Uzunömürlülərın yaradıcılıq festivalı keçirilib

 

Lerik Azərbaycanın səfalı diyarıdır. Füsunkar təbiəti, zümrüd meşələri, şəlaləli çayları, buz bulaqları səyyahların diqqətini cəlb etmiş, bu dilbər guşəni gəzməkdən doymazlarmış. Leriki şöhrətləndirən təkcə ecazkar təbiəti deyil, həm də dağ vüqarlı ağsaqqalları və ağbirçəkləridir. Onlar doğma obada oğullu-qızlı, nəvəli-nəticəli xoşbəxt ömür sürür, talelərindən də, gün-güzarlarından da razılıq edirlər. Uzunömürlülərdən söhbət gedəndə  168 il ömür sürmüş Şirəli Müslümov, 150 il yaşamış Mahmud Eyvazov, 136 ildə kəndindən bir dəfə belə kənara çıxmamış  Məcid Ağayev, 120 yaşında hana arxasında dünyasını dəyişmiş Nəni Hüseynova yada düşür.

Uzunömürlülərin sayına görə, Lerik bu gündünyada öndə gedən bölgələrdəndir. Planetdə analoqu olmayan yeganə Uzunömürlülər muzeyinin Lerikdə olması da təbiidir. Rayonda elə kənd tapılmaz ki, yaşı əsri adlayan uzunömürlüsü olmasın. Yaşı 90-dan yuxarı 200 nəfərdən çox babalar və nənələr bir günişsiz durmurlar. Qoyun-quzu bəsləyir, bağ becərir, xalça, kilim, corab toxuyurlar.

Lerikli uzunömürlülər Yaradıcılıq Festivalını çoxdan gözləyirdilər. Onlardan bu tədbirə rahat maşınlarda da gələn var idi, yüz il, min il əvvəlki kimi, at belində də. Xidməti ilə nümunəvi turizm və istirahət mərkəzlərindən sayılan "Relax"da respublika Mədəniyyət və Turizm NazirliyininLerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivala Balakən, İsmayıllı, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara rayonlarından folklor rəqs qrupları, kulinarlar dəvət olunmuşdular.

Meşələr qoynunda "Cəngi"nin sədaları ətrafa  yayılır, "Halay", "Əvəsor", "Rəftı" musiqi kollektivləri rəqs edir, "Nənələr" qrupu qədim xalq mahnılarını oxuyurdu. Uzunömürlülər küləfirəngilərdə xalça üstə bardaş qurub çay içə-içə söhbət edir, nağıl kimi ötən ömrün olub-keçənlərini yada salırdılar.

Günün ikinci yarısında respublika mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri ulu öndərin Lerik şəhərindəki abidəsini ziyarət etdilər, Heydər Əliyev Mərkəzində, Uzunömürlülər muzeyində, mədəniyyət evində oldular. Sonra dağlar qoynunda festivalın keçirildiyi "Relax" turizm və istirahət mərkəzinə gəldilər. Onlar uzunömürlülərlə görüşüb, ağsaqqalların və ağbirçəklərin  ürək sözlərini dinlədilər.

Züvüç kəndinin qocaman sakini Adına Feyziyev dedi:

- Mən festivala təzə  çəkilmiş asfalt yolla gəlmişəm. Hörmətli Prezident İlham Əliyevin qayğısı sayəsində 30 min əhalisi olan və 50 yaşayış məntəqəsini birləşdirən yola asfalt döşənib. Yarım il əvvəl iki saata rayon  mərkəzinə gedib çıxa bilmədiyimiz yolu yarım saata arxada qoymuşam. Belə qayğı bizim ömrümüzü uzadır, daha xoş günlərə ümidlərimizi artırır.

Söhbətə Lerikdə el anası kimi tanınan 94 yaşlı Sarıgül nənə qoşulur. O, yaşadığı  obanın ağsaqqalları və ağbirçəkləri adından keçən il  istifadəyə verilən Lerik-Kəlvəz yolunun  tikintisinə, yeni məktəblərin açılışına görə Zuvandın uzunömürlüləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

İkinci cahan müharibəsinin veteranı, 90 yaşlı Daşdəmir Mirzəkazım oğlu Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevaya nənələrin, anaların adından Lerik şəhərində tikintisi gedən ikimərtəbəli uşaq bağçasına görə minnətdarlığını bildirdi.

Festival iştirakçıları uzunömürlülərin toxuduqları al-əlvan xalçalarla, tikmələrlə, ağacdan hazırladıqları məişət əşyaları ilə də tanış olub, el sənətini yaşadanlarla maraqlı ünsiyyət qura bildilər.

Cənub bölgəsinin zəngin mətbəxi, məşhur aşpazlarının məharəti diqqətdən kənarda qalmadı. Festivalda plov bişirənlər də yarışdılar. Münsiflər heyətinin qərarı ilə fərdi yarışlarda müvafiq olaraq ilk üç yerin qaliblərinə Məmmədsadiq Ləkipura (Lerik), Lətifə Hüseynovaya (Masallı) və Minaxanım Yusibovaya (Cəlilabad) Milli Kulinariya Mərkəzinin təsis  etdiyi qızıl, gümüşbürünc medallar təqdim edildi.

Respublika Rəsm Qalereyasının Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgisi bənzərsiz rəsm əsərləri ilə tamaşaçıların zövqünü oxşadı.

Qonaqlarfestival iştirakçıları səma altındakı konsert zalına dəvət olundular. Mədəniyyət və turizm naziri Ə.Qarayev, Lerik RİH başçısı R.Bağırov festivala gələnləri bayram münasibətilə təbrik etdilər, uzunömürlülərə uğurlar və cansağlığı dilədilər. Lerik rayon Mədəniyyət evinin "Rəfti" qrupunun, Balakən tamburçalanlarının, İsmayıllı aşıqlarının çıxışları maraqla qarşılandı. Respublikanın xalq artistləri  Canəli Əkbərov və Teymur  Mustafayev, əməkdar artistlər Natəvan ŞeyxovaZakir Əliyev festival iştirakçılarına mahnı çələngi bəxş etdilər.

Tədbir dövlətin uzunömürlülərə hörmət və ehtiram nümayiş etdirdiyi bir bayram kimi yadda qaldı. Ağsaqqal və ağbirçəklərimiz dövlətə və yerli hakimiyyət orqanlarına onların şərəfinə təşkil edilən festivala görə dərin minnətdarlıqlarını bildirdilər. Onlar bir daha hiss etdilər ki, sürdükləri ömür, qazandıqları təcrübə və müdriklik dövlət üçün də, özlərindən sonra gələn nəsillər üçünvacibdir.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

Azərbaycan.-2014.- 10 sentyabr.- S.5.