Əhmədə deyin ki...

 

Mübariz, Fərid, Əhməd - özlərindən sonra qəhrəmanlıq, hünər və həsrət dolu xatirələr qoyub gedən igid oğullardır. Hamı kimi doğulub, hamı kimi yaşamayanlar...

Onlardan biri - Abdullayev Əhməd Hüseynağa oğlu 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda ziyalı ailəsində doğulub. 1983-cü ildə orta məktəbə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. 1992-ci ildə təhsilini İstanbul şəhər hərbi məktəbində, 1996-cı ildən Ankara Hərbi Akademiyasında davam etdirib. Sənəti ilə əlaqədar dünyanın bir çox ölkələrində - Almaniyada, İsveçrədə keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

 

Qapıdan baxan igid

 

Cəlilabadda doğulub böyüdüyü evdə qapının ağzında - nə vaxtsa dayanıb atasını, anasını, dostlarını gözlədiyi yerdə onun indi şəkli baxır, gələni-gedəni yola salır. O evdə bir istilik, doğmalıq, birsonu görünməyən bir həsrət, hüzn var. Masanın üzərində səliqə ilə düzülmüş şəkillər, kitablar ancaq ondanonun yoxluğundan danışır: "Orduda xidmət etməyən kəs cəmiyyətdə hörmət qazana bilməz". ...Bu, Əhmədin öz əlləri ilə yazdığı sözlərdir.

Ailədə 4 uşaq idilər - 2 qız, 2 oğlan. Ailənin böyük oğlu Əhməd uşaqlıqdan qeyri-adi hərəkətləri ilə seçilirdi. Anası Firuzə xanım deyir ki, Əhməd düzgünlüyü sevər,  yalan danışmazdı. Orta məktəbdə əla qiymətlərlə oxuyardı. Həm də bir neçə dil - ingilis, ərəb, fars və erməni dillərini bilirdi, ispan dilini isə öyrənirdi. Həmişə deyirdi ki, düşmənə qalib gəlmək üçün gərək onun dilini biləsən.

Əhmədin balaca oğlu Hüseyn bu hadisədən şok keçirib. Onun həyat yoldaşı Ulduz xanım üçün hər dəfə bu söhbətlərə qayıtmaq çətindən-çətindir: "Gecələr uşaqları yatmağa aparanda "biz atamızı istəyirik" deyirlər. Nə vaxt gələcək? Hər dəfə uşaqlar bu sualı verəndə çox pis oluram və nə cavab verəcəyimi bilmirəm. Hələ körpədirlər, heç nəyi dərk etmirlər... İndi də mənə deyirlər ki, atam həmişə bizimlədir, qaranlıqda gəlib bizi öpüb gedir..."

Həmin hadisələrin şahidi olan hərbçilərin dediyinə görə, ermənilər Fəridi vurandan sonra Əhməd əsgərlərini qaytarıb ki, onlara heç nə olmasın. Özü isə düşmənlə son nəfəsinə qədər vuruşub, ağır yaralanıb. Əhmədin kiçik qardaşı Elnur Abdullayev: "Əhməd neçə dəfə ölümlə üzləşsə də, sağ-salamat qurtulmuşdu. Sonradan anladım ki, onu uca şəhidlik zirvəsi gözləyirmiş... Bir dəfə ona dedim ki, tez-tez gəl, səni doyunca görək. Dedi, vaxtım yoxdur. Elə bil yoxluğuna alışdırırdı bizi..."

Hüseynağa müəllim deyir ki, Əhməd müstəqil hərəkət etməyi, qərar verməyi xoşlardı. 15 yaşından özü-özünü dolandırardı. 1991-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə qəbul olub orada da hörmət qazanmışdı. Dərsdə əlaçı idi: "1992-ci ildə yay tətili vaxtı oradan bizə zəng edib dedilər ki, "Türkiyəyə tələbə göndərirlər, Əhməd savadlı, əlaçı tələbədir, istəyirik ki, o da getsin".

Həyat, təhsil yolunda uğurlu addımlarını atmaqda olan Əhməd 1992-ci ildə İstanbul Hərbi Liseyinə daxil oldu. Dörd il orada təhsil aldı, 1996-cı ildə imtahan verərək Ankaradakı hərbi akademiyada təhsilini davam etdirdi. Bir faktı da qeyd edək ki, Əhməd orada igid zabit Ramil Səfərovla birlikdə oxumuşdu. 2000-ci ildə "Karahal Okulu" adlanan ali hərbi akademiyanı fərqlənmə diplomu ilə istehkamçı kimi bitirib İzmir şəhərində kursa getdi. 2001-ci ildə Azərbaycana qayıdan Əhməd Gəncədə "N" saylı hərbi hissədə baş leytenant rütbəsi ilə xidmətə başladı. 2001-ci ilin sonunda Xüsusi Təyinatlı Qüvvələrə məxsus "N" saylı hərbi hissədə xidmətə daxil oldudüz 10 il burada fəaliyyətini davam etdirdi. Əhməd 2003-2004-cü illərdə NATO-nun hərbi təlim-məşqlərində Azərbaycan ordusunu təmsil edərək İsveçrəyə və Kiprə göndərildi.

Firuzə xanım: "Oğlum şəhid olandan sonra düşünürəm ki, balam elə həmişə qəhrəman olub. Əhməd əsgərlərinə qayğı göstərərdi. Hətta əsgərlərdən birinin atası rəhmətə gedəndə cibindəki son pulunu ona verib evinə yola salmışdı. Həyatı boyu başqalarına nümunə olub, biz onu hiss etməmişik. Ərizə ilə müraciət etmişdi, müharibə bölgəsinə getmək istəyirdi. Amma ona icazə vermədilər. Mən də fikirləşdim ki, yəqin, daha alınmadı. 2010-cu ilin martında evə gəldi və dedi ki, mən Tərtərə gedirəm. Əhməd Tərtərdə hər gün kəşfiyyata gedirmiş. O qədər şən, deyib-gülən idi ki, heç vaxt hiss eləməzdin bu adamın nə isə bir çətinliyi, problemi var. Mart ayında özü getdi, Ulduz burada qaldı. Mən işləyirdim, gedə bilmirdim. Ona görə də atasını gətirib Ulduzun yanına qoydu ki, uşaqlarla tək qalmasın. Elə oldu ki, atası da yıxıldı, qolu sındı, bir aya qədər xəstəxanada müalicə aldı. Bu arada Əhməddən xəbər yox idi. Demə, yüksək qızdırma ilə hospitalda yatırmış. Bizimlə də hər gün telefonla danışır və "narahat olmayın, tezliklə gələcəyəm" deyirdi. Tərtərdə doqquz kirayə ev dəyişib. Çox çətinliklər görüblər. Öz evində rahat yaşaya da bilmədi balam..."

 

"Oğlum uşaqlıqdan tərbiyəli, qayğıkeş, Vətəni sevən idi..."

 

 Firuzə xanım deyir ki, biz onun hərbi hissədə Fəridlə bir yerdə olduğunu bilmirdik. Fəridin anası ilə bir yerdə işləyirdik. Mən bağçada tibb bacısı, o isə tərbiyəçi idi. Həmişə Əhməd Türkiyədən məktub göndərəndə oxuyub ağlayırdım. O isə mənə təsəlli verərdi. Amma yazıq Nərgiz o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq... Əhmədi Cəlilabadda dəfn etdik. Amma iki ay, Fəridlə Mübarizin meyiti gətirilənə qədər valideynlərindən utanırdıq ki, onların balaları orada qalıb. Kömək edən insanlar sağ olsunlar ki, Əhmədin igidliyi haqqında Prezidentə müraciət etdilər. Əhməd medalla təltif olundu. Bu, bir ana kimi mənə böyük təsəllidir. Oğlum olduğuna görə demirəm, uşaqlıqdan tərbiyəli, qayğıkeş, Vətəni sevən idi.

Qardaşı Elnur Abdullayev deyir ki, nəslimizdə hərbçi olmayıb. Amma nədənsə Əhməd hərbi çox sevirdi. Bəlkə də bu, dövrün hadisələri ilə əlaqədar idi. Əhməd hərbçi olmaq qərarına elə o illərdə gəlmişdi. Qardaşım peşəkar bir zabit kimi torpaqlarımızı geri qaytarmaq, düşməndən intiqam almaq istəyi ilə yaşayırdı. Onun qardaşı olmaq çox böyük şərəfdir. Əhməd  namuslu, vicdanlı bir insan idi. Bunu əməli ilə də sübut etdi. Qardaşım məhz bu xalqın, bu Vətənin oğlu olduğu üçün qürur duyurdu. Hər dəfə görüşəndə sevdiyi işlə məşğul olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyirdi. Düşünürəm ki, Vətənimizə Mübariz, Əhməd, Fərid kimi oğullar çox lazımdır.

Ulduz xanım xatırlayır ki, Əhməd səyahət etməyi çox sevirdi. Hər dəfə deyirdi ki, sizi Türkiyəyə aparacağam. Orada oxuduğu yoldaşları ilə əlaqə saxlayırdı. Onlar Əhmədi Türkiyəyə dəvət edirdilər. Bir türk yoldaşı vardı, o da evli idi, həmişə zəng vurardı ki, uşaqları da götür, gəl. Əhməd soruşanda ki sizin niyə uşağınız yoxdur? O: "Biz hələ planlaşdırırıq" deyəndə Əhməd: "Siz planlaşdırana qədər evdə mənim iki əsgər balam böyüyür", - demişdi. Əhməd uşaqları çox istəyirdi. Çox xeyirxah insan idi. Hər dəfə orucluqda fitrə verərdi və əlavə edərdi: "Hər şeyə hazır olmaq lazımdır. Mən sənə arxayınam".

 

Yaddaşdakı dirilər

 

Sonadək Fərid Əhmədovla birlikdə düşmənə müqavimət göstərən, Mübariz İbrahimov üçün gedib dostunu da itirən Əhməd Abdullayev hərbi hissəyə qədərki uzun bir məsafəni ağır yaralı olmasına baxmayaraq, sürünə-sürünə adlaya bilib. Axırıncı sözü isə bu olub: "Heyif ki, Fəridi gətirə bilmədim..."

Əhmədli günlərin həsrətini heç cür unuda bilməyən Ulduz xanımın gözləri yol çəkir: "Bilinirdi ki, yaralanmaq məsələsi deyil. Yalvardım ki, mənə həqiqəti deyin. Evlə hospitalın arası yaxın idi. Dayana bilməyib qaça-qaça ora getdim. Qolundandöş qəfəsinin altından yaralanmışdı... Bir də gözlərimi açanda gördüm ki, bayırda daşın üstündə oturmuşam. Sonra qaynım Elnur gəldi. Ona da göstərdilər. Elə bil uşaqlar da atalarının yoxluğunu hiss etmişdilər. Əhmədin tabutu qabaqda aparılır, biz də maşında arxadan gedirdik. Hüseyn deyirdi ki, bilirəm, onun içində atamı aparırlar... (kövrəlir). Biz ailədə çox mehriban idik. Bir-birimizdən gizli heç nəyimiz olmazdı. İndi də mən onun ölümünə inanmıram. Mənə elə gəlir ki, o, nə vaxtsa qayıdacaq. Nə qədər maddi, mənəvi kömək olsa da, Əhmədi heç bir şey əvəz edə bilməz. Mən çalışacağam ki, bu iki uşağı Əhmədə layiq övladlar kimi böyüdüm. Əhməd Abdullayev yurdunu, torpağını, əsgərlərini də çox sevirdi. Hərbçi dostlarından birinin Əhmədə göndərdiyi, amma onun vaxt tapıb oxuya bilmədiyi son mesajda olduğu kimi: "Özündən, əsgərlərindən və Vətənindən muğayat ol!"

Bu da son: Azərbaycan ordusunun mayoru Əhməd Abdullayev 2010-cu il sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub və 2010-cu il 28 dekabrda Azərbaycan Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2014.- 4 sentyabr.- S.7.