“Gənc Heydərçilər” iki həftə ərzində əsgər həyatı yaşadılar

 

Səbail Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə Qusar rayonundakı “N” saylı hərbi hissədə iki həftə ərzində həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi–vətənpərvərlik təmayüllü yay düşərgəsi layihəsinə sentyabrın 2-də yekun vuruldu.

AzərTAc xəbər verir ki, düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunan tədbir çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Müdafiə Nazirliyinin rəsmiləri və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılan şəraitlə yaxından tanış oldular.

Bağlanış mərasimində idman yarışlarında qalib gələn, hərbi təlimlərdə fərqlənən bir qrup şagirdə xatirə medalları, eləcə də uşaqların tərbiyəsi işlərinə cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim olundu.

Sonra uşaqlar düşərgədə öyrəndiklərini qonaqlar qarşısında nümayiş etdirdilər.

Mərasimdə bildirildi ki, gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlambilikli böyüməsi üçün belə tədbirlərin təşkili vacibdir. Bu il ilk dəfə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü istirahət düşərgəsində Səbail rayonundan olan, təhsildə və idmanda fərqlənən, eləcə də xüsusi istedada malik 100 uşaq iştirak edib.

Layihənin hərbi hissədə reallaşması məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. “Gənc Heydərçilər” üçün əsgər kazarmalarının birində hər cür şərait yaradılıb. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunan stendlər qurulub, hərbi təlimatlar asılıb.

Şagirdlər hərbiçilərlə təmasda olmaq, əsgərlərin gündəlik həyat və fəaliyyətləri, hərbi hissədəki şərait, döyüş texnikası və silahlarla yaxından tanışlıq imkanı əldə ediblər.

Düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, uşaqlar üçün xüsusi geyimforma, lazımi idman ləvazimatları alınaraq hərtərəfli hazırlıq işləri görülüb. Düşərgədə yeniyetmələr gündəlik yüksək kalorili yemək, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunublar.

"Gənc Heydərçilər"in Qusar rayonunun görməli yerlərinə, tarixi guşələrinə, eləcə də Quba Soyqırımı Memorial Kompleksinə gəzintisi təşkil olunub.

Düşərgənin bağlanış mərasimində respublikamızın tanınmış incəsənət xadimləri və hərbi orkestrin iştirakı ilə bayram konserti təqdim edildi.

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.4.