Göyçay məktəbliləri İsmayıllı, Qəbələ və Şəkiyə

 ekskursiyadan zəngin təəssüratlarla qayıtdılar

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində sonuncu ekskursiyanın ünvanı olan İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən göyçaylı şagirdlər sentyabrın 6-da axşam saatlarında rayona qayıtdılar.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları rayon rəhbərliyi, müəllimlər və valideynlər tərəfindən qarşılandılar.

Qrupun rəhbəri, Göyçay şəhər 1 nömrəli orta məktəbinin müəllimi Cəfər Əliyev tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd günlük səfər son dərəcə maraqlı və yaddaqalan oldu. Bu səyahətin xoş təəssüratları uzun zaman unudulmayacaq. Biz ekskursiya zamanı istirahət etməklə yanaşı, bütün regionlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq. Bu ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə qəbul olunmuş regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir. Marşrut boyu biz bu inkişafı müşahidə etdik”.

Göyçay şəhər 7 nömrəli orta məktəbinin 10-cu sinif şagirdi Humay Paşayeva dörd günlük səfər təəssüratlarını belə ifadə etdi: “Tur-aksiya çox maraqlı keçdi. Vətənimizin təbiəti bizi valeh etdi. Qədim tarixi abidələrdə olduq, İsmayıllının, Qəbələnin, Şəkinin görməli yerlərini gəzdik. Xüsusən Şəki Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki xanlarının sarayı, İsmayıllı rayonun Lahıc qəsəbəsi, qədim Qəbələnin müasir inkişafı məndə yüksək təəssürat yaratdı. Tur-aksiyanın təşkilatçılarına şagird dostlarım adından minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan.-2014.- 7 sentyabr.- S.2.