Şəmkir və Göygöl rayonlarındakı qədim abidələr Azərbaycan tarixinin bir çox məqamlarına işıq salır

 

”Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Şirvan və Ağsu məktəbliləri ekskursiyanı sentyabrın 2-də Şəmkir və Göygöl rayonlarında davam etdirdilər.

AzərTAc xəbər verir ki, əvvəlcə qədim Şəmkir qalasında olan şagirdlər burada qazıntı zamanı aşkar edilmiş şəhərin qalıqlarına böyük maraqla baxdılar. Məlumat verildi ki, şəhər AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntılar zamanı üzə çıxarılıb. Azərbaycan tarixinin bir çox məqamlarına işıq salan bu tapıntı zamanı çoxlu sayda əntiq əşyalar da aşkar edilib ki, bu da tədqiqatçılara Azərbaycanın tarixi haqqında çoxlu faktlar verir.

Məktəblilər Şəmkir şəhərindəki Gənclər Mərkəzinin fəaliyyət dairəsi ilə də maraqlandılar.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq başlandı. Şagirdlər üçmərtəbəli binadakı elektron kitabxanaya, iclas salonuna, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxdılar, dahi rəhbərin müxtəlif vəzifələrdə çalışarkən iş otaqlarını əks etdirən guşələrlə tanış oldular.

AğsuŞirvan məktəbliləri Şəmkirin bayraq muzeyi, abidələr park və XVIII əsr alman kilsəsinə ekskursiyadan sonra Göygöl rayonuna gəldilər.

Ümummilli Liderin adını daşıyan parkda mehribanlıqla qarşılanan məktəblilər rayonla ilk tanışlığa Heydər Əliyev Mərkəzindən başladılar. Onlar burada Ulu Öndərin müxtəlif illərdə xarici ölkə səfərlərindən, dünyanın tanınmış simaları ilə keçirdiyi görüşlərdən, həmçinin Göygöl rayonuna tarixi səfərlərindən bəhs edən fotoşəkillərə maraqla baxdılar. Ekskursiya Gənclər Mərkəzində, tarix-diyarşünaslıq muzeyində, Bayraq meydanında, rayonda yaşamış sonuncu alman Viktor Klaynın mənzil-muzeyində davam etdirildi.

Ekskursiyadan zövq aldığını deyən Ağsu şəhərindəki 3 nömrəli orta məktəbin IX sinif şagirdi Murad Niftalızadə bildirdi ki, bu tur-aksiya digər qrup yoldaşlarım kimi mənə də ölkəmizi daha yaxından öyrənməyə kömək etdi. İndi mən ürəklə deyə bilərəm ki, respublikamızın qərb bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri haqqında geniş məlumata malikəm. Xüsusilə qədim Gəncə haqqında təəssüratlarım daha zəngindir.

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S. 7.