Deputatlar beynəlxalq təşkilatların «ikili standartlar»ına etiraz etdilər

 

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilmişdi. Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı.

İlk çıxış edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, bir neçə gün öncə Ukraynada parlament seçkiləri keçirilib. Seçkinin mürəkkəbi qurumamış ABŞ tərəfindən bəyanat verilib ki, azad, ədalətli və demokratik seçki keçirilib. Bəyanatda daha sonra qeyd edilib ki, ABŞ Krım məsələsini də Ukraynanın xeyrinə həll etməyə çalışacaq. Deputatı da narahat edən məhz bu məsələdir. Çünki 20 ildən artıq müddətdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını və BMT-nin qətnamələrində əksini tapan işğal olunmuş ərazilərimizin geri qaytarılmasına səy göstəriləcəyini söyləməyib: "Halbuki ABŞ həmsədr ölkə olaraq, məhz bu işin məsuliyyətini daşıyır. Lakin bu günə qədər ABŞ tərəfindən belə bir bəyanat eşitməmişik. Bu da onu göstərir ki, dünyada seçkinin hansı formada keçirilməsindən asılı olmayaraq, onların verdikləri rəy özlərinə məxsus şəkildə həyata keçiriləcək".

S.Novruzov vurğuladı ki, Azərbaycan dəfələrlə sübuta yetirib ki, hər zaman azad, ədalətli və demokratik seçkilər keçirib. Ölkəmizdə keçirilən seçkilərin nəticələri ilə bağlı beynəlxalq təşkilatlar da öz müsbət rəylərini bildiriblər. Sadəcə, erməni lobbisinə xidmət edən müxtəlif qüvvələr bunun üzərinə kölgə salmaqla Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesini ləngitməyə çalışırlar. Deputat buna görə Azərbaycanın Milli Məclisi adından ATƏT-in həmsədrlərinə müraciət qəbul edilməsinin vacibliyini söylədi: "Müraciət qəbul etməliyik ki, onlar bu barədə nə düşünürlər?! 20 ildən artıqdır ki, torpaqlarımız işğal olunubbunun qarşılığında həmsədrlər sırf turist kimi təmas xəttinə səfər edirlər. Bu da azmış kimi, doğru bir rəy də ortalığa qoymurlar. Həmsədrlər bütün ölkələrə bərabər şəkildə yanaşmalıdırlar. Hər hansı bir ölkəyə başqa gözlə baxmaq olmaz. Çünki bu, ikili standartın bariz nümunəsidir".

Deputat Aydın Mirzəzadə isə diqqəti bu ilin iyun ayında Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarına çəkdi. Bildirdi ki,  girov götürülən şəxslərlə bağlı işğal edilən ərazilərdə qondarma məhkəmə qurulub: "İşğal edilən ərazilərdə məhkəmənin qurulması saxta teatrdır. Erməni mətbuatı isə girovların guya öz səhvlərini etiraf etməyi haqda fikirləri tirajlayır".

A.Mirzəzadə vurğuladı ki, qondarma rejimdə qondarma məhkəmə qurulur, ATƏT-in Minsk qrupu isə bu məsələyə susqun yanaşır. Eyni zamanda, ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin xarici işlər nazirlikləri girov götürülən iki Azərbaycan vətəndaşı ilə bağlı heç bir reaksiya göstərmir.

Deputat Fazil Mustafa isə çıxışında dedi ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər.

Deputat İqbal Ağazadə isə Milli Məclisin Sədrindən azərbaycanlı girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq beynəlxalq təşkilatlar vasitəsilə qondarma məhkəməyə göndərilməsini istədi. Deputat Qənirə Paşayeva isə bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməsinin vacibliyini söylədi. Onun fikrincə, Azərbaycan girovlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qoya bilər.

Deputatların girovlarla bağlı narahatlıqlarına, qondarma məhkəmə prosesində iştirakla bağlı təkliflərə Milli Məclisin Sədr müavini Bahar Muradova münasibət bildirdi. Məsələnin bu gün ağrılı və vacib olduğunu deyən Bahar Muradova girovların üzərində qurulan "məhkəmənin" hüquqi cəhətdən tanınıb ora vəkil göndərilməsinin əleyhinə çıxdı: "Təbii ki, biz öz təhlükəsizliyimizi düşünmədən bir soydaşımız olsa belə, ən çətin məqama qədər gedə bilərik. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Lakin ümumi mövqeyimizə xələl gətirən fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Məsələ çəkinmədən o "məhkəmə"də iştirakdan getmir. Onların da istəyi budur ki, kimsə iştirak etsin. Çünki bu addım sadəcə qanunsuz Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Peşəkar və bacarıqlı hüquqşünaslarımız beynəlxalq təşkilatların köməyi ilə həmin vətəndaşlarımızın hüquqlarını lazımi şəkildə müdafiə etməyin yollarını axtarmalıdırlar. Bir sözlə, vətəndaşlarımızı girovluqdan azad etmək istiqamətində həm hüquqi, həm siyasi, həm də humanitar sahədəki imkanlarımızdan geniş istifadə etməliyik".

Bahar Muradovanın çıxışından sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Əli Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihəsinə deputatlar müsbət rəy bildirdilər. 

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik edilməsi barədə spiker Oqtay Əsədov məlumat verdi. Bildirdi ki, keçmiş deputat Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutduğu üçün hazırda Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri yeri boş qalıb. Qərara əsasən deputat Gülçöhrə Məmmədova həmin qrupun rəhbəri təyin edilir. Səsvermə nəticəsində qərar qəbul edildi.

İclasda "İnzibati icraat haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də təsdiqləndi. "Polis haqqında" qanunda dəyişikliklər barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirdi ki, qanunun 26-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən yalnız müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) tərəfindən siyahısı müəyyən olunan polis əməkdaşları elektroşokdan istifadə edə biləcəklər.

 Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyamya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər. Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq.

Müzakirələrdə çıxış edən deputat İlyas İsmayılov "ehtimal" sözünün müddəadan çıxarılmasını təklif etdi. Digər çıxış edən deputatlar Musa Qasımlı, Çingiz Qənizadə, Aqil Abbas, Qüdrət Həsənquliyev bildirdilər ki, bəzi mətbu orqanlarda son günlər bu dəyişikliyi insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Ancaq bu məsələ kökündən yanlışdır. Bütün inkişaf etmiş ölkələrdə polis elektroşokdan istifadə edir. Silahdan istifadə edincə, elektroşokdan istifadə daha humanist addımdır.

Deputatlar, həmçinin son vaxtlar ölkədə polisin gözdən salınması kampaniyasının aparıldığını söylədilər. Deputat Qüdrət Həsənquliyev bildirdi ki, "Milli Şura"nın üzvü Eldəniz Quliyev Azərbaycan polisini gözdən salmaqla məşğuldur. Onun sözlərinə görə, E.Quliyev ümumiyyətlə Azərbaycanda təxribat yaratmağa cəhd edənlərdəndir. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olundu.

İclasda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də təsdiqləndi. Eyni zamanda  Azərbaycan Respublikasının Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də texniki dəyişiklik edildi.

"15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqda məlumat verən parlamentin komitə sədri Əli Hüseynlinin fikrincə, bundan sonra ölkədə 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək. Onun sözlərinə görə, yeni layihədə vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılır: "Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək".

Dəyişikliklərə əsasən, fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edildi.

Sonra iclasda bir neçə qanun layihəsinə texniki dəyişiklik edildi. Bunlar Gömrük Məcəlləsi, "Yeyinti məhsulları haqqında", "Balıqçılıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Qrant haqqında", "Dövlət rüsumu haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Taxıl haqqında" və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunlara edilən dəyişikliklərdir.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş  "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə  və "Bələdiyyələrin statusu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Onun sözlərinə görə, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların "Bələdiyyə üzvünün statusu haqqında" qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır. Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqdabununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.

 Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olundubununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 29 oktyabr.-  S.2.