Azərbaycan gənci bilikli və peşəkar olmalıdır

 

Bunun üçün dövlət hər cür şərait yaradıb

 

Hər bir sahədə olduğu kimi, gənclərlə istiqamətində də qazanılan uğurlar dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan hakimiyyəti gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin məntiqi davamı kimi təqdirəlayiqdir.

Yüksək intellektli, dövlətçiliyə və milli dəyərlərə bağlı, sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması və cəmiyyət həyatının bütün sferalarında aktiv iştirakının təmin edilməsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləridir. Bu mənada Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Çünki istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə gedən yol gənclərin iştirakı olmadan mümkün deyil. Təbii ki, bu proseslərdə gənclərin iştirakını təmin etmək üçün ilk növbədə onların yüksək təhsilinə, peşəkar kadr kimi formalaşmalarına diqqət yetirmək lazımdır. Axı gənc nəslin təhsilinə qoyulan sərmayə ölkəmizin inkişafı şəklində geri dönür. Bütün mütərəqqi cəmiyyətlərdə məhz insan kapitalına qoyulan sərmayə gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Bu mənada Azərbaycan Prezidentinin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclərə diqqətin, onların daimi inkişafı və potensiallarının düzgün sahələrdə istifadə olunmasına verilən əhəmiyyətin bariz göstəricisidir. Hazırda bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Azərbaycan gəncləri bu proqramın verdiyi imkanlardan bəhrələnərək dünyanın inkişaf etmiş texnologiyalarına yiyələnir, qabaqcıl elm adamlarından və universitetlərdən dərs alırlar.

2011-ci ilin aprelində Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşü Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümü idi. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, onların mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir. Məhz həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Həmin görüşdən sonra hazırlanaraq təsdiq olunanüç ildir uğurla icra edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiələrinin gücləndirilməsi, gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi kimi günümüzlə səsləşən aktual məsələləri əhatə edir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarə edilməsində bacarığını stimullaşdırır.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə "Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə" təsdiq olunub. Bu Əsasnamə gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir. Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.

Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün regionlarda gənclər mərkəzlərinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verir. Eyni zamanda təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və rasional şəkildə reallaşdırılır. Gənclərin özünün inkişafı, potensialını reallaşdırması, bacarığını nümayiş etdirməsi, təhsilini yüksək səviyyədə almasını, onların xaricdə bu prosesi keçməsini təmin edən Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində bu gün gənclərimiz cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai-siyasisosial-iqtisadi həyatın bütün sahələrində uğurla çalışırlar.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Beyləqanda yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə səslənən fikirlər bir daha təsdiq etdi ki, gənclər bundan sonra da hərtərəfli dövlət qayğısı ilə əhatə olunacaqlar. Diqqəti gənclərin təhsili məsələsinə yönəldən Prezident İlham Əliyev ölkəmizin inkişafında gənclərin rolundan söz açdı: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rolunu oynasınlar".

Azərbaycanın inkişafı bütün dünyada etiraf olunan reallıqdır. Lakin bu inkişafı gözü götürməyən antiazərbaycançı siyasi dairələr ölkəmizlə bağlı müxtəlif məkrli planlar hazırlayır, həyata keçirməyə cəhd edirlər. Xüsusən erməni təəssübünü çəkən həmin dairələrin məqsədi Azərbaycanı öz yolundan döndərmək, inkişafının qarşısını almaqdır. Təəssüf ki, onların bu riyakar planlarına Azərbaycan daxilində də Leyla Yunusova kimi "hüquq müdafiəçilərinin" timsalında dəstək verənlər tapılır. Yaxşıdır ki, bu cür məsələlərdə daim ayıq-sayıq olan Azərbaycan gəncləri dövlətçiliyimizin əleyhinə yönəlmiş planlara və onların icraçılarına qarşı barışmaz mövqedə dayanıblar. Beyləqanda gənclərin və ictimaiyyətin nümayəndələri ilə görüşdə "Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq" - deyən Prezident İlham Əliyev bildirdi ki, bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməli, peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalıdır. Elə etməlidir ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi öz sözünü desin.

Azərbaycan müstəqil dövlətdir və onun daxili işlərinə hər hansı kənar müdaxilə mümkün deyil. İndiyədək bu istiqamətdə olmuş cəhdlərin hamısı nəticəsiz qalmışdır. Gənc nəsil də Azərbaycana qarşı olan çirkin planları görür və həm öz sözü ilə, həm də Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməklə antiazərbaycançı dairələrin planlarının iflasa uğramasına öz töhfəsini verir.

 

R.CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.5.