Türkiyə həmişə Azərbaycanın yanında olub

 

Bakı artıq Azərbaycan hökumətinin nəzarətində idiburada qayda-qanun yaratmaq üçün bütün vasitələrdən istifadə olunurdu. Hökumət Bakıya köçdükdən dərhal sonra Baş nazir Fətəli xan Xoyski 20 sentyabr 1918-ci ildə əhaliyə müraciət edərək bildirirdi: "Artıq Bakıda yerləşən Azərbaycan hökuməti bununla şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyyət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, Türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Türk Azərbaycan hökumətinin paytaxtında günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi onun şan və şərəfinə yaraşmaz".

Bakı alındıqdan sonra Ənvər paşa Şərq Orduları Qrupu komandanı Xəlil paşaya göndərdiyi şəxsi təbrik teleqramında yazırdı: "Bakı uğuru münasibətilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğaloralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək cənuba göndərilməsini və bu sürətlə Təbriz-Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm".

Azərbaycanın azadlığına, dövlət müstəqilliyinə ikili münasibət göstərən Avropanın bir çox mətbu orqanı 15 sentyabr hadisələrinə də yer ayırırdı. Almaniyanın  "Folliner beobaxterin" qəzeti bu hadisələr barədə yazırdı: "1918-ci ilin sentyabr ayının 15-i Azərbaycan tarixi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. O zaman Avropada Azərbaycan Respublikasına kömək etmək və ona yaşamaq imkanı verilməsinin zəruriliyi barəsində səslər eşidilməkdə idi. Fəqət bu da Azərbaycana Bakısız bir Azərbaycan vermək barəsində idi. Belə bir düşüncə başsız kukla oyununa bənzəyirdi. Başsız bədənin yaşaması heç bir zaman təsəvvür edilmədiyi kimi, Bakısız Azərbaycan imkan xaricində bir şeydir. Azəbaycanın enməsi və yüksəlməsi Bakının taleyi ilə bağlıdır".

Tiflisdə nəşr olunan eser və menşeviklərin bir çox rusdilli mətbu orqanlarının da bu tarixi günə  münasibətləri fərqli idi.  "Pravda" qəzeti 1 oktyabr tarixli 200-cü sayında "Gürcü menşeviklərinin türklərin Azərbaycana gəlişini yüksək səslə, böyük əhval-ruhiyyə ilə qarşıladığını yazırdı. Məqalədə göstərilirdi ki, Türk ordusunun Bakıya yaxınlaşması zamanı Gürcüstan Respublikasının hərbi naziri Georqadze ziyafətdə çıxışı zamanı türklərə uğurlar arzulamışdı". Tiflisdə nəşr olunan "Kavkaskoy slovo" qəzeti isə yazırdı: "Türk ordusu böyük itki hesabına uğur əldə edib".

 

Qafqaz İslam Ordusu Qarabağda

 

Şərq Orduları Qrupu komandanlığı 7 iyul 1918-ci ildə İstanbula göndərdiyi raportda 4-cü korpusun Təbrizi ələ keçirdiyi, ardınca Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq edəcəyi bildirilirdi. Həmişə olduğu kimi, o dövrdə də həm Cənubi, həm də Şimali Azərbaycanın bir erməni problemi vardı. Türk ordusundan qaçaraq ermənilərin hərbi lideri rolunda çıxış edən Andranik qarşısına çıxan türkləri amansızcasına qətlə yetirirdi. Şərqi Anadoluda, Cənubi və Şimali Azərbaycanda qətliamların arası kəsilmirdi. Belə bir vaxtda Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında qərar tutan Andranik 6 minlik qoşunla türklərin 12-ci piyada diviziyasına qarşı hücuma keçdi. Ancaq ağır bir məğlubiyyətlə geri çəkilməli oldu. Bədnam erməni generalı bu barədə "Znamya truda" qəzetində "Qarabağ hadisələri" adlı məqaləsində malik olduğu qoşun hissələrinin Cənubi Azərbaycanda Urmiya gölü ətrafında formalaşan 4 erməni batalyonundan təşkil etdiyini, sonradan isə onun çağırışı ilə bu silahlı birləşmələrə türkiyəli ermənilərin də qoşulduğunu yazır. Cənubi Azərbaycanda türklərə qarşı törətdiyi qətliamları xatırlayan Andranik bu bölgəyə onlardan 9 gün əvvəl türk qoşunlarının gəldiyini, müdafiə tədbirləri gorüldüyünü ərz edir. Andranik Xoy döyüşünü belə xatırlayır: "İyunun 20-də döyüşlər oldu, şəhərin bir hissəsini əlimizdə saxlaya bildik. Axşama doğru isə türklərin əlavə qüvvələri hesabına geri çəkilməli olduq. 70 nəfər itkimiz oldu, bir o qədər də itkin düşdü". Məğlubiyyətdən yaxa qurtara bilməyən Andranik 22 iyun 1918-ci ildə CulfaOrdubad ətrafındakı qəsəbə və kəndləri qarət edərək əhalisini qətlə yetirdi. Vəziyyəti belə görən türk hərbi hissələri hücuma keçərək 20 iyul 1918-ci ildə Naxçıvanı ələ keçirdi. Andranikin qüvvələri bu dəfə Qarabağa doğru qaçmağa başladı. Onun yeganə məqsədi buranı tamamilə türklərdən - azərbaycanlılardan təmizləmək idi. Bu hadisələr vaxtı Zəngəzurda və Qarabağın digər yerlərində 11 min türk həlak oldu. Çox keçmədən Şuşa-Xankəndi yolunu nəzarət altına alan ermənilər türklərə qarşı təzyiqi artırdılar. Qarabağda yaşayan türklər də böyük bir səfərbərlik elan edərək gənclərdən milis dəstələri yaratmağa başladılar. Andranikin qüvvələri artıq avqust ayının sonuna yaxın türklərə qarşı həmlələri artırdılar, onlar tezliklə Abdallar, Kərəviz, Ağadi, Mədət, Qarakilsə, Yaylaq və digər kəndləri ələ keçirib qarət etdilər, evləri, məktəb və məscidləri yandırdılar. Xüsusilə, Sisyan nahiyəsi və Ağadi kəndində törədilən vəhşiliklər öz amansızlığına görə Şərqi Anadolu, Naxçıvan, Bakı və Şamaxıdakı qətliamları belə, geridə qoydu.

Həmin dövrdə Qarabağ Məntəqəsi komandanı, polkovnik İsmayıl Haqqı bəy ordu komandanlığına göndərdiyi raportda yazırdı ki, Qarabağ türklərinin mənəviyyatını yüksəltmək və ermənilərə gözdağı vermək üçün kiçikolsa hərbi birləşmələrin birinin Ağdama göndərilməsi münasib olardı.

Hadisələri diqqətlə izləyən Nuru paşa Bakı azad edildikdən sonra dərhal Qarabağ bölgəsində əməliyyatlara başladı. Bu məqsədlə Bakı Qarnizon komandanı, polkovnik Cəmil Cahid bəy yeni yaradılan 1-ci Azərbaycan diviziyasına rəhbər təyin olundu. Bu diviziyanın əsasını 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan ibarət  1200 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları və 250 nəfərlik Azərbaycan süvari alayı da yeni diviziyanın tərkibindəydi. Ağdama gələn Cəmil Cahid bəyin qarşısında ŞuşaGorusun azad olunması və Qarabağda asayişin təmin edilməsi, beləliklə, Azərbaycanla Osmanlı torpaqları arasında ortaq bir sərhəd planının reallaşması kimi mühüm vəzifələr vardı.

Cəmil Cahid bəyin Azərbaycan dövlətinə tabe olmaq tələbinə "Erməni Milli Şurası" beş nəfərlik bir heyəti 1 oktyabrda Ağdama göndərdi və onlar Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bildirdilər. Cəmil Cahid bəy bu cavabdan sonra heyət üzvlərindən 3 nəfəri - Aşot Məlik-Osipov, Arşavir Kamalyan, vaxtilə Şuşanın rəisi olarkən qanlar tökən Gerasim Məlik-Şahnəzərovu həbs etdi. AyrapetDanil adlı təmsilçiləri isə Şuşadakı ermənilərin yanına göndərərək tez bir zamanda təslim olmalarını, əks təqdirdə Şuşa üzərinə yeriyəcəyini bildirdi. Ermənilər uzun müzakirələrdən sonra silahı təhvil verməmək şərti ilə "hələlik" Azərbaycanın tərkibində qalmağın mənafelərinə uyğun gəldiyi barədə qərar qəbul etdilər və bu qərardan sonra Cəmil Cahid bəyin əməliyyatlara başlamaqdan savayı yolu qalmadı.

7 oktyabrda Əsgəranı ələ keçirən qoşunlarımız sürətlə Şuşaya yaxınlaşdı. Türk ordusu ilə qarşılaşmağa cürət etməyən Andranik Şuşanın mühasirəsini buraxaraq cənuba doğru çəkilməyə başladı. Qaladakılar türk ordusunu hərarətlə qarşıladılar. Dərhal erməni başbilənləri Cəmil Cahid bəyin yanına gələrək böyük hörmətlə türk ordusuna ehtiramlarını söylədilər və əmrlərə itaət edəcəklərini bildirdilər. Cəmil Cahid bəy ermənilərin indiyə qədər türklərə çox pisliklər etdiklərini, bununla bərabər türk dövlətinin onlara tam bir vətəndaşlıq hüququ verməsinə baxmayaraq, onların nankorluq etməsindən söz açdı. Bundan sonra Şuşanın erməni və türk məhəllələri arasındakı səngərlər yığışdırıldı və türk ordusunun rəsmi keçid mərasimində ermənilərin də iştirakı təmin edildi. Şəhərin əhəmiyyətli qovşaq və məhəllələrinə türk əsgərləri yerləşdirilərək asayiş təmin edildi. Polkovnik Cəmil Cahid bəy məlumat verirdi: "Erməni əhalisi bizim şəhər və kəndlərdə qoşunlarımızı duz-çörəklə qarşılayıb. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və hakimiyyətin bütün göstərişlərini yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Artıq onlar könüllü surətdə silahları təhvil verməyə başlayıblar..."

Sonrakı dövrdə türk komandanlığı Azərbaycanda hərbi qüvvələrin gücləndirilməsinə, xüsusilə Qarabağda yerləşən 1-ci Azərbaycan diviziyasının yenidən qurulmasına çalışırdı. Bunun üçün 9-cu Qafqaz alayının Azərbaycan alaylarına bölüşdürülməsi həyata keçirildi.

 

Bakının ilk qarnizon rəisi, Şuşanın xilaskarı - Türkiyənin 11-ci müdafiə naziri

 

Cəmil Cahid bəy Məhəmməd Cahid bəy oğlu Toydəmir (1883-1956) İslam Ordusunun Gəlibolu alayının miralayı (polkovniki) İslam Ordusunun tərkibində Azərbaycana gəlmişdi. Əslən Qafqaz türklərindən - çərkəzlərdən olan Cəmil Cahid bəy Yusif İzzət paşanın komandanlığında briqada komandiri olaraq Azərbaycan və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib.

1922-ci ildə Qərb cəbhəsində yunanlılara qarşı döyüşən Cəmil Cahid bəy Qurtuluş Savaşından sonra da Tümen komandanlığında, Qolordu komandanlığında, Jandarma Baş Komandanlığında (1939), Əsgəri Məhkəmə Başkanlığında (1942), 1-ci Ordu Komandanlığında hərbi vəzifələrdə xidmət etdi. O, TBMM-in yeddinci çağırışında İstanbuldan millət vəkili və eyni vaxtda Rəcəb Peker hökumətində milli savunma bakanı - Türkiyə Cümhuriyyətinin 11-ci müdafiə naziri vəzifəsində (1946-1947) xidmət etdi. Cəmil Cahid bəy 1956-cı ildə İstanbulda vəfat etdi.

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.-17 sentyabr.-S.4.