Müşfiq ucalığı

 

Azərbaycan ədəbiyyatının klassikləri və müasirləri birmənalı şəkildə etiraf etmişlər ki, Mikayıl Müşfiq şeir-sənət aləminə ötəri həvəslə yox, yenilikçi və əsl şair kimi gəlmiş, XX əsr Azərbaycan poeziyasının təməl daşını qoyanlardan olmuşdur. O, hər yeni əsəri ilə oxucuları sevindirmiş, yaxşı şair kimi tanınmışdır.

Mikayıl Müşfiq bütün yaradıcılığını, həyatını şeir-sənətə, doğma vətəninin tərəqqisinə və inkişafına həsr etmişdir. Yeni dünyanın, yeni bəşəri anlayışın nəğməkarlarından olan şairin ecazkar istedadının çalarları illər ötdükcə daha parlaq şəkildə üzə çıxmışdır.

Mikayıl Qədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Mirzə Əbdülqədir müəllim, babası (atasının atası)  molla İsmayıl Xızı bölgəsində və Bakıda tanınan simalardan idi. Bir müddət Xızıda, 1902-ci ildən isə Bakının dağlı məhəlləsində müəllimliklə məşğul olan Müşfiqin atası Mirzə Əbdülqədir dövrünün yeni düşüncəli ziyalılarından biri kimi gənc nəslin təlim-tərbiyəsində və maarifçiliyin təbliğində böyük işlər görmüşdür. O yalnız uşaqların deyil, böyüklərin də  savadlanmasına səy göstərirdi. Hətta imkansızlara, maddi vəziyyəti ağır olub, amma bilik almağa həvəsli olanlara kurslar açıb pulsuz dərs keçirdi. "Mən sizə öyrətdiklərimi siz də evdə, ailədə yaxınlarınıza öyrədin. Onda siz keçdiklərimizi həm yaxşı mənimsəyər, həm də bildiklərinizi yaxınlarınıza öyrətməklə savab qazanarsınız" deyən Mirzə Əbdülqədirin əsas məqsədi  insanların savadlanmasına nail olmaq idi. 1908-ci ildə Mirzə Əbdülqədir Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunur və ömrünün sonuna kimi burada çalışır. 1908-ci ilin iyun ayının 4-də Mikayıl dünyaya gəlir...

Mikayıl anadan olandan ayyarım sonra qəflətən anası dünyasını dəyişir. Bu zaman Mirzə Əbdülqədir məcburiyyət qarşısında qalaraq südəmər körpəni ata-baba yurdu Xızıya aparır, Sayadlı kəndində yaşayan yaxın qohumlarından Səfiyyə adlı qadına müvəqqəti olaraq saxlamağa verir. İki ildən sonra atası onu yenidən Bakıya gətirir. Bu zaman balaca Mikayılın atası artıq Zibeydə adlı xanımla ailə qurmuşdu. Mikayıl Zibeydədən əsl ana qayğısı, ana nəvazişi görür.

Balaca Mikayılın atası onun təlim-tərbiyəsinə ciddi fikir vermiş, kitaba, yazıb-oxumağa həvəsləndirmişdir. Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu. Professor Cəlal Qasımov tədqiqatlarında Müşfiqin bacısı Balacaxanım İsmayılzadənin "Dirilik" (1915, ¹ 13) jurnalında dərc olunmuş xatirələrinə istinadən bildirir ki, "Onun lirik planda yazılmış şeirlərində azadlıq, vəfa, bahar tərənnüm edilir. O, Müslüm Maqomayevin məşhur "Şah İsmayıl" operasının liberettosunu, eyni zamanda "Seyfəlmülük", "Yusif və Züleyxa" operalarının da mətnini yazmışdır".

Müşfiqin atası Mirzə Əbdülqədir 1915-ci ildə vəfat edir. Ayyarımlığında anasını, səkkiz yaşında atasını itirən Mikayılın yaşadığı ailənin maddi vəziyyəti ağırlaşır. Əvvəlcə əmisinin və bibisinin, ən nəhayət, ana nənəsi Qızqayıt xanımın  himayəsində böyüməli olur. Elə həmin il o, qohumlarının köməyi ilə rus-Azərbaycan məktəbinə daxil olur, 1920-ci ilə kimi burada oxuyur və ibtidai təhsil alır. Əsrin əvvəlində milli oyanışın daşı da parçalamaq iqtidarında olduğu bir vaxtda Bakıda baş verən ictimai-siyasi hadisələr onun həyata baxışında və dünyagörüşündə böyük izlər qoyur. Müşfiqin ibtidai təhsil aldığı illər milli münasibətlərin kəskinləşdiyi, erməni-müsəlman qarşıdurmalarının və münaqişələrin gücləndiyi, ölkəmizin, xüsusilə neft Bakısının işğalı ilə əlaqədar ingilis, rus və erməni silahlılarının qurşunu Azərbaycanın müstəqilliyinə  tuşlandığı vaxtlara, millətin azadlıq və müstəqillik arzusu ilə canından-qanından keçdiyi ağrılı-acılı günlərə, təhsilinin son iki ili isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və süqutuna təsadüf edir.  

Sovetləşmə dövründə Mikayıl İsmayılzadə (Mikayıl Müşfiq) Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. O, ilk şeirlərini məktəbli ikən yazmış, divar qəzetində çap etdirmişdir. Şeirləri təmiz Azərbaycan  türkcəsinin  axarı-buxarı ilə  seçilirdi. Mikayıl Müşfiq imzası ilə böyük ədəbiyyata, dövri mətbuata 1926-cı ildə "Gənc işçi" qəzetinin 28 aprel nömrəsində dərc olunan "Bir gün" adlı şeiri ilə qədəm qoymişdur.

Fitri istedada malik gənc şeir yazmaqla yanaşı, mütaliə edir, təhsilini və savadını artırmağa səy göstərirdi. Ona görə də 1927-1928-ci tədris ilində Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, bu elm məbədini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan şair Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri hazırda onun adını daşıyan Yasamal rayonundakı 18 saylı orta məktəb olmuşdur.

Müşfiq 1931-ci ildə Bakı Pedaqoji Texnikumunun tələbəsi Dilbərlə tanış olmuş, 1933-cü ildə ailə qurmuşdu. Bu izdivacdan Müşfiqin oğul övladı dünyaya gəlmişdi. Dilbər Axundzadə "Müşfiqli günlərim" kitabında (Bakı, "Gənclik", 1968) o günləri belə xatırlayır: "1934-cü ilin martında bir oğlumuz oldu. Müşfiq onun adını Yalçın qoydu. Müşfiqin sevinci yerə-göyə sığmırdı. Sanki o, dünyaya gələn gündən özü ilə Müşfiqə qanad gətirmişdi. Təəssüflər olsun ki, Müşfiqin bu sevinci uzun sürmədi. Uşaq iki aylıq olanda birdən bərk xəstələndi, hərarəti yüksək olduğundan bütün gecəni və gündüzü süst düşdü. Bu bizim hər ikimizi sarsıtdı. Həkimlərin müayinəsi və müalicəsi heç bir fayda vermədi. Uşaq gözlərini son dəfə yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı..."      

Şair 1937-ci ilin yay ayında, anadan olduğu 4 iyun günü səhər saat 9-da Azərbaycan Baş Siyasi İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Müşfiq həbsxana zirzəmisində saxlanılandan az sonra sovet rejiminin amansız "qanunları" ilə böyük qardaşı - 32 yaşlı Mirzənin, bacıları - 30 yaşlı Böyükxanımın və 29 yaşlı Balacaxanımın, 16 yaşlı əmisi oğlu Yunis Dağlının həyatını, ailəsini məhv etdilər. Mirzə Astarada hesabdar işləyirdi. Onu oradan necə götürüblərsə, nə öldüsü, nə də qaldısı barədə indiyəcən  məlumat yoxdur. Yunis təzə yazmağa başlayan həvəskar şair idi... On bir il şaxtalı Sibir çöllərində sürgün həyatı keçirib qayıtdı. O vaxt Müşfiqin bacısı - 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinin həyat yoldaşı idi. Zeynalabdin işdə olarkən "Emadin" markalı qara maşın Böyükxanımı həbs etmək üçün həyətə gəlir. Meşin gödəkcəli NKVD-çilər evdə axtarış aparırlar. Şəkilləri, kitabları götürürlər. Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçir, orada olan dolu neft qabını son damlasına kimi üstünə töküb, həyətə çıxır, uca səslə "Müşfiqə canım fəda olsun" deyib özünü yandırır. Bundan şoka düşən meşin gödəkçəlilər yorğan götürüb alovu söndürməyə çalışsalar da, gec olur.

Mikayıl Müşfiqlə əlaqədar 1938-ci il yanvarın 4-də saat 10.20-də başlayan məhkəmə iclası 10.40-da bağlı elan edilir. Cəmi iyirmi dəqiqə davam edən məhkəmə iclasında İsmayılzadə Mikayıl (Müşfiq) Əbdülqədir oğlunun burjua-millətçi ideyalarla yaşadığı, müsavatçılarla əlaqəsi, ən nəhayət, 1935-ci ildən sovet hökumətinin əleyhinə işləyən üsyançı-terrorçu təşkilatın üzvü olduğu "müəyyən" edilir və s. Odur ki, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Mikayıl Müşfiqi ən ağır cəzaya - bütün əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edir. Böyük şair xüsusi təhlükəli düşmən kimi bir gün sonra, yanvarın 6-da sübh tezdən güllələnir...

Bütün bunları yazmadan böyük şairin yaradıcılığının ovxarlı tərəfindən mövzumuzu birbaşa davam etdirə bilərdik. Amma diqqətinizə çatdırmaq istədik ki, əsli-nəsli nə kapitalist, nə sahibkar, nə tacir, nə milyonçu, nə hökumət adamı, nə də ki siyasətçi olan gənc pedaqoqa, şairə bolşevik hökuməti olmazın zülmlərini etmişdir. Ziyalı ailəsində dünyaya göz açan, körpəliyindən faciələrlə üzləşən, çətinliklə oxuyan, ali təhsil alan, əli çörəyə çatanda, çox təəssüf ki, yaşadığı dövr billur kimi saf, fitri istedada malik belə bir insana mərhəmətli, şəfaqətli olmamışdır... Bütün bunları duyurmuş kimi şair yazırdı:

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim...

Bu göylə çarpışan, yerlə əlləşən

Dostdan,  aşinadan necə əl çəkim...

 

Bu misraları onun həyatla vida nəğməsinə də bənzətmək olar. O, həyat şairi idi, cilova yatmayan ilhamı gecə-gündüz çağlayırdı. Qəddi-qamətli, yaraşıqlı bu gənc sonsuz bir həvəslə yazıb-yaratmaq, xalqına daha gözəl əsərlər bəxş etmək istəyirdi.

Mikayıl Müşfiq 1918-ci  ildə yaranan müstəqilliyimizin şahidi  olub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI rus ordusu tərəfindən süquta uğradılanda, ölkəmiz yenidən müstəmləkə boyunduruğuna sürüklənəndə Müşfiqin on iki yaşı  var  idi. Dəhşətli çaxnaşmalar onun şair qəlbini narahat edirdi.

 

Vətən getdi əldən, dil getdi əldən,

Hər yetən dəm vurur beynəlmiləldən.

 

- deyə bütün dünyanı işğalçı "beynəlmiləlçilik"lə tanış edən şair məslək etibarilə milli duyğulu Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Salman Mümtaz, Vəli  Xuluflu, Əhməd Ağaoğlu, Firudin bəy Köçərli və dövrün bu kimi ziyalılarının istək və ideyalarına dəstək olurdu.

Belə bir misal var: dostunu mənə göstər, sənin kim olduğunu deyim. Azərbaycanın iki böyük şairi - Mikayıl Müşfiq və Almas İldırım, bir müddət də Məmməd Rahim istiqlal şairi Əhməd Cavadla yaxın dost olmuş və Əhməd Cavadı özlərinin müəllimi, ustadı hesab etmişlər. Bu fikirlər istər 1920-1930-cu illər, istərsə də Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra  dövri mətbuatda dəfələrlə səslənib. Bu barədə istiqlal şairi Əhməd Cavadın  böyük oğlu Niyazi Axundzadə də söhbətlərində, mətbuata verdiyi müsahibələrdə  deyərdi: "Müşfiqlə atam çox yaxın dost idi, tez-tez bizə gələrdi. Yaxşı yaddaşı var idi. Atam gecələr işlədiyindən adətən gec yatardı və yuxudan bir az gec durardı. Müşfiq bizə çox vaxt səhər-səhər, tezdən gələrdi, atam durub əl-üzünü yuyanacan Müşfiq onun iş stolunun üstündəki əlyazmaları, axşam yazdığı şeirləri götürüb oxuyardı, atam otağa girən kimi misra-misra əzbərdən deyərdi. Hamı məəttəl qalardı.

Bir dəfə Müşfiq yenə tezdən bizə gəlmişdi. Qapını atam özü açdı, Müşfiq içəri keçəndən sonra atam getdi o biri otağa əl-üzünü yumağa. Mənim yanımda stolun üstündəki üç bəndlik şeiri oxuyub yerinə qoyan məqamda atam "nə var, nə yox, necəsən?" deyə-deyə otağa girəndə Müşfiq başladı bir az da ucadan, avazla  oxuduğu şeiri əzbər deməyə. Şeiri qurtarar-qurtarmaz atama dedi:

- Axşam yazmışam, Cavad əfəndi, necədir?

Atam onun iş stolundan bir az da kənarda dayanan Müşfiqə təəccüblə baxıb:

- Ola bilməz, o şeiri mən yazmışam? - dedi.

Atam dedikcə, Müşfiq inad edirdi... Atamın ani olaraq fikrə getdiyini görən  Müşfiq bir-iki addım irəli keçib əl verdi: "Əfəndi, yaxşı şeirdir, zarafat edirdim, belə gözəl şeirləri yalnız mənim müəllimim yaza bilər" deyib, gülümsədi.

Atam Müşfiqlə tez-tez onun dədə-baba yurduna gedərdi, xızılılar atamın xətrini çox istəyirdilər. Yadımdadır, Müşfiqin əmisi oğlu Yunis Dağlı (o da yaxşı şeirlər yazırdı) atamın şərəfinə oğlunun adını Cavad qoymuşdu".

Müşfiq Azərbaycan poeziyasına xalq ruhunun qaynaqlarından, şifahi ədəbiyyatın ölməz ənənələrindən, eləcə də Şərq, xüsusən də türk poeziyasının zəngin xəzinəsindən öyrənə-öyrənə boy atmışdı.

 

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel, əsmə,

Mənim bu dünyada bir sandalım var.

 

- deyə gənclik ehtirası ilə yazıb-yaradan Müşfiq bu ruhlu şeirləri ilə sabaha, işıqlı gələcəyə inam motivlərinin ilk qaranquşuna çevrilirdi. Təsadüfi deyil ki, sonralar onun güllələnməsinə "səbəb" olan "əsas" amillərdən biri də guya Türkiyənin bayrağına işarə kimi bu "bədr olmamış hilal" oldu. Bu gün ziyalılarımızın - alim, şair, tarixçi, ən çox da incəsənət və iş adamlarının qarşılıqlı surətdə bir-birinin evinin, süfrəsinin, məclisinin yuxarı başında əyləşdiyi, "Bir millət, iki dövlət" olaraq qol-boyun olduğumuz bir vaxtda Müşfiqin o bədr olmamış hilalı on dörd gecəlik aya dönüb qaranlıq gecəmizi işıqlandırır. On şeir kitabının müəllifi olan Mikayıl  Müşfiq nəinki istedadlı şair, yaxşı insan, həm də istedadlı tərcüməçi idi. Onun poetik istedadı Ömər Xəyyam, Puşkin, Lermontov, Şevçenko yaradıcılığının bütün gözəlliyini Azərbaycan oxucusuna çatdırmışdır.

Şairin dillər əzbəri olan "Yenə o bağ olaydı", "Oxu,  tar", "Maralım", "Yaşa, könül", "Sənə  qurban", "Küləklər" kimi sevgi dolu lirik şeirləri  ilə yanaşı, bolşevik  ab-havasını tərənnüm edən "28 aprel", "Zəfər səsləri", "Əmək", "İrəli" kimi şeirləri də  yer alıb. Müşfiq Oktyabr inqilabının qələbəsindən başlayaraq yarımçıq ömrünün axırına kimi bu quruluşa inandı, duyğularını nəzmə çəkdi. Azərbaycan ədəbiyyatının yeni mündəricəli sosialist poeziyasını yaradanlardan biri idi. Yetimçiliklə, çətinliklərlə böyümüş Mikayılı zülmün, cəhalətin girdabından çıxarıb onu şair kimi tanıdan yeni quruluşa rəğmən deyirdi:

 

Mən əzilən bir sinifin hayqıran,

Haqq bağıran sədasından - yarandım.

Ölümlərin pəncəsində hıçqıran

Məzlumların nəvasından yarandım... 

 

Və ya başqa bir şeirində yazırdı:

 

Çağlayan ləpələr deyir - Stalin,

Dərələr, təpələr deyir - Stalin...

Mehriban qocalar, sevdalı gənclər,

Dil açan körpələr deyir - Stalin...

 

Bu inamla, bu ilhamla vətənə, xalqa, Leninə, Stalinə onlarla şeirlər qoşdu.

Bəs sovet dövrünün yaranışını böyük bir şövqlə nəzmə çəkən şairi kimlər idi ölüm  girdabına sürükləyənlər?  Hansı qara əllər iyrənc caynaqlarını onun yaxasına  keçirmişdi?!

O qanlı-qadalı illərdə, haqsızlığın ayaq açıb yeridiyi, haqqın qoluna qandal vurulduğu bir dövrdə Müşfiqi müsavatçı, pantürkist, yeni quruluşu bəyənməyən şair kimi qələmə verənlərin sayı artırdı. Yeni quruluşun ürəyindən gələn bu ənənə cəmiyyətin bütün zümrələrini başına götürmüşdü. Eləcə də Azərbaycan Şura Yazıçıları Cəmiyyəti belə idi. Hansı yığıncaq olsa, hansı bolşevik mətbuatı olsa Hüseyn Caviddən, Əhməd Cavaddan, Hacı Kərim Sanılıdan başlayıb Müşfiqdə qurtarırdılar. Bir dəfə Azərbaycan şura yazıçılarının yığıncağında adı və imzası heç kimə bəlli olmayan firqəçi şairciklərdən biri  Müşfiqin şeirlərinin vətənə və xalqa gərəksizliyindən bəhs etməklə, onu qatı müsavatçı və yeni quruluşun düşməni adlandırdı. Böyük Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz, Hacı Kərim Sanılı ilə yanbayan oturan Müşfiq tələsik bloknotundan bir vərəq cırıb dizinin üstündə dərhal nəsə yazıb tribunadan düşüb, yanından ağır addımlarla keçərək arxa cərgədə yerində oturmağa gedən şairciyə uzatdı. "Natiq" öyünə-öyünə yanındakıların müşayiəti ilə açdığı həmin vərəqdə yazılmışdı:

 

Şairə ilhamdan maya gərəkdir,

Anasız cocuğa dayə gərəkdir!

Şairəm söyləyir yerindən duran,

Adamın üzündə hayə gərəkdir!

 

Müşfiq istedadının gücünü, qüvvətini həzm edə bilməyən bu cür şairciklər, bu cür yığıncaqlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı  Müşfiqin yazılmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət  mənəviyyatımıza zərbə  vurdular. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı və başqa bu kimi milli ruhlu şairləri şantaj etməkdən, qara yaxmaqdan usanmırdılar.

Mikayıl Müşfiqin işıqlı ömrünə 29 yaşında son qoyulmuşdur. Ədəbiyyatşünaslar birmənalı şəkildə təsdiqləyirlər ki, on bir illik yaradıcılıq fəaliyyəti dövründə, xüsusilə 1920-1930-cu illərdə Azərbaycan şeirinin istər məzmun, istər sənətkarlıq, istərsə də bədii ustalıq cəhətdən qüvvətlənməsində Mikayıl Müşfiqin böyük rolu olmuşdur. Faciəli illər, Stalinin cəza tədbirləri bu xalq istedadının həyatını çox tez və mənasız yerə söndürmüşdür. Lakin qısa yaradıcılıq dövründə şair elə əsərlər yarada bilmişdir ki, bunlar onun adını əbədiləşdirmiş və Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Müstəqil və müasir Azərbaycanda, onun şair xəyallarında dolaşan üçrəngli bayrağın işığında yaşayan insanlar sevinirlər ki, Müşfiq gəncliyi ilə, Müşfiq ucalığı ilə Müşfiq qocalığı yanbayan dayananda o nəinki böyüyüb boya-başa çatdığı Xızı dağlarından, hətta Kəpəzdən, Qoşqardan, Murovdan, Babadağdan da uca, möhtəşəm və əzəmətli görünür.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 6 sentyabr.- S.6.