Azərbaycanda ictimai-siyasi sabitliyi heç bir qüvvə poza bilməz

 

Prezident İlham ƏLİYEV: "Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar"

 

Dövlət müstəqilliyinin bərpasından ötən 23 ildə Azərbaycan bir çox keçmiş sovet respublikalarından fərqli olaraq, böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir. Tarixi həqiqətdir ki, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiyası təhlükəsinin qarşısını almışdır.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətləri qəbul etməyən və hər bir uğurumuza qara eynəklə baxan bədxahlarımız da var. Antiazərbaycan dairələrin təsiri altında olan bu qüvvələr məhz şəxsi ambisiyaları uğrunda mübarizə apararaq milli maraqlarımızı satmaqla məşğuldurlar. Hər bir məsələdən siyasi dividend götürməyə vərdiş edən qaragüruhçu dairələrin milli dəyərlərimizə, məfkurə və düşüncə sisteminə, mentalitetimizə zidd olan ikrahdoğurucu təbliğatına qarşı hər bir cəmiyyət üzvü barışmaz mövqe tutmalıdır.

Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən "sapı özümüzdən olan baltalar"dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilinizaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalananların, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə rast gəlmişik. Bu "üzdəniraqlar" təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək kimi manqurt mövqeyi nümayiş etdirmişlər.

"Hüquq müdafiəçisi" Leyla Yunusovanın Azərbaycanın milli maraqlarına qarşı yönələn fəaliyyəti və ermənilərlə işbirliyinə girməsi barədə kifayət qədər faktlar sadalamaq olar. Hələ "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində antiazərbaycançı şəbəkə ilə əməkdaşlıq edən Leyla Yunusova respublikamızda ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və beynəlxalq nüfuza xələl gətirməyə cəhd etmişdi. Həmin vaxt da bəzi "hüquq müdafiə təşkilatları", xüsusilə də  "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar.  Ölkədə həyata keçirilən kompleks tədbirlərə qara eynəklə baxan bu təşkilatlar uğurlarımıza qısqanclıqla yanaşırlar. Azərbaycanın inkişafı, güclənməsi, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması bu qüvvələrə öldürücü zərbədir. L.Yunusova da həmişə antiazərbaycançı qüvvələrlə, o cümlədən ermənilərlə işbirliyinə gedərək milli maraqlarımızı satmaqla məşğul olub.

"Hüquq müdafiəçisi" adı ilə maskalanan L.Yunusovaona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. "Xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. L.Yunusova və əri Arif Yunusov Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb ediblər. Onlara Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə konkret tapşırıqlar veriblər. Yunusovlar qeydiyyata alınmayan qrant müqavilələri üzrə gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçiriblər, vergiləri ödəməkdən yayınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurublar. Göründüyü kimi, onların həbsində siyasi rəng yoxdur. Bu adamlar konkret cinayət əməllərinə görə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

"Hüquq müdafiəçi"sinin həbsindən sonra antiazərbaycan mövqeyi ilə tanınan bəzi QHT-lər L.Yunusovanın azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə çağırışlar etdilər və ermənilərin təsiri altında olan bir sıra xarici KİV-lərdə Azərbaycan haqqında həqiqətdən uzaq, təhrif olunmuş məqalələr dərc etdilər. Bu arada aqressiv müxalifət dairələrinin də xarici havadarlarına xoş gəlmək üçün spekulyasiyaları gözdən yayınmadı. Azərbaycan cəmiyyəti antiazərbaycan şəbəkənin buyruq quluna çevrilən  siyasi nöqteyi-nəzərdən hələ də yetkinləşməyən bu "siyasi buqələmunlar"ın əsl simalarını bir daha gördü.

Prezident İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında bildirib: "Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq".

Azərbaycanın demokratik yolla inkişafı, dinamik iqtisadi yüksəlişi, inkişaf etmiş ölkələr sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması antiazərbaycan şəbəkəni əməlli-başlı qayğılandırır. Avropada bəzi  təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadisiyasi baxımdan güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev bildirib: "Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedirbilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər".

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.5.