Şoloxovşünasların beynəlxalq elmi konfransı keçirilib

 

Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində "Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalaryanaşmalar" mövzusuna həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib. Rusiya, Polşa, Belarus, İndoneziyaİrandan olan alimlərin iştirakı ilə baş tutan konfransda Azərbaycan elmi ictimaiyyətini Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təmsil edib.

Dünya şöhrətli yazıçı Mixail Aleksandroviç Şoloxovun həyatı və yaradıcılığını əks etdirən beynəlxalq konfransın böyük ədibin nəvəsi, Şoloxov muzey kompleksinin direktoru Aleksandr Mixayloviç Şoloxovun sədrliyi ilə keçən iclasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Korniyenkonun "Mixail Şoloxov və müasirləri: metodologiya və mənbəşünaslıq məsələləri", Cənubi Rusiya Federal Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru Nikolay Stopçenkonun "Mixail Şoloxovun bədii irsində Almaniya mövzusu", tanınmış şoloxovşünas, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun professoru Yuri Dvoryaşinin "Mixail Şoloxovun yaradıcılığında "Sakit Don"un yaranmasına qədər "Donçuluq" olmuşdurmu", filologiya elmləri doktoru, professor Viktor Petelinin "Şoloxov və XX əsr rus ədəbiyyatı" mövzularındakı elmi məruzələri dinlənilib müzakirə edilib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli beynəlxalq konfransın plenar iclasında  "Mixail Şoloxov və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ilk növbədə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısı Mixail Şoloxovun zəngin irsinə verdiyi yüksək qiymət gerçək ədəbiyyat siyasəti nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzədə M.Şoloxovun yaradıcılığındakı epoxanı bədii cəhətdən ümumiləşdirmək istedadı, "kiçik adamı" epopeya səviyyəsində təqdim edə bilmək qabiliyyəti elmi əsaslarla izah olunub. M.Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlillər və müqayisələr xalqların və ədəbiyyatların tipoloji ortaq baxışlarının təqdim edilməsi mənasında  ciddi maraq doğurub. Bundan başqa, məruzədə "Sakit Don" epopeyasının, "Oyanmış torpaq" romanının, "İnsanın taleyi" povestinin müəllifi olan qüdrətli sənətkarla sovet yazıçılarının ikinci qurultayında ümumittifaq poeziyası haqqında məruzə ilə çıxış etmiş xalq şairi Səməd Vurğunun şəxsi dostluğunun və yaradıcılıq əlaqələrinin mahiyyəti və əhəmiyyəti sənətkar və zaman münasibətləri müstəvisində elmi şəkildə şərh olunub.

Eyni zamanda, məruzədə M.Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi sahəsində Azərbaycan ziyalısı Cahanbaxış Cavadzadənin çoxillik xidmətləri müqayisəli ədəbiyyatşünaslıq baxımından təqdim edilib. Həmçinin Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələri Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Süleyman Rəhimov və başqalarının M.Şoloxovun yaradıcılığı haqqındakı dəyərli fikir və mülahizələri, tədqiqatları, Əyyub Abbasovun, Beydulla MusayevinHüseyn Şərifin böyük rus yazıçısının əsərlərinin tərcümə edilməsi sahəsindəki fəaliyyəti Azərbaycan elmi-ədəbi ziyalılığının M.Şoloxovun zəngin irsinə münasibətinin ümumiləşdirilmiş ifadəsi kimi nəzərə çatdırılıb.

Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun "Azərbaycanın aliorta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri" mövzusundakı məruzəsi də maraqla qarşılanıb. Ümumilikdə konfransda müxtəlif ölkələrin nümayəndəsi olan alimlərin 28 məruzəsi dinlənilib.

Konfrans çərçivəsində M.Şoloxovun ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət olunub. Azərbaycan nümayəndə heyəti adından M.Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim edilib.

 

Azərbaycan.-2014.- 17 sentyabr.- S.6.