Azərbaycanın xarici işlər naziri Elmar

 Məmmədyarov Rumıniyada rəsmi səfərdədir

 

Sentyabrın 15-də E.Məmmədyarov ümummilli lider Heydər Əliyevin Buxarest şəhərində yerləşən abidəsini ziyarət edib, önünə əklil qoyub.

* * *

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 15-də bu ölkənin Prezidenti Trayan Besesku ilə görüşüb.

Görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb.

Rumıniya dövlətinin başçısı Trayan Besesku təşəkkürünü bildirərək onun da ən səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunub, enerji, iqtisadiyyat, sərmayələrin yatırılması və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib. 

* * *

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 15-də Buxarestdə rumıniyalı həmkarı Titus Korlatean ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edilərək siyasi, iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi, investisiya qoyuluşu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrinin əhəmiyyəti qeyd olunaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol vurğulanıb.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Rumıniyanın prinsipial və dəyişməz mövqeyinin, bu xüsusda rəsmi Buxarestin beynəlxalq təşkilatlar çərçivəsində davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq, iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, gələn il Azərbaycan və Rumıniya hökumətləri arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının və işgüzar dairələrin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

İqbal HACIYEV,

AzərTAc-ın xüsusi müxbiri

 Buxarest

Azərbaycan.-2014.- 16 sentyabr.- S.4.