Milli Məclisdə görüş

 

Oktyabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətər Dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd əl-Tanini qəbul etdi.

Spiker ölkəmizdə missiyasının başa çatdığı ərəfədə qonağın belə görüşlər keçirməsini müsbət dəyərləndirərək dedi ki, inanırıq ki, Azərbaycandan xoş təəssüratlarla ayrılırsınız və gələcək fəaliyyətinizdə münasibətlərimizin daha da inkişaf etməsi naminə öz səylərinizi əsirgəməyəcəksiniz. Ümidvaram ki, günü-gündən genişlənən əlaqələrimiz xalqlarımızın daha da yaxınlaşmasına, dostluq münasibətlərimizin daim möhkəmlənməsinə xidmət edəcəkdir.

Söhbətdə Sədr belə bir fikri vurğuladı ki, Azərbaycan və ərəb xalqlarının dini, mədəni bağlılığı, bir çox beynəlxalq problemlərlə əlaqədar mövqelərimizin üst-üstə düşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır. Biz Qətərlə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Sədr dedi: "Əlaqələrin dərinləşməsində parlamentlər böyük rol oynayır. Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi mənafelərə xidmət edir".

Sədr iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini günün tələbi hesab etdi. Bildirildi ki, hər iki ölkənin adamları arasında görüşlərin təşkili, tərəflərin iqtisadi imkanları barədə təqdimatların keçirilməsi, ticarət sahəsində xüsusi proqramın hazırlanması bu sahədə əlaqələrimizə dəyərli töhfə verə bilər. İki ölkə arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Mübarək bin Fəhd əl-Tani Qətər Dövlətinin səfiri kimi Azərbaycandakı fəaliyyəti dövründə əlaqələrin dərinləşməsi üçün görülən işlərdən söz açdı. O, təmsil etdiyi dövlətin Azərbaycana böyük maraq göstərdiyini və həyatın müxtəlif sahələrində əlaqələri genişləndirmək əzmində olduğunu diqqətə çatdırdı. Səfir qeyd etdi ki, gələcəkdə harada çalışmasından asılı olmayaraq o, iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün öz qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 3.