Təhsilin müasirləşdirilməsi dövlət siyasətinin mühüm hədəflərindəndir

 

15 sentyabr  "Bilik Günü"dür 

 

Azərbaycanda hər il "Bilik Günü" bayram ovqatında qeyd olunur, respublikanın bütün təhsil müəssisələrində yeni dərs ilinin başlanması mühüm ictimai hadisə kimi qarşılanır. Son illər formalaşmış gözəl ənənə əsasında möhtərəm Prezident İlham Əliyevin həmin əlamətdar gündə yeni inşa olunmuş aliorta məktəblərdə olması təhsil ictimaiyyətində dərin minnətdarlıq hissi doğurur, onların məsuliyyətini daha da artırır. Ən azı o baxımdan ki, dövlət başçısının son dövrlərdə müasir dünya reallıqlarına əsasən müəyyənləşdirdiyi vəzifələrin yeni tədris ilində gerçəkləşdirilməsi elm, təhsil işçilərindən ciddi səylər tələb edir.

Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən və sistemli şəkildə aparılan islahatlar, eyni zamanda ölkədə müasir biliklərin, texnologiyaların tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Dövlət başçısı ötən müddətdə respublikada milli intellektual potensialın gücləndirilməsi, elmin, təhsilin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmiş, bütün fərman və sərəncamlarında, çıxışlarında təhsildə və elmdə qazanılan uğurlara toxunmuş, ölkənin gələcəyi naminə insan kapitalının formalaşdırılması zəruriliyini vurğulamışdır. Son 11 ildə təkcə təhsil sahəsində 20-dək inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir. Strateji əhəmiyyətli bu sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir.

Təhsilin bütün istiqamətlər üzrə eyni qaydada inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində bir çox problemlərin həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açmışdır. Belə ki, 2004-cü ildən 2011-ci ilə qədər dövlətin təhsilə ayırdığı büdcə vəsaiti 6 dəfə yüksəlmişdir. 2013-cü ildə isə dövlət büdcəsindən təhsil xərcləri üçün 1 milyard 530 milyon manatdan çox, yəni 2012-ci illə müqayisədə 1,2 faiz artıq vəsait ayrılmışdır. 2014-cü ilin dövlət büdcəsində isə təhsil xərcləri 1 milyard 653,4 milyon manat təşkil etmişdir. Bu da 2013-cü ilə nisbətən 123 milyon manatya 8 faiz çoxdur. Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər dövlət büdcəsinin tərkibində 8,2 faiz olmuşdur.

Təhsilə ayrılan vəsaitlərin ilbəil artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Həyata keçirilən tədbirlər sırasında təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, onların maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet məsələlər kimi irəli sürülmüşdür.

2012-ci il dekabrın 29-da qəbul olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası yeni dövrə doğru istiqamətlənmiş mühüm sənəd kimi ölkənin bütün sahələrindəki perspektivləri əhatə etmişdir. Orada müasir təhsil sisteminin formalaşması strateji vəzifə kimi müəyyənləşdirilmiş, sahənin ən əhəmiyyətli istiqamətləri vurğulanmışdır. Xüsusən ümumi təhsilin "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçməsi, onun infrastrukturunun, idarəolunma sisteminin yeniləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçiriləcəyi qeyd olunmuşdur.

2013-cü il oktyabrın 24-də təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" isə konseptual sənəd kimi qəbul olunmuş İnkişaf Konsepsiyasını yeni istiqamətlərdə daha da konkretləşdirmişdir. Orada aydın şəkildə göstərilmişdir ki, "Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərərfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsasları, infrastrukturuinsan resursları inkişaf etdirilməlidir". Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və  əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir. Sənəddə beş əsas strateji hədəf nəzərdə tutulmuşdur. Onların yerinə yetirilməsi üçün dəqiq, aydın vəzifələr irəli sürülmüşdür. Həmin istiqamətlərin, müəyyən edilmiş tədbirlərin təhlili təhsil prosesinə dair bütün incəliklərin bu mühüm dövlət sənədində nəzərə alındığını, ən əhəmiyyətlisi isə buradakı müddəaların real praktikaya söykəndiyini, əməli fəaliyyət zamanı müşahidə edilən problemlərin həllinə yönəldiyini göstərir.

2013-cü il dekabrın 14-də Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir. Burada "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas strateji hədəflərə nail olunması yolları geniş müzakirə olunmuşmüvafiq qətnamə qəbul edilmişdir.

Son illərdə ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində ölkə Prezidentinin sərəncamına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, 50 məktəb, 100 müəllim qalib hesab edilərək mükafatlandırılmışdır. Ümumilikdə 2008-2014-cü illərdə mükafatlandırılan müəllimlərin sayı 700-ə, məktəblərin sayı 350-yə çatmışdır. Ötən tədris ili ərzində təhsil işçilərinin əməyinin qiymətləndirilməsi yönümündə də sistemli aparılmış, ölkə rəhbərinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 159 nəfər dövlət təltiflərinə layiq görülmüşdür. Onlardan 69 nəfərə "Əməkdar müəllim" adı,  71 nəfərə "Tərəqqi" medalı verilmişdir.

2013-cü il milli təhsilin inkişafında yeni mərhələ kimi yadda qalmışdır. Artıq bir ildən çoxdur ki, respublikanın təhsil sistemində xeyli islahatyönümlü tədbirlər həyata keçirilir. Onlardan biri ümumtəhsil məktəbini bitirən bütün şagirdlərə attestatın verilməsidir. Ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan hökumətinin qərarı ilə reallaşdırılan bu tədbir təbii ki, demokratik xarakter daşımaqla yanaşı, şagird şəxsiyyətinə, onun formalaşmasına humanist mövqe nümayiş etdirir. 2013-2014-cü dərs ilində XI sinfi bitirən 87 mindən çox məzunun hamısı attestat alaraq ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulda iştirak etmək imkanı əldə etmişdir. Belə ki, ötən tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118 min 206, XI siniflərini 86 min 797, qiyabiaxşam məktəblərini isə 754 şagird bitirmişdir. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27 min 729, XI sinif üzrə isə 20 min 411 şagird məzun olmuşdur. Xatırladaq ki, 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI siniflərini 91 min 484 şagird bitirib.

Bu il birinci sinifə qəbul olunan şagirdlərin sayı isə 138 min nəfərdir.

2013-2014-cü tədris ilinin yekunlarına görə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış 176 şagird qızıl, 25 nəfər isə gümüş medala layiq görülmüşdür. Onların hamısı artıq ali məktəb tələbələridir. Qızıl medal alan məzunların əksəriyyəti liseyləri bitirənlər olmuşdur.

Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu mexanizmi beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilmiş, İKT-nin geniş tətbiqini nəzərdə tutan şəffaf, obyektivçevik sistem yaradılmışdır. Əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu ilə bağlı yalnız test imtahanları 6-7 həftə ərzində aparılırdısa, ötən ildən başlayaraq bu proses cəmi 13 günə başa çatdırılır. Müəyyən tələblər əsasında keçirilən müsabiqənin nəticəsi kimi 2014-2015-ci dərs ilində məktəblərimizdə işləmək arzusunda olan 13 min 544 nəfər müəllimdən 1837-si müsabiqənin üçüncü mərhələsinə buraxılmış, 1304 nəfər vakant vəzifələri tutmaq hüququ qazanmışdır.

İlk dəfə olaraq Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi keçirilmişdir. 357 məktəbdən olan 28 min 825 müəllim bu qiymətləndirilmədə iştirak etmişdir ki, onlardan 85,6 faizi qənaətbəxş, 18,2 faizi yüksək nəticə göstərmişdir. 14,4 faizinin nəticələri isə zəif olmuşdur. İlkin yekunlar onu göstərir ki, bu sınaq qiymətləndirmə texnologiyası müəllimlərin peşəkarlığının yüksəldilməsi, onların məsuliyyətliyinin artırılması baxımından əhəmiyyətlidir.

Dövlətin təhsil sistemində gerçəkləşdirdiyi islahatlar yeni tədris ilində də şagirdlərin normal təhsilinə geniş imkanlar açır. Bu istiqamətdə ən mühüm addımlardan biri məktəb infrastrukturunun müasirləşdirilməsi, yeni dövrün tələblərinə cavab verən tədris ocaqlarının inşasıdır. Ölkə başçısının hələ 11 fevral 2004-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" ilə Bakıda və regionlarda yeni məktəblərin tikintisi genişlənmişdir. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı"nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayrılmışdır. Yeni dövlət sənədində də bu proses müvəffəqiyyətlə davam etməkdədir. Şübhəsiz, keyfiyyətli təhsilin mühüm şərtlərindən biri yeni məktəb və onların maddi-texniki bazasının möhkəmləndirilməsidir. 2003-2013-cü illərdə ölkədə 3 minə yaxın məktəb binası tikilmişya əsaslı bərpa və təmir işləri aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Ümumilikdə ölkə üzrə məktəb infrastrukturunun yeniləşdirilməsi nəticəsində 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Ötən il bir ali (Milli Konservatoriya), 291 orta məktəb binası tikilmişya əsaslı təmir olunmuşdur. Nazirlik tərəfindən 177 təhsil obyektində cari təmir işləri aparılmış, 240 məktəbdə 370 fizika, kimyabiologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur. 2014-cü ildə isə ölkə üzrə yeni tikilən, əlavə korpussinif otaqları inşa edilən məktəblərin sayı 122, əsaslı təmir olunanlar 56, cari təmir edilən məktəblərin sayı isə 64 olmuşdur.

Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son on ildə 400-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Ölkə rəhbəri son günlərdə Bakının Nizami rayonundakı 32, 12, Yasamal rayonundakı 153, 23, Nəsimi rayonundakı 54, 46, Binə qəsəbəsindəki 121 nömrəli məktəblərdə olmuş, Bakı İstedadlar Təhsil Kompleksinin, Bakı Fransa Liseyinin açılışlarında iştirak etmişdir. Prezident İlham Əliyev 2014-cü il avqustun 1-də "Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında" sərəncam imzalamışdır.

"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət biznes tərəfdaşlığına əsaslanan sosial xarakterli "Müasir Azərbaycan peşəkarları layihəsi"nin icrasına başlanılmışdır. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu məqsədlə müasir resurs mərkəzləri yaradılmışdır. Bundan başqa, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ötən ildən başlayaraq "Sağlam təhsil, sağlam millət" layihəsi həyata keçirilir. Yenə də Dövlət Strategiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron-tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiqi məqsədilə V "Elektron təhsil" respublika müsabiqəsinə başlanılmışdır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı" üzrə namizədlərin seçilməsi prosesi də əsaslı şəkildə təkmilləşdirilmişdir. Proqram təxminən 8 ildir ki, həyata keçirilir. Bugünə qədər 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində 500-ə yaxın gənc bu tədris ili üçün nəzərdə tutulub. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il seçim daha böyük rəqabət mühitində aparılıb, gənclərin fikirləri, təklifləri dinlənilib. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Onların müəyyən hissəsi təhsillərini davam etdirir, çoxu isə ölkədə müxtəlif dövlət və özəl qurumlarda ixtisasları üzrə çalışır. 2013-cü ildə əvvəlki illərlə müqayisədə sayca ən çox gənc - 787 nəfər dünyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanmışdır. Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir. 2013-cü ildə ikitərəfli razılaşmalar və müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində Türkiyə, Rusiya, Çin Xalq Respublikası və Rumıniyanın ali məktəblərinin bakalavriat, magistratura, doktorantura, rezidenturaaspirantura səviyyələrində dövlət xətti ilə 607 nəfər təhsil almaqda davam edir.

Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda bu sənədin yeni layihəsi üzərində aparılır. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, həmçinin xarici mütəxəssislərin Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaq. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaq. Bu il sentyabrın 5-də "Xaricdə təhsil alan və məzun olmuş gənclərin beynəlxalq forumu (ASAİF) İctimai Birliyinin XII forumu keçirilmişdir. Burada bir çox problemlər müzakirə edilmişdir.

2014-cü ildə qəbul imtahanlarının nəticələri də ürəkaçan olmuşdur. Belə ki, bakalavriat səviyyəsində 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplamışdır. 2014-cü il sentyabrın 9-da ölkə Prezidentinin sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Onlardan 7 nəfəri hər iki valideynini itirənlərdir. 27 nəfərin valideyni pedaqoq, 4-nün təqaüdçü, 7 nəfərin valideyni hərbçi, 11-nin isə tibb işçisidir. Yüksək nəticə göstərənlər respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini də təmsil ediblər. 660 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunlarının sayı bu il 882 nəfər təşkil edib. Yüksək bal toplayanlar arasında xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunanlar da var - onlar 35 nəfərdir.

Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi kimi orta ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı məsələsi artıq neçə illərdir ki, həllini tapmışdır. "Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı (2006-2015-ci illər)" bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Son illər dərslik siyasəti sahəsində mühüm dəyişikliklər də edilmişdir. Bu sahədə ilk addım olaraq 2014-2015-ci dərs ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesi demək olar ki, başa çatmışdır. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək bir il seçilmiş məktəblərdə pilot kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulmuşdur. Dərslik müəlliflərinin peşəkarlığının artırılması və müəllimlik iddiasında olan mütəxəssislərin dərslik yaradıcılığına təşviq edilməsi üçün təlimlər keçirilmişdir. Hazırda 2014-2015-ci dərs ili üçün 271 adda 7 milyon 819 min 480 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap olunub təhsil müəssisələrinə göndərilmişdir.

Ölkə Prezidenti 2014-cü il iyulun 24-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncam imzalamışdır. Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı şəkildə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquqqanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edəcəkdir.

Bu il respublikanın 4500-dən çox ümumtəhsil məktəbində 1 milyon 300 mindən artıq şagird təhsil alacaq. Yeni tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində birinci dəfə olaraq müəllim andı içdikdən sonra fəaliyyət göstərəcəklər. Bu il ali təhsil müəssisələrində ilk dəfə olaraq "Sabah qrupları" fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin müxtəlif ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini həmin yeni qruplarda davam etdirəcək.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolu məhz təhsilin müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Çünki bu sahənin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsilə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaqömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır, onu sağlam və əsl vətəndaşa çevirir. Ona görə də hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu məqsədin reallaşdırılmasında yaxından iştirak etməliyik.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 14 sentyabr.-  S.5.