Əli Həsənov: Gənclər siyasəti üzrə I Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycanın uğurlu siyasətinin nəticəsidir

 

Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi böyük əhəmiyyətə malikdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda jurnalistlərə müsahibəsində deyib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatlarının nümayəndələri, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının, akademik dairələrin, QHT-lərin rəhbərlərinin iştirak etdiyini vurğulayan Ə.Həsənov deyib: “Forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq, yekun sənəd qəbul ediləcək. Tədbirin Bakıda keçirilməsi 20 ildə Azərbaycanda reallaşdırılan davamlı və səmərəli gənclər siyasətinə verilən qiymətin göstəricisidir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturları ilə yanaşı, gənclərin özləri də yaxından iştirak edirlər”.

Azərbaycanın dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin sayına və ərazisinə görə sonuncu 50 dövlətdən biri olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi vurğulayıb: “Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü Forumun keçirilməsini təmin edən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət aparılmasıdır. Hesab edirəm ki, Forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək, gənclər siyasətinin inkişaf etdirilməsində mühüm amilə çevriləcək”.

Forumdan gözləntilərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyələr Forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESCO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, Forumun qlobal gənclər siyasətinin formalaşmasına da təsir göstərəcəyini demək olar.

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.4.