BTC Azərbaycanın qarşısında yeni üfüqlər açdı

 

Kəmərin təməli 2002-ci il sentyabrın 18-də qoyulmuşdur

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlinin qoyulduğu gündən 12 il ötür. Bu qürur doğuran hadisənin növbəti ildönümünü "Əsrin müqaviləsi"nin 20 illik yubileyi ərəfəsində qeyd edirik. "Əsrin müqaviləsi" adı çəkiləndə BTC yada düşür. Çünki bu kəmər "Əsrin müqaviləsi"nin qanunauyğun məntiqi nəticəsidir.

Elə buradaca deyək ki, BTC də "Əsrin müqaviləsi" kimi ulu öndər Heydər Əliyevin əsəridir, uzaqgörən iqtisadisiyasi kursunun qələbəsidir. Reallığa çevrilib təkcə Azərbaycana deyil, bütün regiona fayda gətirən bu layihələr ölkəmizin tarixində xüsusi əhəmiyyət kəsb edən, qürur doğuran nailiyyətdir.

2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında keçirilən təməlqoyma mərasimində Azərbaycanın, Gürcüstanın, Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, kəmərin səhmdarları olan şirkətlərin səlahiyyətli nümayəndələri, bir çox ölkələrdən gəlmiş jurnalistlər iştirak edirdilər. Həmin tarixi hadisəni əyani görmək, ümummilli liderin tədbirdəki parlaq nitqini dinləmək mənə də qismət olub. Ulu öndərin hər fikri, hər müddəası, "Əsrin müqaviləsi", BTC, Azərbaycanla tərəfdaşlıq edən şirkətlər haqqında dediyi sözlər həmişəlik yaddaşımızda qalıb. Ümummilli lider özünün şah əsərlərindən biri olan BTC-ni xalqımızın və regionun gələcəyi üçün görülən işlərdən olduğunu dedi. Onun təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu boru xəttini Azərbaycanı digər ölkələrlə sıx birləşdirən polad kəmər adlandırdı.

O vaxt BTC-nin reallaşması ilə bağlı bir çox maneələr arxada qalmış olsa da, qarşıda həllini gözləyən xeyli problem var idi. Hələ bir sıra qeyri-hökumət təşkilatları BTC-nin Gürcüstandakı "Borjomi" mineral su mənbəyinə guya ekoloji ziyan gətirəcəyi fikrini ortaya atacaqdı. Onlar layihənin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərinin imzalanmasını gecikdirməyə cəhd edəcəkdilər. Hələ BTC-nin bədxahlarından dəstək alan qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq maliyyə qurumlarının ofisləri qarşısına toplaşacaq və işlərin irəliləməsinə əngəllər törətməyə səy göstərəcəklər...

Ümummilli lider təbii ki, qarşıda bu kimi bir çox çətinliklərin olacağını bilirdi. Bununla belə, BTC-nin bütün maneələrdən yenə də keçə biləcəyinə əmin idi. Ona görə də təməlqoyma mərasimində sanki bir çox bədxah qüvvələrə kəmərin bünövrəsinin möhkəm olduğunu böyük inam və qətiyyətlə xatırlatdı: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!"

2003-cü ilin əvvəlində BTC-nin tikintisinin maliyyələşdirilməsində böyük müşküllər yaranmışdı. Layihənin əleyhdarları son üsula əl ataraq maliyyə qurumlarının ofisləri qarşısına toplaşır və layihəyə vəsaitin ayrılmasına mane olmağa cəhd edirdilər. Həmin ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" beynəlxalq konfransında iştirak edən ümummilli lider Heydər Əliyev beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə görüşdü, söhbətlər apardı və bu, öz müsbət nəticəsini göstərdi.

Mütəxəssislər deyirlər ki, belə nəhəng obyektlərin, infrastrukturların istifadəyə veriləcəyi tarix barədə tam dəqiq söz demək mümkün deyil. BTC isə elə dəqiq düşünülmüş, real layihə idi ki, ulu öndər onun istifadəyə veriləcəyi vaxtı da əvvəlcədən qəti bildirmişdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaqbiz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".

BTC-nin əməliyyatçısı olan BP şirkətinin prezidenti ilə sonuncu dəfə görüşərkən də ulu öndər onun əlini sıxıb demişdi: "Biz hələ Ceyhanda beləcə görüşəcəyik" .

2005-ci il mayın 25-də kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə Səngəçalda, daha sonra Bakıda təntənəli mərasimlər keçirildi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, bu təntənələrdə daha üç ölkənin - Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər.

Bir il bundan sonra - 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətilə həmin il iyulun 13-də Ceyhan şəhərində Türkiyənin digər yerlərində təntənələr keçirildi.

Təəssüflər olsun ki, ulu öndər bütün bunları görmədi. Prezident İlham Əliyev sözügedən təntənələrdə "İndi onun ruhu buradadır" söylədi. Qardaş ölkədə çıxan "Milliyyət" "Sabah" qəzetləri həmin sözləri başlığa çıxardı.

Bu gün BTC üç ölkə - Azərbaycan, Gürcüstan Türkiyə ərazisində 1768 kilometr məsafə qət edir. İkisi Azərbaycanda (Səngəçalda Yevlaxda), ikisi Gürcüstanda dördü Türkiyə ərazisində yerləşən nasos stansiyaları nefti mərhələ-mərhələ ötürür.

Hazırda kəmərə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan neft vurulur. Xəttə həmçinin "Şahdəniz" yatağından çıxarılan kondensat da qoşulur. Artıq bir neçə ildir BTC müəyyən həcmdə Türkmənistan nefti nəql edir. Keçən ilin payızından isə kəmərlə eləcə Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neftin ixracı bərpa olunub.

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal İxrac Boru Kəmərinin (ŞİBK) axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin ŞİBK boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması ŞİBK-dən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi.

Hazırda BTC-nin ötürmə gücü gündə 1,2 milyon bareldir. Bu il avqustun 11-də BTC istifadəyə verildiyi tarixdən bəri Ceyhan terminalından 2 milyardıncı barel nefti yola saldı. İndiyədək Ceyhandan dünya bazarlarına BTC-nin gətirdiyi neftlə yüklənmiş 2580-dən çox tanker göndərilib.

BP Azərbaycan şirkətinin məlumatına görə, bu ilin birinci yarısında kəmər vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft ixrac olunub. Bu neft Ceyhanda 185 tankerə yüklənib.

BTC gələcəyə hesablanmış böyük bir layihədir. O, Azərbaycanın qarşısında yeni üfüqlər açmış, ölkəyə geniş iqtisadi imkanlar yaratmışdır. "Əsrin müqaviləsi" çərçivəsində, yəni AÇG yataqlarından çıxarılan BTC- vurulan neftin gətirdiyi gəlirlər Azərbaycanda bir sıra sosial məsələlərin qısa müddətdə öz həllini tapmasında, ölkənin dünya iqtisadiyyatına inamla inteqrasiya etməsində böyük rol oynamışdır. Prezident İlham Əliyevin sözləri ilə desək, "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq".

BTC həm özündən sonra gələn qlobal layihələrə yol açıb. Əgər BTC ilə eyni dəhliz boyu "Şahdəniz" qazını daşıyan kəmər tikilməsəydi, bu gün Azərbaycan TANAP, TAP kimi layihələrə qovuşa bilməzdi. Bu ilin iyun ayında Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft qaz sərgisinin açılış mərasimində dövlət başçısı demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir başqa ölkələrə xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən logistika imkanlarından tam şəkildə istifadə edir".

Müəllifi Heydər Əliyev olan onun adını şərəflə daşıyan BTC ölkəmizi beynəlxalq enerji ailəsinə qovuşdurdu. Azərbaycana həm siyasi, həm iqtisadi uğurlar gətirdi.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 18 sentyabr.- S. 1.