“YAY!” qalereyasında əfqan rəssamı Reza

 Həzarenin “Anesteziya ” sərgisi açılıb

 

“YARAT” Müasir incəsənət Məkanının “YAY!” Qalereyasında Azərbaycanda fəaliyyət göstərən əfqan rəssamı Reza Həzarenin “Anesteziya ”adlı fərdi sərgisi açılıb.

AzərTAc xəbər verir ki, sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirir.

Əfqan qaçqını olan Reza Həzare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. O, 2005-ci ildə Tehran Ali Təsviri İncəsənət Məktəbini, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını qurtarıb.

Reza Həzarenin işlərində keçmişlə indiki zaman arasında olan gərginlik hisslərinə - dini və dünyəvi həyat tərzi arasında çarpışmaya və onun təməlini təşkil edən ənənə və müasirlik arasında münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrandan Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda ölkəsində tüğyan edən böhranı izləyirdi.

Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənə və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq edib. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanıdır. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir.

Reza Həzarenin mənsub olduğu nəsil qürbətdə doğulub boya-başa çatıb və yaşadığı ölkələrlə heç bir rabitəyə malik deyil. Məsələn, İranda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş haqlarına sahib deyillər. Bu insanlar öz Vətənində-Əfqanıstanda da qəbul olunmurlar. Çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb, fərqli mədəni dəyərlərə malik insanlar sayılırlar. Nəticədə onlar heç bir ölkədə kök sala bilmir və daimi mühacirət ağrısı ilə yaşayırlar.

Müharibədən sonrakı dövrdə yaşayan insanlar illərdir ki, qaçqın statusu ilə həyat sürürlər, çox zaman həyatlarını yenidən - sıfırdan başlamağa məcburdurlar. Onlar yeni ixtisaslara yiyələnməli və kənar təzyiqlərə tab gətirməlidirlər. Yaşadıqları ölkələrdə təməl vətəndaş haqlara malik olmamaları və ailələrdən ayrılmaq məcburiyyəti həmin insanları qatma-qarışıq vəziyyətinə sürükləyir. Bu insanlar siyasi və sosial çətinliklərlə rastlaşdığı zaman özlərini yalqız və təcrid olunmuş hiss edir, ətraflarında cərəyan edən hadisələrə biganə yanaşırlar.

Zaman keçdikcə, əfqan qaçqınları da özlərini ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda doğma ölkələri viran olduğundan və oraya qayıtmaq imkanları olmadığından mənlik hisslərini tədricən itirirlər. Əfsuslar olsun ki, belə biganəlik hətta həyatlarında ağır vəziyyətlərin öhdəsindən keçən insanlarda da müşahidə olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son nəticədə onları yenidən zülmətə düçar edir.

Reza Həzarenin “Anesteziya” adlı fərdi sərgisi kəsilən ağrının sakit əks-səda verdiyi və başlanğıc nöqtəsində bitən səyahətə istinad edir.

Sərgi oktyabrın 26-dək davam edəcək.

 

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.12.