Azərbaycan-Türkiyə həmrəyliyi sarsılmazdır

 

Sovet birliyinin dağılmasından sonra Azərbaycanın və Orta Asiyanın türkdilli ölkələrinin dövlət müstəqilliyini əldə etməsi bütün türk dünyasına böyük təsir göstərdi. İlk növbədə türk dövlətlərinin və xalqlarının tarixi əlaqələrinin bərpası və ən əsası, dünyanın türk qövmü arasında həmrəyliyin güclənməsi üçün geniş zəmin yarandı. Təsadüfi deyil ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının xarici siyasətinin başlıca istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir.

Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında türk dövlətləri ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətlə inkişafını təmin etdi. Bu siyasət indi də Azərbaycan hakimiyyətinin həyata keçirdiyi xarici siyasət kursunun aparıcı istiqamətlərindən biri olaraq qalmaqdadır. Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, bütövlükdə türk toplumunun dünyanın siyasi səhnəsində mövqeyinin gücləndirilməsi Azərbaycanın çalışdığı mühüm məsələlərdir. Ən yaxın tariximizdə baş vermiş əlamətdar hadisələr - Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Bakıdan Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşaya birbaşa təyyarə reysinin təşkil olunması, 2007-ci ildə Bakıda Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi, o cümlədən həmin il Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının ilk dəfə olaraq  Bakıda keçirilməsi, Naxçıvanda Türkdilli Ölkələrin Əməkaşlıq Şurasının yaradılması və digər bu kimi məsələlər ölkəmizin türk dünyasının birliyinə nə qədər həssas yanaşmasının bariz nümunələridir.

Hazırda Azərbaycanın bütün türk dövlətləri ilə sıx əlaqələri var. Bunların arasında Türkiyə ilə münasibətlər özəlliyi ilə diqqəti daha çox cəlb edir. Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları daim atıblar. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə  münasibətləri bu gün həm də strateji önəm daşıyır. Tarixdə nadir hallarda görünən bu cür yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoşdar günlərdə davam edən daimi xarakter daşıyır.

İki ölkə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də ölkə rəhbərlərinin seçkilərdən sonra etdikləri rəsmi səfərlərdir. Türkiyə rəhbərliyi seçkilərdən sonra ilk səfərini Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə edir. Bu günlərdə Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etməsi bir daha təsdiqlədi ki, bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bu il Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra da ilk səfərini Azərbaycana etmişdi.

Türkiyənin yeni seçilmiş Prezidentinin ilk səfərini məhz dostqardaş Azərbaycana etməsi özlüyündə böyük siyasi əhəmiyyət daşıyır. Bu, iki türk dövlətinin bir-birinə nə qədər bağlılığını, eyni zamanda Türkiyə Cümhuriyyətinin tarixin müxtəlif dönəmlərində olduğu kimi, indi də Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə uyğun olaraq möhkəmlənir və sarsılmaz olur. Geniş tərkibdə görüş zamanı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz gündən-günə güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidirbir amalımız var ki, biz Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrini uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır".

Ötən 10 ildə həm Azərbaycan, həm Türkiyə çox böyük inkişaf yolu keçmişdir. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. Ötən 10 ildə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə energetika sahəsində əməkdaşlıq dərinləşib, o cümlədən iki türk dövləti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanıb. İdeya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmiryol xətti bu birliyin daha möhtəşəm görüntüsünü yaradır. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.

Səfər çərçivəsində tərəflər arasında Dağlıq Qarabağ problemi də müzakirə olundu. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyinin sabit olduğunubundan sonra da dəyişməz qalacağını açıqladı. "Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəyliyimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik".

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif etməsi qardaş ölkə rəhbərinin Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə təşəbbüslərinə, siyasi iradəsinə verilən qiymətin göstəricisidir. Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olduğu dövrdə Azərbaycanla əlaqələrin inkişafı üçün çalışıb, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrə dəstək verib.

Azərbaycanla Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşması, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birinin maraqlarını müdafiə etməsi daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, iki ölkənin siyasi rəhbərlikləri indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində bu, bir daha təsdiq olundu.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.6.