Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq birgəyaşayışın

 yaxşı nümunəsi kimi istifadə oluna bilər

 

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər.

Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin görülməsi deyilənlərə əyani misaldır. Bütövlükdə, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nunISESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq forum da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumun keçirilməsi də mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Forumda dünya birliyinin siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları lauretları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və dövlət xadimləri iştirak edirlər. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Qeyd edək ki, 2010-cu ildə forumun keçirilməsinin təşəbbüskarları rolunda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev çıxış ediblər.

Ötən müddətdə keçirilən II və III  Beynəlxalq humanitar forumlarda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi çox mühüm hadisə kimi qeyd oluna bilər. Prezident İlham Əliyev bildirib: "Bakıda humanitar forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafına davam edəcəkdir. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır".

Qeyd edək ki, 2-3 oktyabr tarixlərində Bakıda IV Beynəlxalq Humanitar Forum keçiriləcək. Oktyabrın 4-5-də forum iştirakçıları üçün Qəbələ, Lənkəran, Quba və Naxçıvana turlarının təşkil olunacağı nəzərdə tutulub.

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.5.