakin bu gün həm geniş tərkibdə, həm də Tacikistan Prezidenti ilə təkbətək görüş və danışıqlar çərçivəsində biz qarşılıqlı maraq doğuran, münasibətlərimizin gələcək inkişafını təyin edəcək məsələlərin çox geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Biz əməkdaşlığımızın potensialına eyni cür baxırıq və ölkələrimiz əlindən gələni etməlidirlər ki, əməkdaşlığımız daha da möhkəmlənsin, bir-birimizi dəstəkləyək, biznes qurumları səviyyəsində əlaqələr yaradaq, ölkələrimizdə həyata keçirilə biləcək layihələrə fəal qoşulaq".

Bu gün dinamik sosial-iqtisadi inkişaf Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu gün Azərbaycan yalnız öz milli maraqlarına əsaslanaraq müstəqil xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarda milli maraqlarını müdafiə edir.

Xarici siyasətimizin ana xəttini Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası təşkil edir. Cənab Prezidentin qeyd etdiyi kimi, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər... Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və bu gün Tacikistan Prezidenti ilə imzaladığımız Birgə Bəyannamədə əks olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir, qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqedir".

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 26 oktyabr.- S.1.