BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisi AzərTAc ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır

 

Azərbaycan siyasi, iqtisadi cəhətdən dünyada söz, nüfuz sahibi olan ölkəyə çevrilib. Bu da AzərTAc-ın dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biri olmasına imkan yaradıb.

Bu fikirlər oktyabrın 29-da BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilən görüşdə səslənib.

Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, AzərTAc 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Xəbər Agentliklərinin Dünya Konqresinin və digər nüfuzlu birliklərin fəal iştirakçısıdır. Bu qurumlar çərçivəsində dünyanın aparıcı xəbər agentlikləri, media təşkilatları ilə uğurlu əməkdaşlıq həyata keçirilir. OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə Bakıda eyni vaxtda keçiriləcək və 2019-cu ilədək bu qurumlara AzərTAc sədrlik edəcək.

Dünyamızın çox sürətlə dəyişdiyini, yüksək texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyini söyləyən A.Aslanov bu prosesin mediadan da yan keçmədiyini qeyd edib. Baş direktor bildirib ki, müasir dövrdə ənənəvi media ilə sosial media arasında ciddi rəqabət nəticəsində jurnalistikanın yeni bir sahəsi yaranıb. Sosial media demək olar ki, həyatımızın bütün sahələrinə daxil olur, öz yerini möhkəmləndirir. Xəbər agentliklərinin müasir tendensiyalarla ayaqlaşmasının zəruriliyindən danışan baş direktor AzərTAc-ın sosial medianın imkanlarından geniş istifadə etdiyini diqqətə çatdırıb.

Azərbaycanın 155 ölkənin səsverməsi nəticəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu müddətdə quruma iki dəfə sədrlik etməsi, eləcə də Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi diplomatiyamızın uğuru, müstəqillik tariximizdə ən əlamətdar hadisələrdən hesab olunduğu xüsusi vurğulanıb.

AzərTAc BMT-nin müxtəlif qurumları ilə də sıx əlaqələr qurub. Bu barədə məlumat verən baş direktor 2009-cu ildə agentliyinUNESCO-nun Moskva bürosunun birgə təşkilatçılığı ilə “Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminarın keçirildiyini buna misal göstərib. Qeyd edib ki, UNESCO-nun, həmçinin BMT-nin digər qurumları ilə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.

Azərbaycanda gedən sürətli inkişafdan məmnunluğunu ifadə edən Mahir Nasir Bakıya Gənclər siyasəti üzrə birinci qlobal forumda iştirak etmək məqsədilə gəldiyini söyləyib. Gənclərlə , ümumiyyətlə gənclərin cəmiyyətdəki rolunun artırılmasının BMT-nin prioritetlərinə daxil olduğunu bildirən Mahir Nasir Azərbaycan hökumətinin qlobal gәnclәr siyasətini daim dəstəkləməsini sevindirici hal kimi dəyərləndirib.

Mahir Nasir BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən bütün tədbirlərin AzərTAc tərəfindən operativgeniş işıqlandırılmasından razılığını bildirib. O, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin fəaliyyətinin canlandırılması üçün AzərTAc ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyindən də bəhs edib. Əməkdaşlığın genişləndirilməsi ideyası baş direktor tərəfindən məmnunluqla qarşılanıb və dəstəklənib.

 

Azərbaycan. - 2014.- 30 oktyabr.- S. 4.