Qoca Qafqazın iki
müdrik dini lideri
24
avqust... Qədim əfsanələr, rəvayətlər məkanı
və sivilizasiyalar beşiyi olan Egey dənizinin sahilində yay
fəslinin ən gözəl çağlarından biri idi. O
gün səma şəffaf, dəniz gömgöy, yay günəşi
parlaq görünürdü. Bodrumda dəniz havasının təravətinə
gözəllik qatan qızmar günəşin ilıq
şüaları altında müxtəlif irqdən, millətlərdən
olan adamlar istirahətdən həzz alır, özlərini
dünyanın ən xoşbəxti sayırdılar. Bu
müxtəlif insanların istirahətdən necə zövq
aldığını görəndə
düşünürsən ki, dünyada hər kəsin
layiqli yaşamaq, gözəl təbiət qoynunda xoş
istirahət etmək haqqı var... İnsanların sahib
olduğu bütün gözəllikləri dünyaya bəxş
edən ulu Tanrıdır. Dünyanın hər guşəsində
qəlbində Allah sevgisi olan insanlar rahatlığa, dincliyə
can atır, ölkələrində sülh və
barış istəyirlər...
O gün
səma bütün çılpaqlığı ilə dənizdə
əks olunmuşdu. Gömgöy Egey dənizinə baxanda
insanın ruhu dincəlirdi. Dənizin qoynundan könüllərə
sığal çəkən, qəlbləri oxşayan sərin
meh əsirdi. Egeyin sol və sağ sahili göz işlədikcə
uzanan yamyaşıl dağlardı.
Hər il
bir milyondan çox turisti qəbul edən mavi qübbəli
Egeyin sahilində dayanıb günəşin
çıxmasını və batmasını izləmək
adama xoş duyğular, gözəl ovqat bəxş edir...
Yaşadığımız
"Amara-İsland Elit" hotelinin zümrüd rəngli
zeytunlarla haşiyələnən yay yeməkxanası Egeyin
lap sahilində idi. Mən və dostum Hadi Rəcəbli ailələrimizlə
nahar edirdik. Elə bu zaman mobil telefonum zəng çaldı.
Bakıdan, Milli Məclisdən ümumi şöbənin məsul
işçisi Gülnara İsmayılova idi.
Salamlaşdıq. Gülnara xanım Bakıya nə vaxt
qayıdacağımı soruşdu. Mən, avqustun 30-da, dedim.
Gülnara xanım bir az fasilə verəndən sonra dedi ki,
Patriarx II İliya həzrətlərinin təşəbbüsü
ilə dövlət rəsmilərinin iştirakı ilə avqust ayının 29-da Tbilisidə
möhtərəm şeyximiz Allahşükür Paşazadənin
65 illik yubileyi keçiriləcək. Siz də nümayəndə
heyətinin tərkibindəsiniz.
Mən
onu o dəqiqə başa düşdüm və:
- Siz
arxayın olun, mən biletimi dəyişərəm, ayın
29-da Bakıda olaram,- dedim.
... Sonra xəyal
məni bir neçə il əvvələ -
Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanı
gördüyüm ana apardı. Bakıda Şıxov qəsəbəsi
ərazisində olan "1001 gecə" restoranı... Mavi Xəzərin
sahili... O gün dəniz sakit idi, mülayim idi, təbəssümlü
idi. Sanki ana təbiətin mavi su dünyası şeyx həzrətləri
Allahşükür Paşazadənin qonağı olan Patriarx
II İlyanı səmimi qarşılayır, ona bütün
azərbaycanlılar adından "xoş gəldin"
deyirdi. O gün günəş səmada parlamasa da, mən
patriarxın simasında günəşin nurundan
yaranmış bir varlıq görürdüm. Və o zaman mənə
elə gəldi ki, bu varlıq adi insan varlığı deyil,
Tanrının yaratdığı bir mömin, bir məsum, bir
müqəddəs varlıqdır. Mən onunla sonrakı
görüşlərimdə də bunu hiss etdim.
Düşünürəm ki, onu bir şəxsiyyət kimi
tutduğu vəzifə deyil, o, vəzifəsini şöhrət
zirvəsinə qaldırmışdır.
Sonra
Tbilisidəki görüşümüz yadıma
düşdü. O vaxt Ümumgürcüstan
Katolikos-Patriarxı II İliyanın anadan olmasının 80 və
ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri
münasibətilə təşkil olunan mərasimlərdə
iştirak etmək üçün möhtərəm şeyx
həzrətləri məni də nümayəndə heyətinin
tərkibinə daxil etmişdi. Təyyarə Tbilisidəki hava
limanına çatanda gözlərimə inanmadım. Təyyarə
meydanında patriarx başda olmaqla böyük bir nümayəndə
heyəti bizi qarşılayırdı. Televiziya, mətbuat
işçiləri əlindən tərpənmək olmurdu.
Gül - çiçək dəstələri başımıza
səpilirdi. Doğrudan da unudulmaz və yadda qalan bir
görüş idi... Mən o vaxt həmin möhtəşəm
səfər haqqında geniş yazdığıma görə,
indi bu barədə az danışacağam. Sadəcə onu
deyim ki, iki dini liderin Gürcüstan torpağında səmimi
görüşü və Qafqazda sülh naminə birgə səyləri
hamının qəlbində iftixar hissi oyatmışdı. O
zaman II İliya "Qafqaz müsəlmanlarının dini
liderinin Gürcüstana səfərini Azərbaycan və
Gürcüstan xalqları arasında olan dostluğun təzahürü"
adlandıraraq belə demişdi: "Mən səfərdən
məmnunam və azərbaycanlı dostuma minnətdaram..."
Gürcüstan paytaxtında patriarxın 80 illiyi əsl bayram
kimi qeyd olunurdu. Yubiley mərasiminin keçirildiyi salonda
qoyulmuş geniş ekranda onun doğulduğu kəndlə
canlı bağlantıya baxdığım zaman yeni dünyaya
gələn minlərlə oğlan uşaqlarının
gürcülərin onun şərəfinə İlya
adlandırması xəbərini eşidəndə və
gürcü rəhbərlərin ona sonsuz ehtiramını
görəndə mən həqiqətən hiss etdim ki, bu
insan nə qədər xeyirxahdır, cəfakeşdir, bu
adamın xalq arasında nə qədər nüfuzu,
böyük hörməti var...
Ona
görə əmin idim ki, möhtərəm şeyximizin
Gürcüstana növbəti səfəri, 65 illik yubileyinin
Tbilisidə keçirilməsi də çox maraqlı məqamlarıyla
yadda qalacaq, xatirələrdə dərin iz buraxacaq...
***
Gözəl
istirahət məkanı olan Bodrumda qısa yay istirahətimi
vaxtından əvvəl başa vurub, Bakıya uçdum.
Avqustun 29-da səhər saat dörddə evə
çatdım. Səhər yeddidə isə yenidən hava
limanına yollandım. Burada kimləri görsəm
yaxşıdır?! Ən çox sevdiyim millət vəkilləri
- respublika ağsaqqallar şurasının sədri Fəttah
Heydərovu, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri
Eldar İbrahimovu, Milli Məclisin İntizam
Komissiyasının sədri, YAP icra katibinin müavini
Siyavuş Novruzovu, akademik Vasim Məmmədəliyevi, möhtərəm
şeyximizin müavini Hacı Salmanı, Qafqaz Müsəlmanları
İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Müqəddəs Payızovu , Bakı və Azərbaycan
Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və
Dağ Yəhudiləri İcmasının
başçısı Melix Yevdayevi, QMİ mətbuat xidmətinin
müdiri Rəhimə xanımı görüb onlarla
salamlaşdım.
Yeri gəlmişkən,
bir müdrikə sual verirlər ki, yolu qısaltmaq
üçün nə etmək lazımdır? Müdrik cavab
verir ki, bunun üçün yaxşı yol yoldaşları
seçməlisən. Mənim də həmişə
olduğu kimi bu səfərdə də bəxtim gətirmişdi.
Ən çox hörmət etdiyim insanlarla yol yoldaşı
olacaqdım. Bir azdan möhtərəm şeyx həzrətləri
də gəlib çıxdı. Hamımız ayağa durub
onunla görüşdük. Biz onun 65 illik yubileyini təbrik
etdik. Bir neçə dəqiqədən sonra möhtərəm
Prezident İlham Əliyevin şeyx həzrətləri
üçün ayırdığı xüsusi təyyarəyə
oturduq.
Təqribən
bir saatdan sonra təyyarəmiz Tbilisidəki Beynəlxalq hava
limanında yerə endi. Yenə Ümumgürcüstan
Katolikos-Patriarxı II İliya öz nümayəndə heyəti
ilə bizi qarşılamağa gəlmişdi. QMİ sədri,
Şeyxülislam Allahşükür Paşazadə başda
olmaqla nümayəndə heyətimizi çox səmimi və
isti qarşıladılar. Hamımız patriarxın əlini
sıxdıq və ona şeyxülislamın Tbilisidə
yubiley mərasiminin keçirilməsinin təşəbbüsçüsü
olduğuna görə minnətdarlığımızı
bildirdik. Buradaca jurnalistlər üçün brifinq
keçirildi.
Sonra bizim
üçün ayrılmış xüsusi avtomobillərə
oturaraq Şota Rustaveli küçəsində orijinal
görünüşə malik "Marriot" hotelinə yola
düşdük. Bir az dincəldikdən sonra Tbilisidə Heydər
Əliyevin abidəsini ziyarət etdik, önünə əklil
və tər çiçəklər qoyub ulu öndərin
xatirəsinə dualar oxuduq.
***
Az sonra
patriarxın mənzil -qərargahına gəldik. Bir saatdan
artıq sürən görüş əsl dostluq və
qardaşlığın bariz simvoluna çevrildi. Patriarx
şeyxülislam Hacı Allahşükür Paşazadənin
bu səfərini tarixi bir səfər adlandırdı.
Görüş zamanı məlum oldu ki, şeyxülislamla
patriarx bir-birlərini sovetlər dönəmindən - gənc
yaşlarından tanıyırlar və zaman-zaman bu
tanışlıq əbədi dostluq və
qardaşlığa çevrilib. Bu gün din xadimləri
münaqişə bölgələrindəki hadisələrə
görə daha çox məsuliyyət daşıyır, bu
bölgələrdə barış və sülhün bərqərar
olmasına yorulmadan çalışırlar...
Görüşdə
patriarx sözünü yekunlaşdıraraq:
-
Şeyxülislam Qafqaz regionu üçün əvəzsiz
xidmətlər göstərir. Bu xidmətləri qiymətləndirmək
üçün mən daha qiymətli bir söz tapa bilmirəm,
- dedi.
Allahşükür
Paşazadə Qafqazın ağsaqqalı kimi dəyərləndirdiyi
Patriarx II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini,
zamanında ulu öndər Heydər Əliyevin onu yüksək
qiymətləndirdiyini görüş
iştirakçılarının diqqətinə
çatdırdı. Şeyxülislam həzrətləri Azərbaycanın
dövlət başçısı İlham Əliyevin, eləcə
də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın salam və ehtiramlarını
Ümumgürcüstan Patriarxına çatdırmaqdan şərəf
duyduğunu bildirdi, həmçinin qardaş Azərbaycanda Patriarx
II İlyanı həmişə gözlədiklərini, ona
Uca Yaradandan uzun ömür, cansağlığı dilədi.
Patriarx II
İliya Şeyxülislam Allahşükür Paşazadəyə
yubiley münasibətilə qiymətli hədiyyələr,
Şeyxülislam həzrətləri isə Patriarxa Azərbaycanı
zərif naxışları ilə vəsf edən gözəl
və nəfis xalça bağışladı.
***
Şeyxülislam
Allahşükür Paşazadəni elə həmin gün
Gürcüstan Parlamentinin spikeri David Usupaşvili qəbul
etdi.
Şeyxülislam
həzrətlərini Gürcüstanda görməkdən məmnunluğunu
bildirən spiker Azərbaycan və Gürcüstan, həmçinin
iki qonşu ölkənin parlamentləri arasında olan səmərəli
əməkdaşlıq barədə danışaraq, yaxın
vaxtlarda Azərbaycana etdikləri səfər barədə məlumat
verdi. QMİ sədri dövlətlərimizin həyatında və
qardaşlıq münasibətlərimizdə baş verən
müsbət dəyişikliklərdən şad olduğunu
bildirdi, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya
ilə hər zaman bu istiqamətdə
çalışdıqlarını vurğuladı.
Allahşükür Paşazadə II İliyanın Azərbaycanın
Qarabağ problemi ilə bağlı nümayiş etdirdiyi
davamlı dəstək barədə gürcüstanlı
spikerə minnətdarlıqla söhbət açdı,
patriarxın dəvəti ilə Gürcüstana onunla birlikdə
təşrif buyurmuş Azərbaycan Milli Məclisinin üzvlərini
təqdim etdi, həmkarların bir-birinə sözlərinin
daha çox olacağına diqqəti çəkdi.
Görüşdə
Azərbaycan Milli Məclisinin deputatı və respublika
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov
Azərbaycan-Gürcüstan dostluğu və
qardaşlığını, iqtisadi və siyasi sahədəki
əməkdaşlığı təkcə Cənubi
Qafqazın deyil, bütün regionun böhrandan azad olunması
üçün dəyərli nümunə kimi dəyərləndirdi.
F. Heydərov xalqlar arasında dostluq və
qardaşlığın qorunub saxlanılması və
inkişaf etdirilməsində liderlərin, o cümlədən
dini liderlərin rolunu yüksək qiymətləndirdi.
Mili Məclisin
Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov Azərbaycan-Gürcüstan
parlamentləri arasında əməkdaşlıqdan bəhs edərək,
dostluq qruplarının fəaliyyəti üzərində
dayandı və təklif etdi ki, parlamentlərin müvafiq
komitələri arasında da dostluq qrupları
yaradılsın.
Milli Məclisin
İntizam Komissiyasının sədri Siyavuş Novruzov
qonşu dövlətlərimizin də oxşar problemlərinin
mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlar
çərçivəsində ərazi
bütövlüyümüzün qorunub saxlanılması məsələsini
birgə qaldırmağın önəmli olduğunu bildirdi.
O, həmçinin Cənubi Qafqazda Parlament Partiyaları dostluq
qruplarının yaradılması ideyasını nəzərdən
keçirməyi təklif etdi.
Mən də
öz növbəmdə Gürcüstan-Azərbaycan dostluq və
qardaşlığının qorunub saxlanılması istiqamətində
əməli məsələlərə toxundum. Qeyd etdim ki,
Tbilisi şəhərinin Marcanaşvili adına Akademik Dram Teatrında
rejissor Sulidzenin quruluşunda Abxaziya və Osetiya münaqişəsinə
həsr etdiyim "Mən qayıdacağam" adlı
tamaşa artıq üç ildir ki,
oynanılır. Bundan başqa "Görkəmli
adamların həyatı" seriyasından "Heydər
Əliyev", "İlham Əliyev", "Zərifə
Əliyeva" kitabları gürcü dilinə tərcümə
olunaraq çap edilib.
Gürcüstan
Parlamentinin spikeri David Usupaşvili parlamentlərarası əlaqələrin
daha intensiv olmasının vacibliyini qeyd etdi. O, Qafqaz müsəlmanlarının
Ali dini lideri, Şeyxülislam Allahşükür Paşazadəni
yubileyi münasibətilə təbrik etdi, ən xoş
arzularını çatdırdı.
***
Nahar yeməyindən
sonra patriarxla birlikdə prezident sarayına yola
düşdük Gürcüstan Respublikasının Prezidenti
Giorgi Marqvelaşvili bizi və patriarxı çox səmimi
qarşıladı. Bu qəbul zamanı maraqlı bir mənzərənin
şahidi olduq. Prezident sanki dövlətin rəmzi olan dövlət
bayrağını öpürmüş kimi diz çökərək
patriarx II İliyanın əlindən və ətəyindən
öpdü. Deməliyəm ki, Tbilisiyə ötənilki səfərimizdə
də mən bunun şahidi olmuşdum. Keçmiş baş
nazir İvanişvili də eyni cür patriarxın əlindən
öpmüşdü. Mən belə hesab edirəm ki, bu təkcə
patriarxa olan hörmətin, ehtiramın əlaməti deyildi. Bu
gürcülərin öz dinlərinə, öz milli-mənəvi
dəyərlərinə, öz əqidələrinə,
öz gürcü xislətlərinə təzimi və
hörməti idi.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadəni səmimi
salamlayan Gürcüstanın dövlət
başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin
yüksək səviyyəsindən məmnunluğunu ifadə
etdi. Gürcüstan prezidenti bu əlaqələrlə fəxr
etdiklərini, qonşu dövlətlərimiz arasında
münasibətlər müstəvisində mənəvi əlaqələrin
böyük önəm kəsb etdiyini söylədi. O,
Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın və
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin
Azərbaycan və Gürcüstan xalqları və dövlətləri
arasında dostluq və əməkdaşlığın daha
da dərinləşməsinə böyük töhfələr
verdiyinə diqqət çəkdi. Prezident G.Marqvelaşvili
bildirdi ki, belə dini liderlərin mövcudluğu həm Azərbaycan,
həm Gürcüstan, həm də bütövlükdə
Qafqazı gücləndirən cəhətlərdəndir.
Xalqlarımızın xoş gələcəyi
üçün enerji, infrastruktur layihələr qədər
önəmli olan mənəvi əlaqələrin
inkişafının vacibliyini vurğulayan Gurcüstan
prezidenti bu əlaqələrin inkişafındakı
rollarına görə hər iki dini liderə öz təşəkkürünü
bildirdi. Şeyxülislam həzrətlərinin anadan
olmasının ildönümünün Gürcüstanda qeyd
olunmasının Qafqazın bütövlüyü
üçün böyük önəm kəsb etdiyini
söyləyən cənab G.Marqvelaşvili QMİ sədrini
Gürcustan Prezidentinin Ali Mükafatı - "Şəfəq"
ordeni ilə təltif etdiklərini bəyan etdi.
Şeyxülislam Allahşükür Paşazadəyə ordeni
təqdim edən Gürcüstan prezidenti yubilyara ən xoş
arzularını yetirdi, eləcə də yaxın dostu,
qardaşı saydığı Azərbaycan Prezidenti İlham
Əliyevlə aralarında olan xoş münasibət və
anlaşmanı yüksək dəyərləndirdiyini
vurğulayaraq ən səmimi salamlarını Azərbaycan
prezidentinə çatdırmağı şeyxülislam həzrətlərindən
xahiş etdi.
Ali təltifə
görə Gürcüstan prezidentinə təşəkkür
edən Şeyxülislam Allahşükür Paşazadə
indiyədək layiq görüldüyü dövlət
mükafatları arasında bu ordenin xüsusi yer
tutacağını bildirdi. Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını Gürcüstan prezidentinə yetirən
şeyxülislam həzrətləri Azərbaycanın
dövlət başçısının da bütün
dialoqların təməlində mənəviyyatın
durduğunu hər zaman vurğulamasından böyük
qürur duyduğunu ifadə etdi və söylədi ki, neft kəmərləri
də, ölkələrimizi birləşdirən dəmir
yolları da tarixi-mənəvi əlaqələrimizdən
keçir.
Patriarx II
İliyanı Qafqazın ağsaqqalı
saydığını bildirən QMİ sədri onun bölgədə
daim birləşdirici, sülh carçısı olan dini lider
kimi xarakterizə etdi. Azərbaycanın möhtərəm
prezidenti İlham Əliyevin də gürcü
patriarxının şəxsiyyətinə yüksək dəyər
verdiyini vurğuladı. Patriarxın yaxın tarixin ən
mürəkkəb məqamlarında, o cümlədən
Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli,
prinsipial mövqeyində israrlı qaldığını
xüsusi qiymətləndirən Allahşükür
Paşazadə böyük qardaşı saydığı II
İliyadan indiyədək çox şey öyrəndiyini və
bundan şərəf duyduğunu dilə gətirdi,
patriarxı Azərbaycana dəvət etdiyini bildirdi.
Daha sonra
çıxış edən Ümumgürcüstan
Katolikos-Patriarxı II İliya şeyxülislam həzrətlərinin
ad gününü həm də gürcü xalqının
bayramı kimi dəyərləndirdi. QMİ sədrini ali
mükafat münasibətilə ürəkdən təbrik edən
patriarx dini liderlər olaraq Qafqazda ədalətli sülhün
bərqərar olmasının vacibliyi ilə bağlı
şeyxülislam həzrətləri ilə fikirlərinin hər
zaman üst-üstə düşdüyünü xüsusi
vurğuladı. Allahşükür Paşazadəni
Gürcüstan üçün həmişə arzuolunan,
qiymətləndirilən şəxs adlandıran II İliya
şeyxülislam həzrətlərinin budəfəki səfərini
xalqlarımız və ölkələrimiz arasında dostluğun
gözəl bir nümunəsi kimi səciyyələndirdi.
Patriarx bildirdi ki, Gürcüstan və Azərbaycan əlaqələrinə
hər zaman böyük dəyər verir və çox
şaddır ki, ən çətin məqamlarda
Gürcüstan Azərbaycanın, Azərbaycan isə
Gürcüstanın yanındadır, həmçinin iki
qonşu ölkə hər zaman bir-birini dəstəkləyir.
Görüşdə
iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri
adından çıxış edən respublika Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan
dostluğunun tarixi və əbədi olduğunu bildirdi.
Müasir dünyada siyasi və iqtisadi böhranların
yaşandığı bir dönəmdə həm Azərbaycana,
həm də Gürcüstana müdrik, dəyərli dövlət
başçılarının rəhbərlik etdiklərini
yüksək dəyərləndirən ağsaqqal həmkarımız
bunu gözəl örnək, bütün bölgə
üçün nümunə, bu münasibətlərin
davamlı olaraq inkişaf etdirilməsini vacib məqam
saydığını söylədi.
Səmimi
qardaşlıq şəraitində keçən
görüşün sonunda xatirə şəkli çəkdirildi.
***
Avqustun
30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə
Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın mənzil
-qərargahında Gürcüstan hökumətinin üzvləri
ilə görüşdü. Nazirlər şeyxülislam həzrətlərini
65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik
etdi və ən xoş arzularını ona yetirdilər.
Şeyxülislamın bölgə üçün
gördüyü işləri yüksək dəyərləndirən
gürcüstanlı nazirlər onun Ümumgürcüstan
Katolikos-Patriarxı II İliya ilə qardaşlıq və
dostluq əlaqələrinin böyük dəyər kəsb
etdiyini və gürcüstanlı azərbaycanlılarla səmimi
münasibətlərinin daha da dərinləşməsinə,
tarixi, mənəvi əlaqələrin qorunub saxlanmasına əhəmiyyətli
töhfə verdiyini minnətdarlıqla vurğuladılar.
Gürcüstanlı nazirlər etdikləri
çıxışlarda QMİ sədrini
Gürcüstanın ali dövlət ordeni ilə təltif
olunması münasibətilə təbrik etdilər.
***
Axırıncı
gün biz patriarxın mənzil - qərargahına getdik. Vida
günü idi. Patriarx öz çıxışında azərbaycanlılarla
dostluq əlaqələrindən danışdı və həmin
dostluğun bu gün də davam etdiyini bildirdi.
Azərbaycanın
Gürcüstandakı səfirliyində də
görüş oldu. Onu da deməliyəm ki, yeni layihə
üzrə tikilmiş bu əzəmətli bina müasir
arxitekturamızın ən gözəl incilərindən biri
sayılır. Möhtərəm Prezidentimizin uğurlu xarici
siyasətinin bariz nümunəsi olan bu əzəmətli
binada görüş çox səmimi və uğurlu
keçdi.
Saat
17-00-də təyyarəyə oturduq. Təyyarə Bakıya
yaxınlaşdıqca doğma Azərbaycanımızın səması
günəşin al şəfəqləri selində
xumarlanırdı. Səmanın qoynunda dinclik, sakitlik hökm
sürürdü. Göy qübbəsindən asılan
ağappaq bulud karvanını seyr etdikcə Qafqazın iki
müdrik dini lideri - patriarx II İlya və möhtərəm
şeyximiz barədə düşüncələrə
dalmışdım. Və ürəyimdən bir istək, bir
arzu keçirdi: "Kaş Qafqazda dini liderlərin
ÜÇBUCAĞI yaranaydı. Bədnam
qonşularımızın katolikosu da bu
üçbucağın bir nöqtəsi, bir tərəfi
olaydı. Nə erməni işğalı olaydı, nə də
düşmənçilik".
Axı, günəşli Qafqaza günəş yaraşır, sülh yaraşır, dinclik yaraşır... Nə qoca Qafqaz dağları, nə də əngin səmada süzən əzəmətli, məğrur qartallar güllə səsindən, top səsindən diksinməsinlər. Qoy səma səksəkəli, dağlar nigaran olmasın!..
Hüseynbala
MİIRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist
Azərbaycan.-2014.- 9 sentyabr.- S. 3.