1. Bakının azad edilməsi ərəfəsindəki vəziyyət

 

Azərbaycan tarixi: 1918-ci ilin sentyabr günləri

 

Azərbaycanın milli dövlətçilik tarixində ən əlamətdar zaman kəsiyi sayılan 1918-ci ilin mühüm hadisələri sırasında 15 sentyabr - Bakı şəhərinin rus-erməni-ingilis qüvvələrindən azad edildiyi gün xüsusi yer tutur. Belə ki, 1918-ci il 27-28 may tarixlərində Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının keçirdiyi tarixi iclaslarda qəbul edilən siyasi qərarlar və sənədlər - Azərbaycan xalqının ilk müstəqil milli dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan edən "İstiqlal Bəyannaməsi" də daxil olmaqla - son dərəcə mühüm siyasi, hüquqi, tarixi əhəmiyyətə malik olsalar da,  həmin dövr üçün  hələ deklarativ xarakter daşıyırdı.

Müstəqil dövlətinin yarandığını elan etmiş, lakin nə paytaxtı, nə ordusu, nə maliyyəsi olmayan  azərbaycanlıların vəziyyəti isə həmin günlərdə eyni addımı atmış ermənilərdən heç də yaxşı deyildi.

Əksinə, XIX əsrin sonlarından bəri təşkilatlanan, eyni zamanda öz silahlı terrorçu dəstələrini hazırlayan ermənilərin uzun onilliklər çar Rusiyası və Osmanlı Türkiyəsi ordularında xidmət edən çoxsaylı zabit və əsgərləri var idi. Birinci Dünya müharibəsi başlanandan savaşlara qatılan, xüsusilə Qafqaz cəbhəsində döyüşən ermənilər artıq təlim görmüş, döyüş təcrübəsinə yiyələnmiş nizami hərbi dəstələr halına gəlmişdilər. Həmin dövr böyük Ermənistan dövlətinin yaradılması istiqamətində istər Osmanlı və Rusiya imperiyaları ərazisində, istərsə də Qərb dövlətlərində fəaliyyətlərini mərkəzləşdirən və genişləndirən erməni milli-siyasi-dini qüvvələri külli miqdarda maddi vəsaitə malik olmaqla öz hərbi dəstələri vasitəsilə iddia etdikləri Türkiyə və Azərbaycan ərazilərinin  müsəlman əhalisinin bir hissəsini qırıb, qalanını qaçmağa məcbur etmiş, artıq  gələcək Ermənistan Respublikasının hüdudlarını cızmış və onun ərazi təməlini hazırlamışdılar. İndi bu əraziləri  genişləndirmək, onu türk-azərbaycanlı əhalidən tamamilə təmizləmək, ən "pis" halda isə bu əhalinin sayını minimuma endirməklə onu "milli azlığa" çevirmək uğrunda iş gedirdi.

Bu məqsəd demək olar ki, Cənubi Qafqazdakı aparıcı qeyri-müsəlman siyasi qüvvələrin, geniş mənada isə böyük dövlətlərin planlarında da yer almışdı.

Birinci Dünya müharibəsinin hələ davam etdiyi vaxt Qafqaz regionunun taleyini yalnız orada yaşayan xalqlar deyil, dünyanın aparıcı dövlətləri - vuruşan böyük qüdrətlər həll edirdi. Və bu da danılmazdır ki, həmin qüdrətlər  - ilk növbədə Antanta ölkələri Qafqazın xristian gürcü və erməni xalqlarının öz dövlətlərini yaratmaq haqqını tanıdıqları halda burada yaşayan və düşmən cəbhədə vuruşan Osmanlı türklərinə meyilli "müsəlman" əhalisinin bu haqqını qəbul etmirdilər.

Azərbaycanın Bakı şəhəri daxil olmaqla Xəzər sahili bütün torpaqları bolşevik  Rusiyasının, Qarabağ daxil olmaqla Yelizavetpol (Gəncə) quberniyasının böyük hissəsi, Naxçıvan və İrəvan quberniyaları gələcək Ermənistan dövlətinin, Zaqatala, Balakən zonası isə Gürcüstanın tərkibinə daxil olmalı idi. Zaqafqaziya Seymində aparıcı rola malik gürcülərin 1918-ci ildə Bakıda Mart hadisələrinə münasibətdə gözləyici mövqe tutması da həmin planlarla bağlı idi. Bu məqam bir daha onunla təsdiq olunurdu ki, Rusiya monarxiyası devrilərkən onun əsasən Tiflisdə saxlanılan hərbi əmlakı müsəlmanların orduda xidmət etmədikləri bəhanə gətirilərək gürcülər və ermənilər arasında bölünmüşdü. Azərbaycan nümayəndələrinin israrlı tələblərindən sonra onlara son dərəcə cüzi pay ayrılmış, Seym tərəfindən müsəlmanlara Qafqaz cəbhəsindən dəmir yolu ilə vətənə qayıdan minlərlə  rus-erməni əsgərlərini tərk-silah etmək məsləhət görülmüşdü. Çarəsiz qalan Azərbaycan milli qüvvələri bu yolla silah əldə etməyə vadar edilmiş, bu, azərbaycanlı-rus hərbçiləri arasında qarşıdurmaya gətirib çıxarmışdı. Həmin qarşıdurma isə (xüsusilə Şamxor hadisələri) Mart faciələri ərəfəsində Bakıda toplanmış rus hərbi hissələrinin  ilk günlər bolşevik-erməni ittifaqı tərəfindən vurulması ilə nəticələnmişdi.

Formal olaraq ərazisi və paytaxtı olmayan ermənilər əslində artıq İrəvan quberniyasında, Zəngəzurda və Qarabağın  bir hissəsində azərbaycanlılardan təmizlənmiş geniş ərazilərə malik olmuşdular.  Məsələn, 1918-ci ilin mart ayına qədər təkcə İrəvan quberniyasının 199 kəndi tamamilə yandırılmış, dağıdılmış və boşaldılmışdı. 1915-ci il Türkiyədə məlum hadisələrdən sonra - Qafqaza köç etmiş on minlərlə erməni qaçqınları bu torpaqlarda məskunlaşdırılmışdı. Erməni mənbələrinin özlərinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Cənubi Qafqaz regionuna, əsasən əzəli Azərbaycan ərazilərinə  Osmanlı Türkiyəsindən 350 min erməni əhalisi köçmüşdü. Canlarını xilas edərək öz doğma torpaqlarından qaçan və qovulan azərbaycanlılar, həmçinin Şamaxı, Göyçay, Cavad, Ərəş və digər qəzalarda bolşevik-erməni zorakılığına məruz qalmış on minlərlə azərbaycanlı isə meşə, dağlar və çöllərdə  dolaşır, aclıq və xəstəlikdən qırılır, qismən də Gəncə quberniyasında sığınacaq taparaq ağır qaçqın həyatı yaşayırdı.

Beləliklə, Azərbaycan torpaqlarının bütövlüyü, Azərbaycan xalqının isə varlığı tam mənası ilə real təhlükə ilə üzləşmişdi. 1918-ci il Bakı və Şamaxıda baş verən Mart qırğınları bu təhlükənin nə qədər ciddi olduğunu bir daha göstərdi. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq azərbaycanlılar bu iki böyük Azərbaycan şəhərində və qəzalarında son dərəcə ağır itkilər - 30 mindən artıq öldürülmüş insan və milyardlarla ölçülən maddi zərər verməklə erməni-bolşevik qüvvələrə uduzdular. Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələrinin Bakının azad olunması üçün ordu göndərmək cəhdləri (Qosınskinin və Maqalovun hərbi əməliyyatları) uğursuzluqla nəticələndi. Qələbədən ruhlanan  daşnak-bolşevik qüvvələri Azərbaycanın regionlarına üz tutdular. Azərbaycanın milli qüvvələrinin iqamətgahı sayılan Gəncə üzərinə - Şaumyanın kinayə ilə dediyi "müsəlmanların bu son intriqa yuvasına" - həlledici hərbi yürüşə  hazırlıq başlandı.

Nə ordusu, nə lazımınca silah-sursatı, nə siyasi müttəfiqləri olmayan Azərbaycan milli qüvvələrinin, başda "Müsavat" partiyası olmaqla bu vəziyyətlə barışacağı təqdirdə  Azərbaycan xalqını nə gözlədiyini təsəvvür etmək çətin deyildi.

Həmin dövrün bütün mənbələri, o cümlədən tarixin ən nüfuzlu və bitərəf xarici tədqiqatçıları birmənalı olaraq təsdiq edirlər ki, azərbaycanlılar üçün  tamamilə ümidsiz olan bu şəraitdə Zaqafqaziya Seymində bu xalqı təmsil edən insanlar müstəsna dərəcədə çevik siyasi və diplomatik məharət və prinsipiallıq nümayiş etdirərək  nəinki  son dərəcə mürəkkəb  siyasi müstəvidə  mövqelərini saxlaya bildilər, həmçinin bir çox məsələlərdə öz siyasi iradələrini yeritməyə, bəzi hallarda isə vəziyyəti hətta öz mənafelərinə uyğun  dəyişməyə nail oldular. Xatırladaq ki, gürcülərə Almaniya, ermənilərə isə İngiltərə arxa çıxdığı bir ortamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları olan bu insanların həmin  şəraitdə  arxalana biləcəyi yeganə siyasi-hərbi qüvvə Osmanlı imperiyası idi.

Rusiyada 1917-ci il inqilablarından, xüsusilə bolşeviklər hakimiyyətə gəldikdən sonra  Osmanlı dövləti Qafqazda yaranmış vəziyyətdən bəhrələnərək 3 mart 1878-ci il Berlin müqaviləsi ilə itirilmiş Qars, Ərdəhan və Batumu geri qaytarmaq və Cənubi Qafqazda Osmanlı himayəsində olan müstəqil dövlətlər qurmaq məqsədilə fəallığını artırmışdı. Bu baxımdan Osmanlı dövləti həmin dövr Cənubi Qafqazda üç xalqın - azərbaycanlı, gürcü və erməni nümayəndələrindən ibarət yaradılmış Zaqafqaziya hökumətinin müstəqilliyini mühüm sayır, Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövlətləri ilə müharibədən çıxmağa qərar vermiş sovet Rusiyası arasında 1917-ci il 22 dekabr ayında başlanan Brest-Litovsk sülh danışıqlarında bu hökumətin iştirakını vacib bilir və onun tanınmasında öz dəstəyini vəd edirdi. Eyni zamanda, Zaqafqaziya hökumətinə daxil olan azərbaycanlı milli qüvvələr türklərə qarşı əks-mövqedə duran gürcü-erməni blokundan fərqli olaraq Osmanlı dövləti ilə müstəqil əlaqələr qurmağa başlayırlar. Bu sahədə ilk addım Nəsib bəy Yusifbəylinin başçılığı və təşəbbüsü ilə Gəncədə Milli Komitə tərəfindən atılır. Gəncənin nüfuzlu xadimlərindən Nağı Şeyxzamanlı, rus əsirliyindən qaçaraq Gəncəyə gəlmiş Osmanlı zabiti Hüsaməddin Tuğac bəy və Tiflisdən onlara qoşulan Ömər Faiq Nemanzadədən ibarət bir heyət böyük çətinliklərlə Türkiyəyə gələrək burada Qafqaz cəbhəsi ordu komandanı Vəhib paşa, daha sonra daxili işlər naziri Tələt paşa və müdafiə naziri, Baş komandan Ənvər paşa ilə görüşür, Qafqazın müsəlman xalqlarının Osmanlı dövləti və türk ordusunun yardımına ehtiyacı və haqqı olduqlarını əsaslandırır. Türkiyə hökuməti ilə Qafqazın müsəlman xalqlarının maraqlarının üst-üstə düşməsi, həmçinin bu xalqların üzləşdiyi qətliamların qarşısının alınması zərurəti ilə bağlı tezliklə əməli addımlar atılır, Osmanlı hökuməti Qafqaza ordu göndərmək qərarı verir. Lakin Birinci Dünya müharibəsində türklərin müttəfiqi olan Almaniyanın Qafqaz məsələsində Osmanlı dövləti ilə mənafeləri toqquşurdu.  Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin pozulmasını istəməyən, gürcüləri tam himayə edən, ermənilərə rəğbət bəsləyən Almaniyanın, eyni zamanda Bakı neftinə sahib olmaq hədəfi var idi. Bu və bir sıra digər səbəblərdən Ənvər paşa Qafqaza göndəriləcək ordunun gizli bir şəraitdə yaradılmasını lazım bilir və onun təşkilinə yalnız özünün etibar etdiyi zabitləri, qohumlarını və sıx əməkdaşlıqda olduğu hərbçi dostlarını cəlb edir. Başda Almaniya və Rusiya olmaqla böyük dövlətlərin diqqətini cəlb etməmək üçün qurulacaq ordu "Qafqaz İslam Ordusu" adlandırılır, ona Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edildiyi və türk zabitlərinin bu ordunun yaradılmasında yalnız yardımçı olacaqları kimi bir görüntü verilir. Ənvər paşanın qardaşı Nuru paşa bu ordunun komandanı təyin olunur. Qara dəniz-Tiflis-Bakı quru və dəmir yolu xəttinin üzərində olması və ətrafında sıx olaraq azərbaycanlıların yaşaması kimi əlverişli səbəblərə görə Nuru paşa ordu mərkəzinin  Gəncədə qurulmasına qərar verir. Geniş səlahiyyətlər alan Nuru paşa 1918-ci il martın 25-də 6-cı Osmanlı ordusunun yerləşdiyi Mosula gəlir, burada seçdiyi 20 nəfər qərargah zabiti və lazımlı hərbi heyətlə birlikdə Təbriz-Zəngəzur yolu ilə mayın 25-də Gəncəyə çatır. Nuru paşanın və zabitlərdən ibarət ilk türk hərbi hissəsinin "o zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevizm təcavüzü ilə təhdid olunan" Gəncənin müsəlman əhalisi tərəfindən görünməmiş bir sevinc və coşqunluqla qarşılanması bir çox xatirə ədəbiyyatında geniş təsvir olunub.

Lakin Gəncəyə gəldikdən sonra dərhal ordu quruculuğuna başlayan Nuru paşa bir sıra ciddi problemlərlə üzləşir. Ən əvvəl yerli azərbaycanlı əhali arasından nəzərdə tutulan 30 min nəfərlik ordu yaradılması planının qeyri-real olduğu aydınlaşır. O zaman Gəncədə yalnız 600 nəfərdən ibarət milli korpus var idi. Həmçinin ayrı-ayrı bölgələrdə əsirlikdən qaçmış türk zabitlərinin rəhbərliyi altında könüllülərdən ibarət milis dəstələri təşkil olunmuşdu ki, bu qüvvələr bir yerə toplansa belə,  onların gücü ilə nəinki Bakını azad etmək, heç Gəncənin özünü və ətrafını erməni yaraqlılarından təmizləməyin qeyri-mümkünlüyü öz-özlüyündə məlum idi. Səfərbərliyin son dərəcə ağır keçməsi, yetişmiş hərbi kadr və digər imkanların məhdud olması və bir sıra digər obyektiv və subyektiv faktlar qarşısında Nuru paşa artıq bir həftədən sonra Qafqaz Ordusu komandanı Vəhib paşaya məktub göndərərək nizami hərbi birliklərin təşkili üçün lazımi silah-sursat, on min dəst hərbi forma və s. ilə yanaşı, orta və kiçik rütbəli zabit və əsgər heyəti göndərilməsini xahiş edir.

Bu məsələ, yəni Azərbaycana nizami türk ordusu göndərilməsi həmin günlər Zaqafqaziya Seymi nümayəndə heyəti tərkibində Batumda Osmanlı dövləti ilə danışıqlar aparan Azərbaycan nümayəndələri - Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski tərəfindən də ayrıca müzakirə olunurdu. Azərbaycandakı durumdan daha yaxşı xəbərdar olan azərbaycanlı nümayəndələrin təklifi ilə 1918-ci il 4 iyun tarixdə Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqaviləyə Azərbaycan hökuməti tərəfindən tələb olunarsa Osmanlı hökumətinin daxili intizam və asayişin bərpası üçün lazımi silahlı qüvvə ilə yardım etməsi haqda bənd (4-cü) daxil edilir. Bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski, digər tərəfdən Osmanlı dövlətinin ədliyyə naziri və Dövlət Şurası sədri Xəlil bəy əfəndi və Qafqaz cəbhəsi Osmanlı orduları komandanı general Vəhib paşa tərəfindən imzalanan bu müqaviləyə əsasən artıq üç gündən sonra, iyunun 7-də Vəhib paşa Gəncəyə yeni qoşun hissəsinin -  Qafqaz piyada diviziyasının göndərilməsi barədə əmr verir. Bu əmrə əsasən 257 zabit və 5575 əsgərdən ibarət hərbi birləşmələr keçdikləri əraziləri erməni silahlılarından təmizləyərək Qazax və Tovuz bölgəsindən 9-10 iyunda Gəncəyə daxil olurlar. Bu qoşunun tərkibində səyyar xəstəxana, mətbəx, nəfəsli orkestrdən başlayaraq xeyli miqdarda silah-sursat və 1366 ədəd at var idi.

Gəncə camaatı türk ordusunu böyük ruh yüksəkliyi ilə qarşılayır, qurbanlar kəsilir, şəhərin hər yanı Osmanlı və Azərbaycan dövləti bayraqları ilə bəzədilir (ilk aylar AXC-nin bayrağı kimi türk bayrağı əsas götürülmüşdü).  

Gəncə Müfrəzəsi (hərbi birlik) adı almış bu qoşunların ilk döyüşü artıq iyunun 10-da   Gəncənın Azərbaycan hökumətinə tabe olmayan və silahlı müqavimət göstərən erməni məhəllələrinin və qonşu erməni kəndlərinin silahlı qüvvələrinin zərərsizləşdirilməsi ilə başlandı. Silahları təhvil vermək və təslim olmaq haqda xəbərdarlıqlara atəşlə cavab verən və erməni bağlarını mühasirəyə almış türk əsgərlərindən 15 nəfərini xüsusi amansızlıqla öldürən erməni silahlıları ilə 3 gün davam edən vuruşlardan sonra Gəncə Müfrəzəsi erməni məhəlləsinə girərək 13-14 iyunda şəhərin erməni məhəllələrini tamamilə öz nəzarəti altına aldı və silahları topladı. Həmin günlər erməni məhəlləsinin yaxınlığında yerləşən Yelenendorfda (indiki Göygöl) yaşayan alman əhalisi də Gəncə Müfrəzəsi komandanlığı vasitəsilə dinc yolla zərərsizləşdirildi. Ölkədəki anarxiya şəraitində özlərini qorumaq üçün alman gənclərindən təşkil olunmuş milis dəstələrinin yüngül silahlarla bərabər dörd pulemyotu da var idi. Müqavimət göstərməyəcəkləri halda təhlükəsizliklərinə təminat alan alman əhalisi - əks-təqdirdə silahlarının alınacağı şərti qarşısında - türk-azərbaycanlı qoşunlarının əməkdaşlıq təklifini qəbul edir. Gəncə Müfrəzəsinə qatılan alman milis  taboruna türk zabitləri komandir təyin olunur və onlar Zurnabad-Hacıkənd xəttinə yerləşdirilir ki, bununla da həmin kəndlərin ermənilərlə əlaqəsi kəsilir.

Gəncənin başdan-başa silahlanmış erməni məhəllələrinin zərərsizləşdirilməsinin böyük əhəmiyyəti var idi, çünki həmin günlər Gəncə istiqamətində hücuma keçən bolşevik-daşnak qoşunları şəhərin alınmasında silahlı üsyana qalxmalı olan erməni əhalisinə arxalanırdılar. Beləliklə, ilk vuruşunu itkilər versə də, uğurla başa vuran Qafqaz İslam Ordusu Bakı başda olmaqla Azərbaycan torpaqlarının azad edilməsi uğrunda qarşıdakı döyüşlərə hazırlaşır.

Qeyd olunmalıdır ki, Osmanlı qoşunlarının Azərbaycana gətirilməsi  Azərbaycan tərəfinə müəyyən güzəştlər hesabına başa gəlirdi ki, bunların arasında ən ağrılısı İrəvanın Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin paytaxtı kimi ermənilərə verilməsi idi. Azərbaycan Milli Şurasının 29 may tarixli iclasında "İrəvanın Ermənistana güzəştə gedilməsinin" dönə-dönə "qaçılmaz", "tarixi zərurət", "acı həqiqət" kimi qiymətləndirilməsinin arxasında həmin qərarın qəbul edildiyi dövr regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ermənistan Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı Türkiyəsinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövrdə məhz bu dövlətin həll etdiyi də məlum həqiqət idi. Batum danışıqlarında Türkiyə  nümayəndə heyətinin tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsinə dair "tövsiyəsi" və həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan

5-nin, o cümlədən quberniyanın ikinci böyük şəhəri - Aleksandropolun (Gümrü) türk qoşunları tərəfindən tutulduğu faktı qarşısında "ermənilərə veriləcək siyasi mərkəzin" artıq  ancaq İrəvan şəhəri ola biləcəyi həqiqətən qaçılmaz idi. Xalq Cümhuriyyətinin hələ öz siyasi mərkəzi Bakı şəhərinin, eləcə də  Bakı quberniyasının bütün qəzalarının - Şamaxı, Quba, Cavad, Göyçay, Lənkəranın - rus-bolşevik-daşnak işğalı altında olduğu, Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların gündən-günə genişləndiyi, Gəncə üzərinə hücumun başlandığı,  Azərbaycan ordusunun hələ də yaradılmadığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi  yalnız Osmanlı Türkiyəsinin çıxış etdiyi bir şəraitdə bu dövlətin "tövsiyələrini" qəbul etmək də qaçılmaz idi.

Lakin güzəştlər bununla bitmirdi. 1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və Hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Bu zaman şəhərdə real hakimiyyətə malik olan Qafqaz İslam Ordusunun Baş komandanı Nuru paşanın ətrafında cəmlənmiş və "İlhaqçılar"  adlanan  dini-klerikal və mülkədar-burjua zümrəsinin nümayəndələrdən ibarət siyasi qüvvələr Milli Şura və hökumət üzvlərinə etimadsızlıq göstərir, onlara  xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Türkiyəyə birləşməyin daha məqsədəuyğun olduğunu bəyan edərək əslində Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina edirlər.   Nuru paşa siyasi məsələlərə qarışmadığını bildirsə də, İlhaqçıların Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu tərəfindən dəstəkləndiyi məlum olur. Yaranmış ciddi siyasi böhran şəraitində, real vəziyyəti və konkret tarixi şəraiti, o cümlədən Gəncə üzərinə yürüşə başlamış 16-18 minlik bolşevik-daşnak qoşunlarının qarşısında Türkiyədən yeni hərbi qüvvələrin çağırılması zərurətini nəzərə alan Milli Şura üzvləri, başda M.Ə.Rəsulzadə olmaqla  sözün əsl mənasında siyasi müdriklik və iradə nümayiş etdirir, "Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi" qiymətləndirdikləri bir sıra şərtləri qəbul edərək mümkün olan həddə qədər güzəştlərə  gedirlər: Azərbaycan istiqlalını saxlamaq məqsədilə Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırır, birinci Hökumət buraxılır, bütün hakimiyyət (qanunvericilik və icra) Müəssislər Məclisi çağırılanadək F.X.Xoyskinin sədrliyi ilə yaradılmış və tərkibinə ilhaqçılar da daxil edilmiş ikinci Müvəqqəti hökumətə həvalə edilir. Bu hökumətin səlahiyyətləri xeyli genişləndirilsə də, ona Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək hüququ verilmir. 

Azərbaycan dövlətçiliyini partiyalar, vəzifə və şəxsi maraqlar fövqündə qoyaraq özünün sədri olduğu dövlət hakimiyyət orqanını - Milli Şuranı buraxmağa, səlahiyyətlərini müəyyən şərtlərlə hökumətə verməyə razı olan və bu addımı "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" adlandıran M.Ə.Rəsulzadə bununla belə Milli Şuranın buraxılmasının ertəsi günü "Azərbaycan Məclisi-Millisi rəisi" statusunda 7 nəfərdən ibarət nümayəndə heyətinin başında İstanbulda keçirilən sülh konfransında iştirak etmək üçün yola düşür. Bundan sonra Azərbaycanın dövlət rəhbərlərinin bütün səyləri və diqqəti işğal altında olan Azərbaycan torpaqlarının və paytaxt Bakının azad edilməsinə yönəlir.

Həmin dövrdə Bakıda Şaumyanın başçılıq etdiyi bolşevik-erməni hökuməti - Bakı Xalq Komissarları Soveti hökmranlıq edir və bu şəhəri ən yaxşı halda beynəlmiləl, əslində isə erməni-rus şəhəri sayaraq Azərbaycan milli qüvvələrinin "Bakını öz paytaxtı etmək arzusundan" kinayə və qəzəblə danışırdı. Moskvanın birbaşa tapşırığı ilə neft sənayesini milliləşdirən Bakı Soveti fasiləsiz olaraq Bakı neftini tələb olunan həcmdə Rusiyaya göndərirdi.

Mart hadisələrindən sonra bolşeviklər sanki özlərini axıdılmış müsəlman qanına görə rüsvayçılıqdan və məsuliyyətdən kənara çəkməyə çalışaraq, eyni zamanda hakimiyyət uğrunda mübarizədə artıq yeganə rəqiblərindən azad olmaq məqsədilə erməni milli şurasını da idarəçilikdən kənarlaşdırmış, ermənipərəst qəzetləri bağlamış, daşnakların silahlı birləşmələrini isə qismən tərk-silah, qismən də Qırmızı Ordunun tərkibinə daxil etmişdilər. Lakin bununla da bolşeviklərlə daşnakların yollarının ayrıldığını və Bakı Sovetinin rəhbərliyində artıq "erməni faktoruna" son qoyulduğunu  düşünmək səhv olardı. Belə ki, S.Q.Şaumyanın sədri olduğu Bakı  Sovetində 12 komissar postundan yarısını ermənilər tuturdu, özü də bütün mühüm hakim vəzifələrə (sədr, xarici işlər, ordu və donanma, Hərbi-İnqilab Komitəsi, dəmir yolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə, Dövlət Nəzarəti) məhz onlar nəzarət edirdilər. Yerli əhalinin nümayəndələrinə - azərbaycanlılara cəmi iki, həm də xüsusi əhəmiyyəti olmayan sahələr - şəhər təsərrüfatı (N.Nərimanov) və kənd təsərrüfatı (M.H.Vəzirov) tapşırılmışdı. Sonradan Bakı quberniyasının komissarı təyin edilmiş M.Əzizbəyov isə Azərbaycan kəndlilərini sovet hakimiyyətini könüllü qəbul etməyə çağırmaq üçün qəzalara ermənilər tərəfindən öldürülmək təhlükəsi altında erməni əsgərlərinin müşayiəti ilə getməli olurdu.

Erməni birləşmələrinin sadəcə adı dəyişdirilərək elə həmin erməni komandirlərinin  rəhbərliyi altında onlardan "sovet qoşunları" kimi Bakı Soveti tərəfindən öz hakimiyyətinin Azərbaycanın regionlarında yayılması və möhkəmləndirilməsi üçün fəal surətdə istifadə edilirdi. Məşhur daşnak Amazaspın komandanlığı altında Qubaya göndərilən 3 minlik  qoşun yalnız "Daşnaksütyun" partiyasına aid olan ermənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nəticəsində mayın əvvəllərində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yetirilmiş, 167 kənd yandırılmışdı. Quba hadisələrinə qədər isə S.Lalayevin və T.Əmirovun başçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmış, 18 mindən artıq dinc əhali qətlə yetirilmişdi. Azərbaycanın digər iri yaşayış məntəqələri - Lənkəran, Salyan, Kürdəmir, habelə Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqibəti belə faciəli olmuşdu.

Bakı quberniyasında tam qələbə çalan bolşevik-erməni hakimiyyəti 1918-ci il iyun ayının 10-da Hacıqabul stansiyasında cəmlədikləri 10 min nəfərlik mükəmməl silahlanmış qoşunlar ilə  Yelizavetpola - Gəncəyə üz tutdular və Gəncə-Qarabağ erməniləri ilə sövdələşərək Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar.

Bu "son, həlledici yürüşün" əvvəllərində Qırmızı Ordunun qələbəsinə tam əmin olan S.Şaumyan, 23 iyun tarixdə V.İ.Leninə yazdığı məktubda özünəməxsus tərzdə öyünən  bolşevik-erməni hərbi birləşmələrinin "adi sovet qoşunlarının - ən yaxşı halda partizan dəstələri deyil, - əsl nizami ordu" olduğunu bildirir və onun  imkanlarını yüksək qiymətləndirirdi. Türk ordusu haqqında  isə Şaumyan tamamilə əks fikirdə idi: "...Türklərin qorxu törədən elə bir silahlı qüvvələri yoxdur. "Daşnaksütyun" partiyasının məlumatına görə, Qara dənizdən İrana kimi bütün cəbhədə türklərin 18-20 min yorulmuş, qeyri-mütəşəkkil qoşunları vardır. Bu qoşunlarla onlar Zaqafqaziyanı özlərində saxlaya bilməzlər və bizə qarşı yalnız cüzi qüvvələr irəli sürəcəklər. Odur ki, hər hansı bir qorxulu təhlükə gözləmək lazım gəlmir..."

Artıq həmin günlər Qırmızı Ordu ilə Qafqaz İslam Ordusu arasında başlanan döyüşlər az sonra bu qoşunların döyüş qabiliyyətini göstərəcək və qüvvələr nisbətinin kimin xeyrinə olduğunu müəyyən edəcəkdi.

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

AMEA-nın akademik Z.M.Bünyadov adına

 Şərqşünaslıq İnstitutunun baş elmi işçisi,

 tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.10.