Azərbaycan ilə Serbiya arasında güclü strateji tərəfdaşlıq var

 

Sentyabrın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Baş nazirinin müavini, xarici işlər naziri İvista Daçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Elmar Məmmədyarov Azərbaycan və Serbiya arasında güclü əməkdaşlığın və strateji tərəfdaşlığın olduğunu bildirib. Qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Qarşılıqlı rəsmi səfərlərin, biznes forumların ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyini deyən E.Məmmədyarov Azərbaycan-Serbiya Hökumətlərarası Birgə Komissiyasının növbəti görüşünün keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan E.Məmmədyarov deyib ki, bu istiqamətdə sülh sazişinin müzakirəsinə başlanılmalıdır. Bunun üçün Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır.

İvitsa Daçiç Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, siyasi məsləhətləşmələrin davam etdirilməsinin önəmini vurğulayıb, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Serbiyada baş verən təbii fəlakətlər zamanı Azərbaycan hökumətinin göstərdiyi köməyi yüksək qiymətləndirən Baş nazirin növbəti görüşlərdə yeni layihələrin müzakirə olunacağını söyləyib.

Gələn il Serbiyanın ATƏT-ə sədrlik edəcəyini bildirən İ.Daçiç ölkəsinin bu müddətdə münaqişələrin həlli üçün səy göstərəcəyini deyib. O, sədrlik dövründə Serbiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə də töhfəsini verəcəyini qeyd edib.

Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan İ.Daçiç deyib: “Biz rəsmi Bakının da Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk”.

 

Azərbaycan.-2014.- 11 sentyabr.- S.3.