İgidlərin şəhadət günü

 

Bu gün iki dostun - Mübariz İbrahimovun yolu ilə gedən Fərid Əhmədovla Əhməd Abdullayevin şəhidlik zirvəsinə yüksəldiyi gündür

 

Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid baş leytenant Fərid Əhmədovun cənazələri son mənzilə yola salınan gün Şəhidlər xiyabanında böyük izdiham var idi. Hər tərəfdə üçrəngli bayrağımız görünürdü, elə tabutların üzərində də. Bunu Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dövlət başçısına üz tutaraq söylədiyi çıxışında xüsusi qeyd etdi: "9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilk dəfə keçiriləcək. Mən fəxr edirəm ki, bizim şəhidlərin tabutu Azərbaycanın Dövlət Bayrağına bükülüb. Mən bir daha Sizə təşəkkür edirəm. Çox sağ olun deyirəm, hörmətli Prezidentimiz".

 

Bayrağa bükülən igidlər

 

Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-ci ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2007-ci ildə akademiyanı əla qiymətlərlə bitirən Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur, fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra yenidən Gəncədəki "N" saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Fərid ərizəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində orada hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.

Cəlilabadda Fəridin doğulduğu evdə, hər yerdə onun izləri var - qapıdakı ağaclarda da, onun ayaq səslərinə həsrət qalan pilləkənlərdə də... Fəridin yoxluğu indi anası Nərgizə dünyanın ən kədərli, tənhalıq və acılarla dolu bir ömür yaşadır. O, həsrətdən, ayrılıqdan, birigid oğlunun taleyindən belə danışır: "Fərid uşaqlıqdan çox qeyrətli, namuslu, istedadlı, ümumiyyətlə, qeyri-adi idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm".

Nərgiz xanım deyir ki, Fəridin yas məclisinə gələn kurs yoldaşlarından biri danışırdı ki, o, bir dəfə dərsdə şəkil çəkirmiş. Birdən müəllim bunu görür və heyranlığını gizlədə bilməyib deyir: "Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın".

Fərid həm də gözəl şeirlər yazardı. İndi Nərgiz xanım vaxtilə Fəridin ona yazdığı bir şeiri oxumaqdan doymur. Bu şeiri Fərid onun ad gününə göndərdiyi şəklin arxasına yazıb:

 

Həyatda şərəfim, qəlbdə qürurum,

Qollarımda gücüm, gözümdə nurum,

Güvəncim, qeyrətim, ürəyim, ruhum,

Qibləgahım anam, Kəbəm atamdır.

 

Fərid bu şəkli çəkdirəndə və bu sözləri yazanda bilmirdi ki, bütün bunlar onun anası və yaxınları üçün ən gözəl, ən acı və əvəzedilməz bir hədiyyəyə çevriləcək. Dörd il idi ki, Fərid atasını itirmişdionun üçün Nərgiz xanım həm ana, həm də ata əvəzi idi. Ömrünü körpə uşaqların tərbiyəsinə həsr edən, hələ 1999-cu ildə "İlin müəllimi" adına layiq görülən Nərgiz Əhmədovanın ağlına gəlməzdi ki, vaxt gələcək Fəridin qəhrəmanlığı və təkrarsız taleyi onu "İllərin ana"sı elan edəcək.

Bacısı deyir ki, iki uşaq idik ailədə: bir bacı, bir qardaş. Fərid 9-cu sinifdən hərbi məktəbə hazırlaşırdı. Həm özünün marağı vardı, həm də atası onun hərbçi olmasını istəyirdi. Hərbi məktəbə qəbul olunandan sonra evimizə təşəkkürnamələr gəlməyə başladı. Yazırdılar ki, belə övlad böyütdüyünüzə görə çox sağ olun. Təsadüfi deyil ki, sonralar Türkiyədə təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini sıxaraq demişdi: "Sən əsl hərbçisən!". Fərid həm də əsl qardaş idi. Beş ay əvvəl, aprel ayında özü toyumu eləyib məni gəlin köçürdü. Deyərdi ki, Gülü, nə çətinliyin varsa, mənə de".

Bacısı indi içindəki dərdi, həsrəti, yaşadığı çətinlikləri bölmək, danışmaq üçün qardaşını axtardığını deyir: "Fərid bizi yenə unutmur, indi də gəlir, amma yuxularda... Yaxşı ki, heç olmasa yuxularda bizi tək qoymur. Həmişə yuxuda görürəm ki, qapımızın ağzındadır, özü də həmişəki kimi qamətli, qüvvətli və məğrur..."

 

Qolundakı çapıq, ürəklərdəki yara

 

Fəridin qısa həyat yolu bir anlığa Nərgiz xanımın gözləri önündən gəlib keçir: "Yadımdadır, Fəridin 8 yaşı vardı, bu evi tikirdik, bir dəfə oynayanda dəmir qolunu yaraladı. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qaldı və həmişə zarafatla mənə deyərdi ki, itsəm, məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçəyə çevrildi. Sonradan xəstəxanada biz Fəridi əlindəki və qolundakı həmin çapıqla tanıdıq..."

Yaxınları deyirlər ki, Fərid Türkiyədən qayıdandan sonra ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. Çox şeyi bizə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid yaxşı xidmət göstərib. Bacarığı nəzərə alınaraq Fəridə vaxtından əvvəl leytenant rütbəsi verilibo, rota komandiri təyin edilib. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə deyib ki, sən 23 yaşında bu məqamı qazanan yeganə zabitsən...

Nərgiz xanım deyir ki, iyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Ləngiməyib mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Hərbi hissəyə qayıdanda da mənimlə pilləkəndə görüşüb ayrıldı, onu darvazaya qədər ötürməyə qoymadı.

Fəridin orta məktəb dostları da bu evi, onun sonsuz bir yola çıxan sahibini tək qoymurlar, deyirlər ki, o, uşaqlıqda çox sakit, tərbiyəli və mədəni oğlan idi. Bunu da deyirlər ki, Fərid Mübarizin nəşinin düşmən tərəfdə qalmasına görə çox narahat idi, həmişə deyərdi ki, biz necə hərbçiyik ki, onu qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündə yazmışdı ki, biz səninlə fəxr edirik. Əməliyyata gedəndə deyib ki, mən gedəcəm, Mübarizi də gətirəcəm. Fərid getdiMübarizi gətirdi. Amma öz meyiti ilə birlikdə....

Fərid Ramil Səfərovun da şücaətinə heyran idi. Birinci kursda oxuyanda Ramil ona dərs demişdi. Sonradan o, Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi.

Nərgiz xanım da Fəridin son döyüşündən elə danışır ki, elə bil həmin vaxt doğma balasının yanında olub. Bəlkə : "Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, "Sən ailəlisən, balaların var, get, səni qoruyacağam!"

Fəridin dayısı Aslan müəllim üçün o günlər bitib-tükənməyən xatirələrdir: "Biz nəsillikcə namaz qılırıq, oruc tuturuq. Fərid namaz qılırdı. Onu uşaqlıqdan kiçik dayısı öyrətmişdi. Hərbi məktəbə gedənə qədər namazını qılardı. Amma sənəti ilə əlaqədar sonradan vaxtın azlığına görə qıla bilmədi. Qəhrəmanlıqla həlak olduğu həmin gün Ramazan ayına təsadüf elədi o gün Fərid oruc idi.  Biz təkcə dayı-bacıoğlu yox, sanki yaxın dost idik. Fərid qeyrət, namus çəkən idi. O, haqqın tərəfdarı idi. Bir dayı kimi Fəridin qəhrəmanlığı mənim üçün həm fərəhli, qürurverici, həm kədərli bir işdir. Burada sevinc, kədər, vətənpərvərlik hamısı birləşib. "Uzaq sahillərdə" Fəridin ən çox sevdiyi film idi. Necə ki Mehdi Hüseynzadə şəkillər çəkirdi, o da elə olmaq istəyirdi. Necə ki Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə tanınırdı, Fərid düşmən tərəfdə hansısa bir ləqəblə tanınırmış. Hətta onu vuran ermənini general şəxsən özü səngərdə mükafatlandırmışdı. Bu haqda erməni televiziyalarında məlumat verilmişdi".

 

"Mənə görə narahat olma, mənə heç olan deyil?!"

 

Xalası Kəmalə Həsənova isə deyir: "Hərbi məktəbə imtahan verməyə gələndə Fərid bizdə qalırdı. Bir dəfə evə gec gəldi. Çox narahat oldum. Dedi ki, mənə görə narahat olma, sən bilmirsən ki, mənə heç olan deyil?!"

Doğrudur, indi Mübariz , Fərid , Əhməd sanki heç olmamış kimi hər gün evlərinə gəlirlər. Amma artıq olan olub... İndi hamı, bütün Azərbaycan onlardan, öz qəhrəman övladlarından danışır. Onların ata yurdu - Biləsuvar Cəlilabaddakı evləri böyük bir ziyarətgahı xatırladır. Mübarizin şəhid olduğu gündən - iyunun 18-dən xeyli vaxt keçməsinə baxmayaraq respublikamızın hər yerində olduğu kimi, Biləsuvarda da hamı ondan danışır.

Cəlilabad şəhərinə girər-girməz küçələrdə Azərbaycanın üçrəngli bayrağını Fərid Əhmədovla Əhməd Abdullayevin şəkillərini görmək olur. Buranın ağsaqqalları deyirlər ki, insanlar qəhrəmanlarla fəxr edirlər. Cavanlar isə bildirirlər ki, müharibə olsa, onlar ön cəbhədə vuruşmağa  hazırdırlar. Əhməd Abdullayevin məzarı Cəlilabadın mərkəzindəki qəbiristanlıqdadır. Fəridin anası Nərgiz xanımla Əhmədin anası Firəngiz xanım uzun illər bir bağçada çalışdıqları kimi, indi hər ikisi eyni taleyi bölüşməkdədirlər.

Milli Qəhrəman Mübariz İbrahimov Fərid Əhmədovun vida mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: "...Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur. Mübarizin Fəridin qısa şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi... Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir".

Bunu isə şəhid övladları valideynləri adından baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova dedi: "Cənab Ali Baş Komandan, möhtərəm Prezident, bütün şəhid anaları adından Sizə təşəkkürümü bildirirəm. Bu iki cəsədin alınmağında Sizin böyük zəhmətiniz, hünəriniz oldu. Verilməyə bilərdi, qala bilərdi. O, ana üçün, bütün Vətən üçün ikiqat ağır ola bilərdi, ağır bir dərd olaraq qala bilərdi. Şəxsən Sizə öz təşəkkürümü bildirirəm. Həm qürur duyuram, həm fəxr edirəm. Qürur duyuram ona görə ki, balam Vətən yolunda, Vətənin azadlığı, torpaqları uğrunda qurban gedib..."

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.6.