Şəmkirdə əsgər şöhrəti bayramı

 

Respublika Müdafiə Nazirliyi Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə "Bu gün gərək hər birimiz Vətən deyək" devizi ilə əsgər şöhrəti bayramı keçirdi.

Bayraq kompleksi meydanına minlərlə adam yığışmışdı. Rayonun bütün bölgələri müxtəlif yaş qruplarının üzvləri ilə təmsil olunurdu. Ön sırada əllərində portretlər tutan şəhidlərin valideynləri oturmuşdular. Tədbiri Müdafiə Nazirliyinin məsul işçisi, polkovnik Abdulla Qurbani açaraq bayram iştirakçılarını təbrik etdi. İşğal olunmuş torpaqların azad edilməsi üçün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən görülən tədbirlərdən, bu sahədə vətənin hər bir övladının rolundan danışdı.

 Qeyd olundu ki, Şəmkir həmişə torpaqlarımızın qorunması uğrunda mübarizənin ön sıralarında olub. Ötən əsrin doxsanıncı illərinin qanlı-qadalı günlərində 269 şəhid verib. İsgəndər AznaurovZaur Sarıyev milli qəhrəman adına layiq görülüblər. İndi rayonun hər yerində, xüsusən təhsil müəssisələrində vətənin mərd mübarizləri yetişir. Şəmkirli gənclərin xeyli hissəsi ali hərbi məktələrdə təhsil alır, milli ordumuzun müxtəlif bölmələrində ləyaqətlə xidmət edirlər.

Respublika müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıqovun bayram iştirakçılarına təbrik məktubu oxundu. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və korpus komandiri, milli qəhrəman, general-leytenant Rövşən Əkbərov çıxış edərək gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, ölkənin iqtisadi tərəqqisində, müdafiə qüdrətinin gündən-günə yüksəldilməsində və abadlıq-quruculuq işlərində şəmkirlilərin gördükləri işlərdən danışdılar.

Meydan tarixi şəxsiyyətlərə, hünərvər nəsillərin nümayəndələrinə, elimizin şanlı-şöhrətli insanlarına verildi. İftixar mənbəyimiz olan ulu tarix asta-asta vərəqləndi. Ürəkləri riqqətə gətirən vəsiyyətlər - nəsihətlər səsləndi.

Azərbaycanın müxtəlif dövrlərdə ölkəmizdə fəaliyyət göstərmiş milli dövlətlərin döyüşçü formalarını geyib əllərində bayraqlarsilahlar tutan hünərvər nəsillərin nümayəndələri mətin addımlarla bayram təntənəsinə gəldilər. Müxtəlif növ qoşun növlərini təmsil edən gənclərin yürüşü, əllərində şəhid portretləri tutan orta məktəb şagirdlərinin nümayişi alqışlarla qarşılandı.

 Əsgər şöhrəti bayramında hamının qəlbindən xəbər verən mühüm bir məsələ xüsusi vurğulandı, işğal altında olan torpaqlarımızın taleyindən geniş söhbət açıldı. Bu barədə dövlət başçısı İlham Əliyevin qətiyyətlə dediyi sözlər hamının qəlbində ümid və inamı daha da artırdı. Dövlət başçısı çıxışlarının birində demişdir: "Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz, azərbaycanlılar, Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlarabütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq". Yekdilliklə bildirildi ki, Azərbaycanın bütün qeyrətli övladları kimi bayram iştirakçıları da dövlət başçısının bu mühüm tapşırığını yerinə yetirməyə hər an hazırdırlar.

Respublikanın tanınmış incəsənət ustalarının bir-birindən ürəkaçan ifaları bayrama xoş ovqat gətirdi. Hamının qəlbindən xəbər verən bu nəcib məqsədli bayram hər ürəkdə min bir xatirə yaratdı. Şəmkir rayon Ağsaqqallar şurasının sədri Məmməd Əmirov dedi ki, bu cür maraqlı, məzmunlu tədbirləri tez-tez keçirmək lazımdır. Belə tədbirlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 30 oktyabr.- S.7.