Azərbaycan Prezidenti
və Malayziyanın Baş naziri
mətbuata birgə bəyanatlarla
çıxış ediblər
Malayziyanın Baş naziri Mohammad
Najib
Tun Abdul Razak Azərbaycana rəsmi
səfəri
Baş nazir Mohammad Najib Tun Abdul
Razakın bəyanatı
- Cənab
Prezident, məni ölkənizə səfərə dəvət
etdiyinizə görə Sizə səmimi təşəkkürümü
bildirirəm. Mənə və nümayəndə heyətimə
göstərilən çox səmimi və mehriban qonaqpərvərliyə
görə minnətdarlığımı bildirmək istəyirəm.
Həqiqətən də mənim səfərimi tarixi səfər
adlandırmaq olar. Çünki Malayziya Baş nazirinin Azərbaycana
ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan
çox təsirləndim. Təkcə inkişafın
özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə
olan baxışlarınız məndə böyük təəssürat
yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə
Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm.
Azərbaycan
həqiqətən çox gözəl ölkədir, Xəzər
sahilində yerləşən bir dövlətiniz var. Bu
gün qaldığım otağın pəncərəsindən
baxanda məndə elə təəssürat yarandı ki,
sanki böyük, gözəl bir istirahət məkanındayam.
Həqiqətən də Azərbaycan mənim bu günə qədər
səfər etdiyim ən gözəl ölkələrdən
biri hesab oluna bilər.
Cənab
Prezident, Sizə müdrik siyasətinizə və uzaqgörənliyinizə
görə təşəkkür edirəm, eyni zamanda, nailiyyətlərinə
görə Azərbaycan xalqını təbrik edirəm.
Əminik ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz
var. Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik.
Bu səbəbdən də biz hər yerdə Azərbaycanın
mövqeyini müdafiə edirik, xüsusilə də ərazi
bütövlüyü məsələsində. Biz bundan sonra
da qətiyyətli mövqe nümayiş etdirəcəyik.
Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər
zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana
təşəkkür edirəm ki, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyü məsələsində
bizim ölkəmizi dəstəkləyib.
Bu
gün təkbətək və geniş tərkibdə
çox gözəl görüşümüz oldu və hər
iki görüşün nəticəsi çox müsbətdir.
Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri
diqqət mərkəzində olacaq. Bildiyiniz kimi,
Malayziyanın, xüsusilə “Petronas” şirkətinin bu sahədə
böyük təcrübəsi var. Zənnimcə, bu şirkət
Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq
edə bilər. Eyni zamanda, təkcə neft-qaz sektorunda deyil,
artıq istifadədən çıxarılmış neft və
qaz sahələrinin reabilitasiyası məsələsində
bizim böyük təcrübəmiz var.
Digər
tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan
qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə
malik olan məsələdir. Bu baxımdan Azərbaycan
çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm
ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş
olacaq. Mən bütün sahələri nəzərdə
tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik
ki, gələcək nəsillərə də bir növ
çox dəyərli bir irs qoya bilək.
Bundan
başqa, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq
səviyyəsinin artırılması üçün
müxtəlif təlimlər təşkil edə bilərik.
Əminəm ki, bu səfərin çox gözəl nəticələri
olacaq. Cənab Prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək,
iş adamları və sahibkarlar öz aralarında fikir
mübadiləsi aparacaqlar. Malayziya şirkətlərinin
xüsusilə infrastruktur layihələrinin həyata
keçirilməsində böyük təcrübəsi var.
Tikinti, emal sənayesi, elektronika avadanlığı
istehsalı sahələrində böyük təcrübəyə
malik olan şirkətlərimiz var.
Zati-aliləri,
mən qəti əminəm ki, gələcəyimiz çox
uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər
bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini
verəcək və ümid edirəm ki, bunun çox gözəl
nəticələri olacaq. Mən Zati-aliləri İlham
Əliyevi öz ölkəmə dəvət etdim. Biz
çalışacağıq ki, həmin səfər
zamanı cənab Prezidentə öz nailiyyətlərimizi
nümayiş etdirək.
Mənim
bu səfərdən böyük gözləntilərim var. Cənab
Prezident, ümid edirəm ki, Siz bizim ölkəyə səfər
edəndə biz də Sizə eyni dərəcədə qonaqpərvərlik
nümayiş etdirəcəyik. Bu gözəl imkana görə
bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə
olmaqdan çox məmnunam. Əminəm ki,
görüşlərimiz çox səmərəli
olub.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.2.