Hans-Eberhard Şlayer: Azərbaycanın dinamik inkişafı heyranlıq doğurur

 

Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov Azərbaycan ilə Almaniya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. O, Almaniya şirkətlərini sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə qeyri-neft sektorunda daha fəal rol oynamağa dəvət edib.

Hans-Eberhard Şlayer Almaniya-Azərbaycan Forumunun fəaliyyəti haqqında danışaraq bu qurumun ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək məqsədi daşıdığını bildirib. O, Azərbaycanın dinamik inkişafının heyranlıq doğurduğunu qeyd edib, ölkəmizin regional sülhsabitliyin təmin olunmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb.

Regional sülh və təhlükəsizlikdən danışan E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin bölgənin hərtərəfli inkişafı üçün başlıca maneə olduğunu diqqətə çatdırıb. O, münaqişənin həll olunmasının bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini deyib. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməlidir.

Karin Ştrents Azərbaycana xüsusi rəğbət bəslədiyini deyərək, parlament üzvlərinin qarşılıqlı səfərlərinin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib və tərkibində Almaniyanın siyasi-iqtisadi dairələrinin təmsil olunduğu bu nümayəndə heyətinin səfərinin çox faydalı olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində parlament diplomatiyasının xüsusi rola malik olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.2.