Yaxud qeyri-peşəkarlarla peşəkarlıq barədə söhbət

 

1. PEŞƏKARLIQ NƏDİR və ONA ÇATMA YOLLARI

 

Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.

 

Akademik Ramiz MEHDİYEV

 

Son zamanlar özlərinin öyrənməyə ehtiyacı olanların başqalarına "dərs keçmək" həvəsinə düşməsi, jurnalistika haqqında bilgisi onun-bunun ağzından eşitdiklərindən ibarət olan "jurnalist"lərin, bir-iki məqalə yazaraq özünü "mətbuat ağsaqqalı" hesab edənlərin peşəkarlıq haqqında diletant söhbətləri məni yenidən bu mövzuda söhbət açmağa ("Azərbaycan jurnalistikasının peşəkarlıq problemi" adlanan son məqaləm "Azərbaycan" qəzetinin 27 sentyabr 2011-ci il nömrəsində dərc olunub) vadar etdi: Hər oxuyandan Molla Pənah olmadığı kimi, hər cümlə quranı da jurnalist, xüsusən "peşəkar jurnalist" adlandırmaq gülüncdür (Hətta "peşəkar jurnalist" adlı "diplom" təsis edərək paylayan - əslində satan redaksiyalarjurnalist təşkilatları da mövcuddur). Kiminsə cibində "müxbir vəsiqəsi"nin, yaxud adında "redaktor", "baş redaktor" titulunun olması hələ onların peşəkarlıqları bir yana, əsl jurnalist olmalarına belə dəlalət etmir!

Peşəkarlığın yolu əziyyətli, çox oxumağı, çox öyrənməyi, çox yazmağı, qələmini püxtələşdirməyi şərtləndirən əzablı bir prosesdən keçir. Bunları bacarıb zəhmətə qatlaşanlar, nə vaxtsa peşəkar jurnalist ola bilərlər. Belədə isə hətta müəyyən titulların və fəxri adların da faydası yoxdur!

 Nəzərdən keçirdiyimiz müxtəlif izahlı lüğətlərdə "peşəkarlıq" anlayışına verilən təriflər (izahlar) bizi qane etmədi! Bunlar müxtəlif cümlələrlə ifadə edilsələr də, mahiyyətcə "peşəni dərindən bilmə" anlamını ehtiva edirdi. Jurnalistika adi peşələrdən olmadığından onun "dərindən bilmə" anlamı da xüsusi məna kəsb edir. Çəkməçilik, bənnalıq və dülgərlik də peşədir. Amma bunların "dərindən bilinməsi" ilə jurnalist peşəkarlığı arasında fərq olduqca böyükdür!

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan!

Bu, peşəkarlıq məsələsinə XII əsrdə Nizami Gəncəvinin yanaşmasıdır! Tamamilə normal qəbulediləndir. Xatırladırıq ki, həmin dövrdə hələ jurnalistika yaranmadığından jurnalist yox idi!

Bütövlükdə jurnalistika xüsusi fəaliyyət növüdür onu digər peşələrdən fərqləndirən bir neçə əsas cəhətlər var. Bu barədə bir qədər ətraflı bəhs etməyə çalışacağıq.

Jurnalistika elmlə peşə arasında dayanan fəaliyyət növüdür. Bu, o demək deyildir ki, hər ikisindən avaradır! (Bəlkə sərt ifadə etdik). Qətiyyən! Belə fəaliyyətin uğurunu elmiliklə müəyyən peşə vərdişlərinin sintezi təmin edir. Hamının qəbul etdiyi həqiqətdir ki, təkcə elm oxumaqla yaxşı jurnalist olmaq mümkün deyil! Az-maz cümlə qurub yazı yazanın isə elmi, biliyi yoxdursa, zaman keçdikcə kamilləşə, işlədiyi mövzunun dərinliyinə baş vuraraq ortalığa maraqlı cəlbedici material qoya bilməz. Səthi yazılarla isə ancaq "səthi jurnalist" olmaq mümkündür!

Peşəkar jurnalist həmişə müxtəlif məsələlərdən, ayrı-ayrı mövzulardan yazmalı olur (Hansısa ixtisas sahibi olaraq qəzetə gələrək daim eyni mövzuda yazmaq isə peşəkarlıq yox, şərhçilikdir). Odur ki, o, öz peşəsi ilə yanaşı, müxtəlif sahələr barədə müəyyən bilgiyə malik olmağa borcludur. Heç olmazsa, ağıllı suallar vermək, müsahibinin qarşısında gülməli vəziyyətə düşməmək üçün! Bax, buna görə daim oxumalı, öz üzərində işləməli, biliyini dünyagörüşünü genişləndirməlidir. Hər dəfə müsahibi ilə görüşə qabaqcadan hazırlaşmalı, nədən başlayıb nədə qurtaracağını irəlicədən dəqiqləşdirməlidir.

Jurnalist daim cəmiyyətdə, ictimai-siyasi həyatda baş verən proseslərdən yazmalı olur. İnsanlar isə onun yazılarını oxuyaraq isə öyrənməli, baş verənlərdən baş çıxarmaqla faydalanmalıdırlar. Əgər jurnalist yazdığı mövzunu məsələni dərindən bilmirsə, onda başqasına deyə, hansı yeniliyi öyrədə bilər? Həm unutmaq olmaz ki, hər bir qəzet məqaləsini həmin sahənin mütəxəssisi, bilicisi oxuyur. Odur ki, naşılıq gizli qalmır!

Digər bir məqam isə jurnalistin eşidib öyrəndiklərini təfəkkürün süzgəcindən keçirərək oxucuya təqdim etməsidir. Əslində "yaxşı qələmi var" ifadəsi şərtidir. "Düzgün təfəkkürü var" ifadəsi daha yerinə düşəndir! Jurnalist faktların içindən hansılarını seçəcək, məsələni necə qavrayıb işıqlandıracaq, düşündüklərini kağıza necə "köçürərək" (bu da "şərti" ifadədir) şübhəsiz, qazanacağı uğuru həm bunlar müəyyənləşdirir.

Daha bir vacib məsələyə çatdıq. Jurnalist öz fikirlərini dil materialı vasitəsilə insanlara çatdırır. Söhbət həm düşüncənin yazılı formada təqdimatından gedir. Məlumdur ki, fikri yazılı, yaxud şifahi formada "dil libasına" "bürüməyənə" qədər başqasına çatdırmaq qeyri-mümkündür. Əlbəttə, əl-qol hərəkətləri ilə dilini bilmədiyin adamlara istədiyini başa salmaq mümkündür! Amma söhbət incə fikirlərin, dərin düşüncələrin, mürəkkəb hadisələrin anladılmasından gedirsə, belədə əl-qol kara gəlmir! Jurnalistikada isə dili ala-babat bilməklə baş girləmək mümkün deyil! Fikrini dəqiqliyi ilə çatdırmaq, bəzən hiss-həyəcanı dolğunluğu ilə ifadə etməkdən ötrü Azərbaycan dilinin qrammatikasını, üslubi imkanlarını, ifadə formalarını dərindən mənimsəmək, lüğət fondunu durmadan zənginləşdirmək lazımdır.

Əgər jurnalist peşəkarlığının bir hissəsini mövzu seçmək, fakt toplamaq, hadisələri səriştəli təhlildirsə, digər hissəsi "özün üçün öyrənib bildiklərini" ustalıqla başqalarına çatdırmağı bacarmaqdır. Jurnalistin "işlətdiyi" materialın əsasını söz təşkil etdiyindən peşəkarlığın da əsas elementi sözlə işləmək məharətidir! Yazıda hər cümlənin öz yeri, cümlədə isə hər sözün öz yükü olur! Söz abstrakt məhfum sayılsa da, əslində jurnalist qələmində onun ölçü-biçisi, çəkisi, hətta rəngi belə var! Sadəcə bunu duyaraq işlətmək lazımdır!

Peşəkarlığın ən mühüm göstəricisi sayılan fərdi üslubun formalaşmasında jurnalist təfəkkürü onun sözlə işləmək bacarığı mühüm yer tutur. Odur ki, daim dayanmadan öyrənmək, öz üzərində mütəmadi işləmək, habelə fikrin daha aydın dəqiq ifadəsinə nail olmaq, dilin semantik, leksik qrammatik imkanlarından istifadə bacarığını yorulmadan təkmilləşdirmək jurnalist peşəkarlığına çatdıran çətin, amma yeganə doğru yoldur!

Bəzi diletantlar peşəkarlıqla bağlı söhbətlərində jurnalistika təhsilinin vacib olmadığı, əsas məsələnin istedadın mövcudluğu ilə bağlayırlar.

Əvvəla, istedad özü nisbi anlayışdır kimdə onun qədər olduğunu ölçən cihaz hələ ki kəşf edilməyib. Kiminsə sual verib cavabını diktafona yazdıqdan sonra kağıza köçürərək (bəzən cüzi redaktə aparmadan belə) oxucuya çatdırması istedadın mövcudluğuna dəlalət etmir! Sadə müqayisə aparaq. Tibbi təhsil olmadan yaxşı çöpçü, yaxud sınıqçı olmaq mümkündür! Amma insanı xəstəliklərdən müalicə etməkdən ötrü mükəmməl oxumaq mütəxəssislərin rəhbərliyi altında təcrübə toplamaq zəruridir.

Xoşa gəlməyən məqam budur ki, özünü "istedadlı" sayaraq jurnalistika sahəsində çalışmağa gələnlər müstəqil şəkildə jurnalistə lazım olan zəruri bilgiləri öyrənməyə belə təşəbbüs göstərmirlər. Jurnalistikanın özünəməxsus prinsip qaydaları, janrları, sənətkarlıq məsələləri mövcuddur. Azərbaycan milli mətbuatının çox qədim zəngin ənənələri var, bizim bir sıra məqalələri hələ aktuallığını saxlayan korifey jurnalistlərimiz olub. Onların yaradıcılığını öyrənib bilmədən, milli mətbuatımızın ənənələrindən xəbərdar olub yaşatmadan necə peşəkar jurnalist səviyyəsinə yüksələrsən? Axı keçmişindən, milli kökündən qopanların heç biri indiyədək uğur qazana bilməyib! Təkcə dünya Avropa jurnalistikasının "tələbləri" əsasında yazıb-yaratsan, azərbaycanlı oxucu səni qəbul edib sevərmi? Heç zaman!

Əlifbasını bilmədiyin fəaliyyət sahəsində necə uğur qazanarsan? Hələ onun generalı səviyyəsinə yüksəlməkdən söhbət gedə bilməz!

Lovğalanmaqla gözə kül üfürməklə heç kim səni "peşəkar jurnalist" saymayacaq! Ala-babat yaza bilərsən! Bundan isə necə deyərlər, Fatıya tuman olmaz!

Bir cəhəti unutmayaq: jurnalist özbaşına yetişmir, onu yetişdirirlər! Buna görə redaksiyalarda "praktik jurnalistikanı öyrədən məktəblər" fəaliyyət göstərməlidir, yaradıcı mühit olmalıdır! Təzə qələm tutanlara hansı mövzuda necə yazmağın, müsahibinə sual verməyin, janrın tələblərini gözləməyin, yazdıqlarını sonradan redaktə etməyin yolunu göstərməlidirlər (Şübhəsiz, əgər həmin redaksiyada bunları bilənlər varsa). Dəmyə şəraitdə ancaq alaq otu bitər, məhsuldar meyvə-tərəvəzi isə yetişdirirlər!

 

(Ardı var)

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 16 sentyabr.- S.4.