Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə və regionda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisi ilə tanış olub.

 

 

Bakı Ekspo Mərkəzində nümayiş olunan sərgi barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ətraflı məlumat verilib. Bildirilib ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Gürcüstanın Baş naziri əvvəlcə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin stendinə baxıb. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir. Azərbaycan “ADEX 2014”də 168 adda məmulat nümayiş etdirir.

Baş nazir Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qruplarının ekspozisiyaları ilə də tanış olub.

Gürcüstanın Baş nazirinə məlumat verilib ki, bu sərgi milli hərbi sənaye potensialının nümayişi, hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, o cümlədən də ən yeni hərbi texnika növləri ilə tanışlıq, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir. Qeyd olunub ki, bu sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə məlumat verilib ki, bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayenin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da töhfə verəcək.

Sonra qonaq sərginin Bakı Ekspo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxıb.

 

 

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.7.