Xalq Yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı yeni kitabda

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə “Xalq Yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” adlı yeni kitab işıq üzü görüb.

AzərTAc xəbər verir ki, bu kitab Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq çap olunub.

Kitabın müəllifləri institutun aparıcı elmi işçiləri Qurban Bayramov və Jalə Qurbanqızıdır. Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmlər doktoru, professor Tahirə Məmmədova, rəyçiləri – filologiya elmlər doktoru, professor Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur.

Kitabda Azərbaycanın Xalq Yazıçısı, yüksək mənəviyyatlı, intellektual səviyyəli ziyalı, qüdrətli sənətkar – nasir, dramaturq, publisist, vətənpərvər ictimai xadim İlyas Əfəndiyevin zəngin, çoxşaxəli yaradıcılığının ədəbi tənqiddə estetik dərki problemi ilk dəfədir ki, tədqiq edilir, öyrənilir və elmi-nəzəri şərhi verilir.

Monoqrafiyada keçən əsrin 30-cu illərindən başlayaraq ömrünün sonuna qədər ardıcıl şəkildə yaradıcılıqla məşğul olan İlyas Əfəndiyevin bənzərsiz, çoxşaxəli ədəbi-bədii fəaliyyəti ümummilli ədəbi-mədəni hərəkat məcrasında araşdırılıb, onun bədii-estetik düşüncə orijinallığı, fərdi dil-üslub xüsusiyyəti, dramaturji axtarışlarının ədəbi tənqid tərəfindən dərki geniş bir şəkildə, müxtəlif problemlərə uyğun bir tərzdə, tarixi-xronoloji ardıcıllıqla şərh olunub.

Xalq Yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” kitabının aktuallığı onunla şərtlənir ki, ədibin yaradıcılığı buya digər münasibətlə, ayrı-ayrı problemlər çərçivəsində təhlilə cəlb olunsa da, bütöv şəkildə ədəbi tənqidin hüdudlarında öyrənilməmiş, sistemli tədqiqat hədəfinə çevrilməmişdi. İlk dəfədir yazıçının yaradıcılığı bu istiqamətdə, bütöv şəkildə öyrənilir.

1930-cu illərin axırlarından etibarən nəsr yaradıcılığına başlayan ədibin ilk əsərlərindən tutmuş sonrakı bütün əsərləri daim ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.

Kitabın ümumi məzmunu “Müqəddimə əvəzi” adlandırılan girişdən, “İlyas Əfəndiyevin həyat və yaradıcılığının ilkin mərhələsi ədəbi fikir və tənqiddə”, “İlyas Əfəndiyevin yaradıcılığının 1960-1990-cı və müstəqillik illəri ədəbi tənqidində dərki” fəsillərindən, “Nəticə”, “Kitaba son söz əvəzi”, “İlyas Əfəndiyevin əsərlərindən qısa biblioqrafik məlumat” və 252 addan ibarət istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Kitab müasir filoloji sahədə çalışanlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Azərbaycan.-2014.-17 sentyabr.-S.6.