Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 24-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

AzərTAc xəbər verir ki, komitə sədri müxtəlif sosial təbəqələrdən olan vətəndaşların müraciətlərini, təklif və xahişlərini diqqətlə dinləyib.

Müraciətlər əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub. Bir sıra müraciətlərin operativ həlli üçün komitə sədri tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların qaldırdıqları bəzi məsələlər yerindəcə həllini tapıb. Komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri onlara izah edilibhüquqi məsləhətlər verilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Komitə sədri Kərəm Həsənov həmin gün birbaşa müraciət edən vətəndaşları da qəbul edib. Onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Azərbaycan. - 2014.- 25 oktyabr.-  S.5.