Azərbaycan qazı Avropaya 3500 kilometr yol gedəcək

 

Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometrlik məsafədə yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin boru kəmərləri dünyanın neft-qaz sənayesində indiyədək həyata keçirilmiş ən böyük və ən mürəkkəb layihələrdən sayılır. Təsadüfi deyil ki, mütəxəssislər bu layihələri bir neçə amilə görə önəmli hesab edirlər.

Əvvəla, Azərbaycan və onun timsalında bütün region ilk dəfə belə nəhəng miqyaslı layihəyə qədəm qoyub. Ölkəmiz bu layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da bütün regionun gələcəyinə geniş yol açacaq.  İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək və beləliklə, neçə illərdən bəri aparılan danışıqlar, görülən işlər öz bəhrəsini verəcək. Nəhayət, "Şahdəniz-2" Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq. O, Xəzər dənizindən Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkələrə mənfəət verəcək.

Xatırladaq ki, "Şahdəniz-2" çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri  Avropaya nəql olunacaq. Azərbaycan qazını Xəzərdən Adriatik dənizinədək ümumi uzunluğu 3500 kilometrdən çox olan bir neçə boru kəməri nəql edəcək.

İlk növbədə Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndiriləcək. CQBK  2006-cı ilin sonlarından istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz"in birinci mərhələsi çərçivəsində çıxarılan  qazı çatdırır. Bu kəmərin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi isə 248 kilometrdir.

"Şahdəniz-2"dən hasil olunacaq qazı qəbul və nəql etmək üçün CQBK-nın gücü artırılmalıdır. Odur ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel yeni xətt çəkiləcək. Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometr olacaq. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi planlaşdırılıb. CQBK-nın Gürcüstanda nəzərdə tutulan işlərinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqazaltma və təzyiqölçmə stansiyalarının tikintisi daxildir.

Bütün bu işlər üzrə əksər müqavilələr əsasən imzalanıb. Beləliklə, genişləndirilmiş CQBK Cənub Qaz Dəhlizinin güclü bir qoluna çevriləcək.

Azərbaycan qazını Avropaya aparan yollar Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın - Transanadolu Qaz Boru Kəmərinin üzərinə düşür. TANAP üzrə iki ölkə arasında hökumətlərarası sazişi 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev və Türkiyənin o vaxtkı Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Cənub Qaz Dəhlizinin daha mühüm bir hissəsi olan TANAP Türkiyənin şərq sərhədində CQBK-nın çıxış məntəqəsindən başlayacaq. Uzunluğu təxminən 1900 kilometr olan bu boru xətti Türkiyənin qərb sərhədində TAP-la - Transadriatik Qaz Boru Kəməri ilə birləşəcək.

Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulmuş qaz 56 düymlük boru xətləri ilə Əskişəhərə nəql ediləcək, eləcə də Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə ötürüləcək. Əskişəhərdə kəmərin diametri 48 düymə qədər daralacaq. Avropa istehlakçıları üçün qaz TAP-ın Yunanıstan sərhədindəki giriş məntəqəsində yerləşən 48 düymlük kəmərlə nəql ediləcək.

Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisində TANAP və TAP birləşəcək. Burada isə TAP şərqdə Yunanıstan və Albaniya ərazilərindən keçərək qərbə doğru Adriatik dənizinin sahilinə uzanacaq. Bu boru kəmərinin sualtı hissəsi Albaniyanın Fiyer şəhəri yaxınlığından başlayacaqAdriatik dənizinin altından keçərək İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Bundan sonra İtaliyanın qaz nəqletmə şəbəkəsinə qoşulacaq.

TAP-ın ümumi uzunluğu təxminən 870 kilometr olacaq. Bunun 550 kilometri Yunanıstanda, 210 kilometri Albaniyada, 105 kilometri Adriatik dənizinin altında, qalan bir neçə kilometri İtaliya ərazisində yerləşəcək.

Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində işlərin yaxşı getdiyindən məmnunluğunu bildirərək demişdir: "Bu altı ayda neft-qaz sahəsində, xüsusilə Cənub Qaz Dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. Cənub Qaz Dəhlizinin təşəbbüşkarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də  onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadienerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir".

 Cənub Qaz Dəhlizi digər ölkələrə də faydalar gətirəcək. Məsələn, Gürcüstan "Şahdəniz-2"dən hasil edilən qazın alıcısı kimi faydalanacaq. Bu ölkə eləcə də CQBK-nın genişləndirilməsindən bəhrələnəcək. Buradakı yerli təchizatçılar öz mal və xidmətlərini təqdim edəcək, vəsait qazanacaqlar. Tikinti obyektlərində xeyli Gürcüstan vətəndaşı işlə təmin olunacaq.

Türkiyə hazırda özünün qaza olan tələbatının 15 faizə qədərini "Şahdəniz"dən aldığı yanacaqla təmin edirsə, ikinci mərhələ də hasilata başlayandan sonra bu göstərici 25 faizədək artacaq. TANAP-ın tikintisi zamanı minlərlə yeni yeri açılacaq, ölkənin  qaz nəqletmə infrastrukturu zənginləşəcək. Beləliklə, Türkiyə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli iştirakçıya çevriləcək.

Albaniya, Yunanıstan və İtaliya TAP vasitəsilə xeyli həcmdə birbaşa xarici investisiya əldə edəcəklər. Bu ölkələrdə də yüzlərlə yerli sakin kəmərin tikintisində işlə təmin olunacaq.

Yunanıstan, Bolqarıstan və İtaliyadakı istehlakçılar üçün yeni yanacaq mənbəyi yaradılacaq. Albaniya öz qaz sənayesini inkişaf etdirmək imkanı qazanacaq.

Nəhayət, Cənub Qaz Dəhlizi böyük ekoloji əhəmiyyətə malikdir. Bu dəhliz Avropanın enerji strukturundakı balansı ən təmiz mədən yanacağının - təbii qazın xeyrinə çevirəcək. Yəni keçdiyi ərazilərə karbon qazı atkılarını azaltmağa yardım edəcək.     

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin reallaşması qarşısında artıq heç bir maneənin olmadığını vurğulayaraq demişdir: "Bu gün Cənub Qaz Dəhlizinin reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı bütün maneələr öz həllini tapıb. "Şahdəniz-2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur... Bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə biz heç vaxt imkan verə bilməzdik ki, Cənub Qaz Dəhlizi gözəl bir layihə ideya kimi qalsın".

2018-ci ildə Türkiyə, təxminən bir il sonra Avropa istehlakçıları "Şahdəniz-2"nin qazından istifadə edə biləcəklər. Azərbaycan qazı 3500 kilometrlik dəhliz boyu insanlara hərarət, rahatlıq, xoş əhval-ruhiyyə bəxş edəcək. Bu layihənin də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri, "Şahdəniz"in birinci mərhələsinin qazını nəql edən Bakı-Tbilisi-Ərzurum xətti kimi uğurlu olacağına zəmin də, inam da var!

 

Flora SADIQLI,

Azərbaycan.-2014.-17 sentyabr.-S.4.